Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.10.2021 14:12
  • A-
  • A
  • A+

Hüseyn Cavidin doğum günü qeyd olunub

Hüseyn Cavidin doğum günü qeyd olunub

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Cavidin əbədiyaşar söz sənəti daim insan mənəviyyatının zənginləşməsinə xidmət edib. Onun nəsillərə örnək olan zəngin və təkrarsız yaradıcılığı zaman keçdikcə daha çox aktuallıq kəsb edir. Dahi şairin lirik və dramaturji irsinə olunan müraciətlər, əsərlərinin dünya dillərinə tərcüməsi və ölkəmizdən kənarda da tədqiqi bunun bariz nümunəsidir.

Daha sonra natiq dünya şöhrətli şairin irsinin nəşri və tədqiqi, əsərlərindəki humanizm və demokratizm ideyalarının təbliği, xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən mühüm işlərdən danışıb, Hüseyn Cavidin Ev Muzeyinin bu istiqamətdə aparılan fəaliyyətin flaqmanı olduğunu diqqətə çatdırıb. 30 cilddə “Cavidşünaslıq” materiallarının nəşrinin son illərdə muzeydə yerinə yetirilən elmi-tədqiqat işləri içərisində xüsusi çəkiyə malik olduğunu bildirən G.Babaxanlı gələcəkdə də belə layihələrin davam edəcəyini və ədibin ev muzeyinin Cavid ideallarının daha geniş arealda yayılması üçün çalışacağını diqqətə çatdırıb.

Qeyd edək ki, dahi şairin anadan olmasının 139-cu ildönümü münasibəti ilə Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən onun adını daşıyan parkda yerləşən heykəlinin önünə əklil qoyulub və ədibin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: