Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2021 12:40
  • A-
  • A
  • A+

MEK-də Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib

MEK-də Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq yazıçısı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 110 illik yubileyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub.

İki həftə ərzində davam edəcək sərgidə görkəmli dramaturqun publisistik əsərləri, həmçinin onun haqqında yazılmış nəşrlər yer alır. Sərgilənən əsərlər sırasında oxucuların böyük marağına səbəb olacaq “Слияние Вод (Мирза Ибрагимов)”, “Книга моей жизни (Мирза Ибрагимов)”, “Наступит День (Мирза Ибрагимов)” və digərləri əhəmiyyəti ilə seçilir. MEK-in sərgi salonunda baş tutan sərgi karantin qaydalarının tələblərinə tam uyğun olaraq təşkil edilib.

Qeyd edək ki, Mirzə İbrahimovun ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunan şəxsi kolleksiyası da mövcuddur. 321 nüsxədən ibarət olan kolleksiyada Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin, Məmməd Arifin, Səməd Vurğunun, Əziz Şərifin, Əli Tudənin və Azərbaycanın digər ictimai xadimlərinin kitabları və onlar haqqında yazılan əsərlər, eləcə də müxtəlif mövzulu sənədlər və dəyərli nəşrlər yer alır. Kolleksiya MEK-in yardımçı fondunda saxlanılır. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşında akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri də Mirzə İbrahimov olub. AMEA-nın 15 təsisçisinin şərəfinə yaradılmış guşədə Mirzə İbrahimovun da büstü yer almaqdadır.

Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında olan Eyvaq kəndində dünyaya göz açıb. İlk şeiri “Qazılan buruq” 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində çalışan yazıçı “Zəhra”, “Azad”, “On iki dekabr”, “Qorxulu səs” adlı hekayələri, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanları, “Kəndçi qızı”, “Közərən ocaqlar”, “Məhəbbət” və digər pyesləri qələmə alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: