Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.10.2021 10:59
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi İli”nə həsr olunmuş layihənin təqdimatı keçirilib

“Nizami Gəncəvi İli”nə həsr olunmuş layihənin təqdimatı keçirilib

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Diasporuna Dəstək Fondunun yardımı ilə həyata keçirdiyi “Yeddi gözəl, yeddi mədəniyyət, yeddi planet” layihəsi çərçivəsində ərsəyə gətirdiyi video-diskin təqdimatı olub.

Təqdimat mərasimində İctimai Birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva layihənin əhəmiyyəti barədə məlumat verib.

Sonra universitetin rektoru, akademik Kamal Abdullayev Nizami Gəncəvi yaradıcılığının bəşəri əhəmiyyəti barədə danışıb, layihənin “Nizami ili”nə qiymətli töhfə olduğunu bildirib.

Nizaminin əsərindəki müdrik qadın qəhrəmanların müasir dövrümüzlə bağlılığını əks etdirən video-disk “Yeddi gözəl” poemasındakı numerologiya, həndəsə, astrologiya və rəng simvolizminə dair AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin təhlilləri ilə müşayiət olunur. Alimin qənaətinə görə, əsərdəki yeddi fərqli iqlimdən, ölkədən olan yeddi gözələ xas keyfiyyətlər müasir dövrdəki yeddi iqlimdən, yeddi ölkədən olan real qadın obrazlarında birləşir. Bütün bu keyfiyyətlərin ana xəttində isə Azərbaycan qadını obrazı dayanır.

Video-diskdə, həmçinin nizamişünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva əsərdəki müdrik şah obrazının xarakterik xüsusiyyətlərini qabardıb. Gənc qiraətçi Pərvanə Namazova “Yeddi gözəl”dəki yeddi hekayətin qısaldılmış variantını ifa edib.

Video-diskdə bütün bu müqayisə, təhlil və hekayətlər ingilis dilində subtitrlərlə müşayiət olunur. Məqsəd həmin diskləri xarici ölkə səfirliklərinə təqdim etmək, eləcə də “YouTube”da yerləşdirilərək, N.Gəncəvi dühasının böyüklüyünü bir daha göstərməkdir.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvü, fransız Filip Jüj təqdimat mərasiminə onlayn qoşularaq, layihə çərçivəsində toxuduğu Nizaminin yeddi gözəlini əks etdirən xalça barədə qısa məlumat verib.

Sonda “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin üzvü, tanınmış rəssam Nərminə Vəliyeva Nizaminin yeddi gözəlinin rəsmlərini, eləcə də böyük şairin portretini çəkərək layihə çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fonduna hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: