AMEA-nın Ədəbiyyat İnstitutunun elektron zalında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında hazırlanmış “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı kollektiv monoqrafiyanın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik İsa Həbibbəyli Azıx mağarasının tədqiqinə həsr edilmiş monoqrafiyanı yüksək qiymətləndirib. “Bu kitab düşərgəni kəşf etmiş arxeoloq Məmmədəli Hüseynovun Azıx mağarasında aparmış ilk tədqiqatlarından başlayaraq professor Əsədulla Cəfərovun rəhbəri olduğu son tədqiqatlarının nəticələrini əks etdirən məqalələrin ən qiymətli toplusudur. Bu, Azərbaycan arxeologiya elminin, tarix elminin mükəmməl bir “Azıxnamə”sidir. Torpaqlarımız azad edildikdən, Azıx mağarasının qaytarılmasından sonra bu mövzunun Azərbaycan alimləri tərəfindən elmi dövriyyəyə yenidən qaytarılması böyük elmi və ictimai əhəmiyyəti kəsb edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlarımıza səfərləri zamanı Azıx mağarası abidəsini ayrıca ziyarəti Azərbaycan alimləri qarşısında yeni və möhtəşəm vəzifələr qoydu. Professor Əsədulla Cəfərovun ərsəyə gətirdiyi bu kollektiv monoqrafiya Prezidentimizin qarşımızda qoymuş olduğu istiqamətdə atılmış ilk əhəmiyyətli addımlardan biridir. Bugünkü təqdimat mərasimi Azıx mağarası ətrafında tədqiqatlara dövlət başçısının çağırışlarına rəğmən yenidən qayıdışın uğurlu başlanğıcıdır”, - deyə akademik İ.Həbibbəyli vurğulayıb.
Akademik bildirib ki, gələn il Azıx mağarasına, işğaldan azad olunduqdan sonrakı müddətdə ilk arxeoloji ekspedisiya təşkil ediləcək. O, monoqrafiyanın böyük dəyərini bir daha qeyd edərək onu ərsəyə gətirmiş Əsədulla Cəfərova təşəkkürünü bildirib.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən professor Əsədulla Cəfərov deyib ki, Azıx bu gün dünyada yeganə paleolit düşərgəsidir. Azıxdan tapılmış daş alətlərin sayı 9757 ədəddir. Həmin materiallar arasında Quruçay mədəniyyətinə aid nümunələr aşkar edilib. Quruçay mədəniyyətinin tarixi 2 500 000 il əvvəldən başlamış 800 000 min əvvələ qədər davam edib. Quruçay və Köndələnçay sahilləri boyunca məskən salmış qədim insanlar Şərqi Afrikadan tədrici axınla miqrasiya ediblər. Tapılmış maddi mədəniyyət nümunələri əsasında biz qədim insanların şüurunun inkişafı mərhələlərini, bitki və heyvan qalıqları vasitəsilə bölgənin qədim flora və faunasını öyrənirik. 2001-ci ildən başlayaraq İtaliya, Fransa, Niderland və digər ölkələrin alimləri İNTAS beynəlxalq tədqiqat layihəsini yaradıb və onlar Azərbaycana səfər edərək Azıxdan tapılmış arxeoloji, paleontoloji və morfoloji materiallarla tanış olublar.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz ötən il noyabrın 8-də Şuşa şəhərini, noyabrın 9-da Azıx paleolit yaşayış məskənini azad etdi. 33 il sonra Azıx mağarasını ziyarət etdim. Kədər və eyni zamanda, qürur hissləri qəlbimi doldururdu. Nəinki Azıx, bütün Qarabağımız bəşəriyyətə məxsus bir abidədir. Bundan sonra da həyatımın qalan hissəsini yenə də elmə sərf edəcəyəm. 2017-ci ildə nəşr edilmiş “Qarabağın paleolit düşərgəsi” adlı əsərim bir çox ölkələrin, o cümlədən Harvard Universiteti kitabxanasının fonduna daxil edilib. İndi mən “Qarabağda nələr gördüm?” adlı bir əsər üzərində işləyirəm”, - deyə professor Əsədulla Cəfərov çıxışını yekunlaşdırıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri tarix elmləri doktoru, professor İradə Hüseynova tələbəlik dövründə Azıx mağarasında Məmmədəli Hüseynovun rəhbərliyi altında ekspedisiyada iştirakı barədə xatirələrini bölüşüb.
Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, İqtisadiyyat İnstitutu Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev, Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov, tarix elmləri doktoru professor Şahin Fərzəliyev monoqrafiyanın elmi əhəmiyyətindən söz açıb və böyük zəhmətinə görə professor Əsədulla Cəfərova təşəkkür ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.