Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.11.2021 12:04
  • A-
  • A
  • A+

Folklorşünas alimlər Türkiyədə keçirilən tədbirə qatılıblar

Folklorşünas alimlər Türkiyədə keçirilən tədbirə qatılıblar

Türkiyənin Sivas şəhərində "İki dövlət, bir millət" mövzusunda şeir yarışması və 14-cü Sivas aşıqlar bayramı keçirilib.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun əməkdaşlarından f.ü.f.d.,dos. Qalib Sayılov, f.ü.f.d.,dos. İlhamə Qəsəbova, f.ü.f.d.,dos. Şakir Albalıyev və şair-publisist Mahir Cavadov iştirak ediblər.

Tədbirin ilk günü Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız azərbaycanlı alimlərlə görüşü zamanı Bakı Dövlət Universitetinin Sivas Cümhuriyyət Universiteti ilə birgə təşkil etdikləri konfranslardan, İmadəddin Nəsimiyə həsr edilmiş simpoziumdan söz açıb. Rektor bildirib ki, Qarabağ qaziləri, şəhid ailələri və yaxınları sözügedən universitetdə təmənnasız təhsil alırlar.

Daha sonra çıxış edən Sivas Bələdiyyəsinin sədri Hilmi Bilgin Azərbaycan-Türkiyə qardaşlığından, ölkələr arasındakı mədəni, ictimai-siyasi əlaqələrdən geniş bəhs edib.

Sözügedən gecənin açılış mərasimində tədbirin Azərbaycan üzrə koordinatoru, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edib. O, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun salamlarını çatdıraraq tədbirin əhəmiyyətinə, Azərbaycan-Sivas Cümhuriyyət Universiteti arasında təhsil əlaqələrinə və aşıq sənətinə diqqət çəkib. İ.Qəsəbova çıxışı zamanı 44 günlük Vətən müharibəsində göstərdikləri dəstək üçün qardaş ölkəyə təşəkkürünü də ifadə edib.

Tədbirdə Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldıza, Sivas Bələdiyyəsinin sədri Hilmi Bilginə, SİFAHOD sədri Ahmet Ayıka və ESAS-Der sədri Şahamettin Kuzuculara üzərində Qarabağın, Şuşanın və Xarıbülbülün yer aldığı simvolik hədiyyələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: