AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycanda etno-milli və regional kimliyin inkişafı strategiyası” adlı məqaləsi ABŞ-da nəşr olunan nüfuzlu beynəlxalq “İdarəetmə Siyasəti və Təcrübəsi Jurnalı”nda (“Journal of Management Policy and Practice” (JMPP)) çapa qəbul edilib.
Bununla bağlı JMPP-nin təsisçisi Dr. Adam Davidson və təsisçi və baş redaktoru Dr. David Smith X.Quliyevaya məktub göndərib.
Məktubda sözügedən jurnala 2022-ci ilin qış buraxılışı üçün məqalələrin qəbuluna başlanıldığı, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycanda etno-milli və regional kimliyin inkişafı strategiyası” adlı məqaləsinin nəşrin redaksiya heyətinin üzvü tərəfindən bəyənilərək çap üçün tövsiyə edildiyi vurğulanıb.
Həmçinin məktubda jurnal haqqında məlumat verilib, vəsaitin idarəetmə nəzəriyyəsi, təcrübəsi və siyasəti istiqamətində ixtisaslaşdığı qeyd olunub. Bildirilib ki, jurnalın 2020-ci il üçün h-indeksinin təsir faktoru 11-dir və o, “Cabell's Periodicals Directory”, “UMI-Proquest”, “ABI Inform”, “EBSCO Host”, “Google Scholar” bazalarında indeksləşdirilib. Eyni zamanda “Ulrich” dövri nəşrlər siyahısına, “Boukers” nəşriyyat resurslarına, ABŞ Konqres Kitabxanasına, Kanada Milli Kitabxanasına və Avstraliyanın Təhsil Elmi və Təlim Departamentinə daxildir. Məqsədli qəbul sərhədləri isə 14-19 faiz arasındadır.
Nəşrin redaksiya heyətinin məktubuna cavab olaraq azərbaycanlı alim sözügedən məqaləsini jurnala göndərib və çapa qəbul edilib.
Qeyd edək ki, X.Quliyevanın “Azərbaycançılıq ideologiyasından multikuluralizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz” adlı məqaləsi ötən il, “Süni intellektin tarixi, metodologiyası və hipotezi” adlı məqaləsi isə cari ildə ABŞ-da nəşr olunan, dünyanın bir sıra nüfuzlu elmi indekslərinə daxil edilmiş “China-USA Business Review” jurnalında işıq üzü görüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.