Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2021 17:45
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsinin müəssisələri hesabat verib

AMEA-nın Naxçıvan Bölməsinin müəssisələri hesabat verib

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya və İncəsənət, Dil və Ədəbiyyat institutlarının 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

İclası açan bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxışında hesabat ili ərzində hər iki müəssisənin fəaliyyətinə nəzər salıb, il ərzində görülən mühüm işlərdən bəhs edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli yığıncaqda institut əməkdaşlarının 2021-ci ildəki fəaliyyəti haqqında məruzə edib. Məruzədə bildirilib ki, cari institutda 1 akademik, 2 AMEA-nın müxbir üzvü, 1 elmlər doktoru, 8 fəlsəfə doktoru, 3 dissertant 1 problem, 1 mövzu ətrafında 8 iş üzrə 15 mərhələdə tədqiqat aparıb. İl ərzində institut əməkdaşlarının 8 monoqrafiyası, 3 kitabı, 1 kitabçası, 102 elmi məqaləsi və 43 konfrans materialı çap olun­ub, 2 xəritə tərtib edilib. Elmi əsərlərdən 3 monoqrafiya, 22 məqalə və 22 konfrans materialı xa­ricdə işıq üzü görüb. Qeyd olunub ki, 11 elmi məqalə nüfuzlu impakt faktorlu jurnallarda nəşr edilib. Əməkdaşların əsərlərinə il ərzində 481 istinad qeydə alınıb. Müəssisədə Naxçıvanın ictimai-siyasi və sоsial-iqtisadi tari­xi­nin öyrənilməsi prob­lemi üzrə bir mühüm nəticə əl­də edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illi­yi­nin keçirilməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Qars müqaviləsi və Nax­çıvan” mövzusunda elmi araşdırmalar aparılıb, institut əməkdaşlarının iştirakı ilə Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar elmi məqalələr hazırlanaraq “Naxçıvan” jurnalında çap olunub. Bundan əlavə, AMEA-nın Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələ­ləri üzrə Dövlət Xidməti ilə birgə Naxçıvan Muxtar Respub­likasının Moskva və Qars müqavilə­ləri ilə təsbit olunmuş ərazilərinin xəritələrini hazır­layıb.

Alimin sözlərinə görə, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən “Şərq qapısı” qəzetinin 100 illiyi ilə əlaqədar hazırlanan kitab üçün Naxçıvanın tarixi, abidələri, epi­qra­fikası və etnoqrafiyasına dair müxtəlif dövrlərə aid məqalələr hazırlanıb. İnstitutda Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi Sədrinin “2018-2022-ci illərdə Naxçı­van Muxtar Res­publikasında turizmin inki­şafına dair Döv­lət Proqramı”nın təsdiq edil­məsi haqqında” və “Nax­­çı­van Muxtar Respubli­ka­sında xalça sənətinin qo­run­masına və inkişaf etdirilmə­sinə dair 2018-2022-ci illər üçün Döv­lət Pro­qramı”nın təsdiq edil­məsi haqqında” sə­rən­camlarına əsa­sən aparılan tədqiqatların nəticələri müxtəlif nüfuzlu jurnal­larda və mətbuu orqanlarda dərc olunub.

Hesabat dövründə institut əməkdaşları 17 beynəlxalq tədbirdə, 9 respublika konfransında, 18 muxtar respublika tədbirində, oxunması zə­ru­ri olan bir kitabın müzakirəsində, 4 monoqrafiya təqdimatında, bölmədə keçirilən 12 konfrans və tədbirdə çıxış ediblər. İctimai fəallıq nümayiş etdirən institut əməkdaşları müxtəlif qəzet və informasiya portallarında 63 mə­qа­­lə dərc etdirib, müsahibə verib, çoxsaylı veriliş və sənədli filmlərin çəkilişində məsləhətçi olublar.

H.Səfərli nəzərə çatdırıb ki, institutun nəzdindəki Arxeologiya və Etnoqrafiya Muzeyinin fondunda qorunan maddi-mədəniyyət nümunələrinin bir qismi inventarlaşdırılıb. İnstitutun 3 əməkdaşı 4 interaktiv, 1 açıq dərs aparıb. Professorlar H.Səfərli və V.Baxşəliyevin muxtar respublika məktəbliləri ilə görüşləri keçirilib, Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən tələbələri üçün seminarlar təşkil olunub. “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində elmi rəhbərlərin göstərişləri əsasında məktəblilər tədqiqat mövzuları üzrə araşdırmalara cəlb olunub.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov qurumun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatını təqdim edib. O bildirib ki, cari ildə institutda 1 problem üzrə, 1 mövzunu əhatə edən 7 iş 18 mərhələdə yerinə yetirilib. Tədqiqatlar 1 nəfər AMEA-nın müxbir üzvü, 12 fəlsəfə doktoru və 5 dissertant tərəfindən aparılıb.

2021-ci ildə institut əməkdaşlarının 2 monoqrafiya, 144 elmi məqalə, 39 konfrans materialı və 3 tezis olmaqla, ümumilikdə 188 elmi əsəri çap edilib. Əsər­lərdən 14 elmi məqalə, 9 konfrans materialı və tezislər xaricdə çapdan çıxıb. Məqalələrdən 2-si impakt fak­tor­lu jurnallarda nəşr edilib. İnstitutun təsis etdiyi “Axtarış­lar” jurnalı­nın 4 nömrəsinin nəşri təmin edilib, elmi əsərlərə 42 isti­nad qeydə alınıb.

Bildirilib ki, tədqiqatçılar ölkə mətbuatında müxtəlif mövzulu 235 məqаlə dərc etdirib, müxtəlif televiziya verilişlərində aparıcı, yaxud qonaq qismində iştirak ediblər. “Şərq qapısı” qəzetinin 100 illiyi ilə bağlı hazırlanan kitab üçün Naxçıvan ədəbi mühiti, folkloru, teatrı və dil məsələlərinə dair müxtəlif dövrlər üzrə məqalələr hazırlanıb.

İnstitutda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yu­­bi­­leyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq “Aşıq Ələsgər və Naxçıvan” mövzusunda elmi araşdırmalar aparılıb, el­mi və publisistik məqalələr çap olunub. AMEA Naxçıvan Bölməsinin “El­mi əsər­lər” jurnalının xüsusi nömrəsi Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilib.

Dosent Ə.Qasımov diqqətə çatdırıb ki, hesabat dövründə institut əməkdaşları 15 beynəlxalq tədbirdə, 3 respublika tədbirində, 13 muxtar respublika tədbirində, oxunması zə­ru­ri olan 3 kitabın müzakirəsində, 3 kitab və monoqrafiyanın təqdimatında, böl­mə­də ke­çirilən 13 konfrans və tədbirdə məruzələr ediblər. Həmçinin institut tərəfindən hamiliyə götürülən tələ­bə­lər ilə birgə tədbirlər həyata keçirilib, muxtar respublika məktəbliləri üçün interaktiv dərslər keçilib.

O cümlədən Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində aparılan araşdırmalar sayəsində uğurlu nəticələr əldə olunub.

Məruzələrin ardınca akademik İsmayıl Hacıyev hər iki müəssisənin üç illik göstəricilərini müqayisə edib, təklif və tövsiyələrini bildirib.

Sonda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev çıxış edərək hər iki müəssisənin hesabatını qənaətbəxş qiymətləndirib və hesabatın qəbul olunmasını təklif ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: