8 dekabr 2021-ci il tarixində Azərbaycan elminə ağır itki üz vermişdir. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdində Antropologiya Mərkəzinin baş elmi işçisi, tarix elmləri doktoru Aydın Balayev vəfat etmişdir.
Aydın Hüseynəli oğlu Balayev 19 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş, 1982-ci ildən AMEA-nın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya sektorunda çalışmağa başlamışdır. 1988-ci ildə namizədlik, 2001-ci ildə isə doktorluq işini müdafiə etmişdir.
Aydın Balayevin Azərbaycan etnoqrafiya elminin inkişafında müstəsna rolu olmuşdur. Tədqiqat işlərinin nəticələri tərtib etdiyi elmi hesabatlarda, 100-ə yaxın elmi əsərdə, bir neçə monoqrafiyada öz əksini tapmışdır.
Aydın Balayevin xatirəsi onu sevənlərin və tələbələrinin qəlbində daim yaşayacaqdır.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyi və əməkdaşları mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərlərini bölüşdüklərini bildirirlər.
Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.