Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2021 16:57
  • A-
  • A
  • A+

“Böyük gələcəyə aparan Heydər Əliyev yolu” mövzusunda elmi sessiya keçirilib

“Böyük gələcəyə aparan Heydər Əliyev yolu” mövzusunda elmi sessiya keçirilib

Dekabrın 10-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Böyük gələcəyə aparan Heydər Əliyev yolu” mövzusunda elmi sessiya keçirilib.

Muzeyin baş direktoru, akademik Rafael Hüseynov sessiyanı giriş nitqi ilə açaraq, milli dövlətçilik tarixində xüsusi bir mərhələni təşkil etmiş Heydər Əliyev siyasi təfəkkürünün, ideologiyasının müasir Azərbaycanın iqtisadi, mədəni, geosiyasi dirçəlişindəki mühüm rolundan danışıb, bu uzaqgörən siyasətin xalqın milli özünüifadə və milli qürur hissinin yüksəlişində də danılmaz amil olduğunu vurğulayıb.

Akademik Azərbaycanın bütün dövlərdə qazandığı tarixi şəxsiyyətlər, xalqın önündə gedən liderləri baxımından XX əsrin xüsusilə fərqləndiyini qeyd edib, Heydər Əliyevin bu şəxsiyyətlər sırasında Azərbaycan tarixində silinməz izlər qoymuş görkəmli dövlət xadimlərindən olduğunu bildirib.

“Heydər Əliyev böyük qüdrəti, genişmiqyaslı düşüncəsi, dərin zəkası ilə Azərbaycanı çətin vəziyyətlərdən çıxarmağı bacarmış, istiqlalımızı qoruyaraq onu XX əsrdən XXI əsrə ötürməyə müvəfəq olmuşdur, - deyən R.Hüseynov müasir Azərbaycan dövlətinin Ulu Öndərin əsəri olduğunu vurğulayıb.

R.Hüseynov Ulu Öndərin Azərbaycanın gələcək quruculuğu üçün gördüyü işlərdən bəhs edib, ölkəmizdə bütün sahələr üzrə yüksəkixtisaslı kadrların yetişdirildiyini söyləyib.

“Yaradıcı ruha sahib olan Heydər Əliyev digər məziyyətləri ilə yanaşı, həm də ədəbiyyata və mədəniyyətə xüsusi maraq göstərmişdir”, - deyə bildirən akademik əlavə edib ki, məhz bu səbəbdən Ümummilli Liderin Moskvadan qayıtdıqdan sonra üz tutduğu ilk ünvanlardan biri də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub.

Natiq bildirib ki, mübarizəli, zəfərli və gərgin, hadisələr və insanlarla dolu bir həyat yaşamış Ulu Öndər Heydər Əliyev ömrü boyu zəfərlərə doğru pillə-pillə irəliləyib. Ümummilli Liderə həyatının müəyyən anlarında yüksəlişlərinin qarşısını almaq üçün maneələr yaradılsa da, dahi şəxsiyyət yolundan dönmədən sabahlara doğru inamla addımlayıb.

Elmi sessiyada Nizami Muzeyinin əməkdaşları da məruzələrlə çıxış ediblər.

Muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı “Ədəbiyyat Heydər Əliyev siyasi xəttinin mühüm tərkib hissəsi kimi” adlı məruzə ilə çıxış edib. “Ulu Öndər fəaliyyətinin müxtəlif dövrlərində ədəbiyyata, teatr, kino, musiqi sənətinə dövlət qayğısını əsirgəməmişdir”, - deyə qeyd edən məruzəçi bildirib ki, Azərbaycan dilinin dövlət dili elan edilməsi, ədəbiyyat, mədəniyyət və elm xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsi, onların ev muzeylərinin açılması, abidələrinin ucaldılması Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi sevgi və qayğının bariz nümunəsidir.

Onun sözlərinə görə, Ulu Öndərin öz çıxışlarında, məruzələrində, ədəbiyyatla bağlı söylədiyi fikirlərdə milli ədəbiyyatımız haqqında mülahizələri, elmi qənaətləri, bir oxucu kimi bu əsərləri düzgün təhlil etməsi onun ədəbi-bədii irsimizə dərindən bələd olmasından irəli gəlirdi.

Ölkəmizdə muzey işinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən T.Babanlı Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil muzeylərinin yaradılmasının məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi olduğunu vurğulayıb.

O qeyd edib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Şuşada Molla Pənah Vaqifin məqbərəsini bərpa etdirməsi, yenidən Vaqif poeziya günlərini, “Xarıbülbül” festivalını keçirməsi, tarixi abidələrimizi bərpa və təmir etdirməsi, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün erməni qəsbkarları tərəfindən güllələnmiş heykəllərini doğma Qarabağa qaytarması Ulu Öndərin ideyalarına sədaqətin təsdiqi, dövlətimizin bütövlükdə Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə verdiyi yüksək dəyərin təzahürüdür.

Muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, muzeyin Qadınlar təşkilatının sədri Sevinc Heydərova tədbirdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli Lider Azərbaycan ədəbiyyatına, klassik irsə hər zaman yüksək qiymət verib, ədəbiyyatımızın məhz zəngin milli düşüncə və qəhrəmanlıq tarixi üzərində yüksəldiyini vurğulayıb.

Məruzəçinin sözlərinə görə, Heydər Əliyev çıxışlarında ədəbiyyatımızın çoxəsrlik tarixinin “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngin olduğunu bildirib.

S.Heydərova qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ədəbiyyatımızın dahi şəxsiyyətlərinə göstərilən ehtiramın nümunəsi olaraq onların yubileylərinin keçirilməsi və digər genişmiqyaslı tədbirlərin görülməsi ənənəsi bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Əlavə edib ki, “Nəsimi ili”, “Nizami ili”nin elan edilməsi,  Molla Pənah Vaqifin 300 illiyi, Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi kimi tədbirlər görülən işlərə bariz nümunədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: