AR Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani ölkədə həyata keçirilən dövlət siyasətinin elm və təhsil sahəsinin inkişafına mühüm töhfələr verdiyini bildirib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və dövətimizin müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra isə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə iştirak edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında müasir müstəqil Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi sabitlik və sosial rifah dövrünü əhatə edən bütöv bir inkişaf mərhələsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. O bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmləndirilib, dövlətçilik ənənələri daha da gücləndirilib, ölkənin beynəlxalq nüfuzu yüksəlib.
Bəxtiyar Nəbiyev çıxışında Heydər Əliyevin elm və təhsilə göstərdiyi xüsusi diqqətdən də bəhs edib. Qeyd olunub ki, Ulu Öndər ölkənin intellektual potensialının inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirərək minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına şərait yaradıb. Məhz bu siyasətin nəticəsində ölkənin müxtəlif sahələrində peşəkar milli kadrlar formalaşıb, elmi məktəblər inkişaf edib və Azərbaycanın gələcək inkişafının möhkəm intellektual təməli qoyulub.
Zaur İmrani son dövrlərdə ölkədə həyata keçirilən elmi islahatlar, elmi müəssisələrin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb. O qeyd edib ki, elmi potensialın gücləndirilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi və gənc alimlərin dəstəklənməsi istiqamətində görülən işlər elmi müəssisələrin fəaliyyətində yeni inkişaf mərhələsi formalaşdırıb.
Elmi kadr hazırlığı sektorunun müdiri coğrafiya üzrə fəlsəfə doktoru Museyib Yunusov institutda elmi kadr hazırlığı sahəsində görülən işlərdən bəhs edib. O bildirib ki, Coğrafiya İnstitutu ölkənin coğrafiya elmi üzrə aparıcı elmi mərkəzlərindən biri kimi yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi önəm verir. Eyni zamanda, müasir elmi yanaşmaların tətbiqi, xarici elmi müəssisələrlə əməkdaşlıq və yeni nəsil alimlərin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Tədbirin sonunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin moderatorluğu ilə institutun Yeni Azərbaycan Partiyasının ilk ərazi partiya təşkilatının sədri və sədri müavini seçkiləri keçirilib. Coğrafiya İnstitutu PHŞ-nin direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmraninin Yeni Azərbaycan Partiyasının ilk ərazi partiya təşkilatının sədri, Həmdulla Əliyevin isə sədr müavini vəzifəsinə namizədlikləri irəli sürülüb. Səsvermə prosesində təklif iştirakçılar tərəfindən yekdilliklə dəstəklənərək qəbul edilib.
Yeni seçilən ərazi partiya təşkilatının sədri Zaur İmrani çıxış edərək ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, gənclərin irəli çəkilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi tərəqqinin təmin edilməsində böyük xidmətlər göstərib.
Sədr müavini vəzifəsinə seçilən Həmdulla Əliyev qeyd edib ki, partiyanın əsas prinsiplərinə sadiq qalaraq institut əməkdaşları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, gənc alimlərin ictimai fəallığının artırılması və elmin inkişafına töhfə verəcək təşəbbüslərin dəstəklənməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
Tədbirdə çıxış edən biologiya üzrə fəlsəfə doktoru Zaman Məmmədov və Məhbubə Fətullayeva Yeni Azərbaycan Partiyasının ölkədə sabitliyin, inkişafın və milli həmrəyliyin təmin olunmasında əvəzsiz rol oynadığını vurğulayıblar. Natiqlər yeni seçilmiş rəhbərliyi təbrik edərək, institutun elmi mühitində sağlam əməkdaşlıq, yüksək təşkilatçılıq və yeni təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər.