Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.07.2026 18:27
  • A-
  • A
  • A+

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

İyulun 22-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

Akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib. O, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev və digər görkəmli ziyalıların mətbuat ənənələrinin formalaşması və inkişafında mühüm xidmətlər göstərdiklərini bildirib.

Azərbaycanın Türk dünyasında milli mətbuatın, teatr və opera sənətinin təşəkkül tapdığı ilk ölkələrdən biri olduğunu vurğulayan alim milli mətbuatın banisi Həsən bəy Zərdabini bütün Türk dünyasının dahi mütəfəkkiri və Azərbaycan jurnalistlərinin mənəvi rəhbəri kimi dəyərləndirib.

AMEA rəhbəri qeyd edib ki, milli mətbuat Azərbaycan dilinin saflığının qorunması, xalqın milli-mənəvi dəyərlərinin yaşadılması, ictimai fikrin formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı tarixi qərarının ölkədə azad mətbuatın və demokratik mühitin inkişafına güclü təkan verdiyini söyləyib. Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət dəstəyi və diqqətin ardıcıl şəkildə davam etdirildiyini bildirib, bu baxımdan Şuşada keçirilən IV Qlobal Media Forumunun əhəmiyyətini xüsusi qeyd edib.

O, həmçinin Akademiyada və ali təhsil müəssisələrində fəaliyyət göstərən çoxsaylı elmi jurnalların elmi fikrin, maarifçiliyin və elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynadığını deyib. Vurğulayıb ki, müstəqillik illərində elmi, dövlət, maarifçi, uşaq və digər ixtisaslaşmış media orqanlarının formalaşması ölkəmizdə mətbuatın inkişaf etdiyini və demokratik cəmiyyət quruculuğunun mühüm göstəricilərindən biri olduğunu təsdiqləyir. Akademik İsa Həbibbəyli bu gün milli mətbuatın elmin təbliğinə, cəmiyyətin maariflənməsinə və Azərbaycanın inkişafının işıqlandırılmasına mühüm töhfələr verməkdə olduğunu diqqətə çatdırıb.

Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd çıxış edərək Ədəbiyyat İnstitutunda milli mətbuat irsinin qorunması və tədqiqi istiqamətində həyata keçirilən mühüm layihələr barədə məlumat verib. Qeyd edib ki, institut tərəfindən “Məktəb”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” və digər tarixi dövri mətbuat nümunələri müasir Azərbaycan əlifbasına transliterasiya olunub, bir sıra nəşrlər üzərində isə işlər davam etdirilir. O, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə hazırlanaraq nəşr olunan “Molla Nəsrəddin” ensiklopediyasını Azərbaycan elmi və mətbuat tarixində mühüm hadisə kimi dəyərləndirib və bu nəşrin milli mətbuat irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu , “525-ci qəzet”in baş redaktorunun müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli, o cümlədən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolundan, cəmiyyətin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlarda müasir dövrdə medianın qarşısında duran vəzifələrdən, peşəkar jurnalistikanın inkişafının, eləcə də elm və media əməkdaşlığının əhəmiyyətindən danışılıb, milli mətbuat ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

Daha sonra çıxış edən AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov Azərbaycan milli mətbuatının 151 illik zəngin ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib. O, AMEA-nın ictimaiyyətlə əlaqələr və media sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verərək Akademiyanın elmi nailiyyətlərinin Science.gov.az portalı, “Elm” qəzeti, “Elm və həyat” jurnalı, Elm TV və sosial media platformaları vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırıldığını diqqətə çatdırıb. Bildirib ki, şöbə tərəfindən elmi tədbirlərin informasiya təminatı, foto və video çəkilişləri, press-relizlərin hazırlanması, alimlərin media ilə əlaqələrinin təşkili və elmi müəssisələrin ictimaiyyətlə əlaqələr fəaliyyətinin koordinasiyası ardıcıl şəkildə həyata keçirilir.

Ağahüseyn Şükürov, həmçinin son illər AMEA-nın sosial media fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulduğunu qeyd edib. Şöbə müdiri media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: