AMEA-nın Tarix İnstitutu ilə Polşanın Rzeszovski Universiteti arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Rzeszovski Universitetinin əməkdaşı, “Qafqaz” jurnalının baş redaktoru Dariuş Popek, Polşanın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi bölmə üzrə birinci müavini Bartosz Musialovicz, Tarix İnstitutunun Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsinin müdiri Tofiq Mustafazadə, Orta əsrlər tarixi şöbəsinin müdiri Tofiq Nəcəfli, Beynəlxalq münasibətlər və diaspora tarixi şöbəsinin əməkdaşı Şəhla Məmmədli iştirak ediblər.
Tədbiri giriş sözü ilə institutun baş direktoru Kərim Şükürov açıb. O, əvvəlcə qonaqlara sözügedən elmi müəssisənin tarixi barədə məlumat verib. Kərim Şükürov bildirib ki, Tarix İnstitutu milli tarixin öyrənilib doğma xalqa çatdırılması sahəsində zəngin inkişaf yolu keçib. Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılıb. Bununla əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək elmi tədqiqat institutunun - bu günkü A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulub.
Daha sonra çıxış edən Rzeszovski Universitetinin əməkdaşı, “Qafqaz” jurnalının baş redaktoru Dariuş Popek bugünkü əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan-Polşa münasibətlərindən də danışan D.Popek qeyd edib ki, imzalanan sənətdə qarşılıqlı fəaliyyətin təşkili, müştərək tədqiqat və layihələrin həyata keçirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi kimi məsələlər nəzərdə tutulur.
Yığıncaqda Polşanın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi bölmə üzrə birinci müavini Bartosz Musialovicz çıxış edərək, əməkdaşlığın daha da inkişafı üçün səfirlik tərəfindən bütün imkanların yaradılacağını qeyd edib.
Sonda Tarix İnstitutu ilə Polşanın Rzeszovski Universiteti arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, iki ölkə arasındakı qarşılıqlı əlaqələrin tarixi qədimdən müasir dövrədək araşdırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.