Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə yaxından tanış olublar.
MEK-lə tanışlıq çərçivəsində icraçı direktor, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı tələbələrlə görüşüb. İcraçı direktor kitabxana ilə tanışlığın tələbələrdə kitaba və mütaliəyə olan maraqlarının daha da artacağına ümid etdiyini bildirib.
MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova tələbələri oxucuların kitabxanaya qeydiyyatı, e-kataloqdan kitab sifariş etməyin qaydaları barədə məlumatlandırıb, mütəmadi olaraq müxtəlif elmi mövzulu sərgilərin keçirildiyi Sərgi salonu, Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsində əməyi keçən 15 akademikin büstlərindən ibarət qalereya ilə tanış edib.
Ekskursiya müddəti tələbələr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət olan zəngin irsini toplayaraq, yerli və dünya oxucularına təqdim edən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Azərbaycan kitabxanaları tarixində ilk olan I Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşlərinin, 44 günlük Vətən savaşının şəhid, qazi və iştirakçıları barədə məlumatların yer aldığı “Qarabağ müharibəsi qəhrəmanları” fondu, xüsusi mühafizə şəraitində saxlanılan və respublika kitabxanaları arasında ən qədim ədəbiyyatların mövcud olduğu Nadir və qiymətli nəşrlər şöbəsi, dünyanın müxtəlif ölkələrindən kitabxanaya hədiyyə edilən nəşrlərin yer aldığı Diplomatik fondla tanış olublar.
Qeyd edək ki, MEK-də mövcud olan nadir nüsxəli elmi nəşrlər, həmçinin kitabxananın geniş və gözoxşayan işıqlı oxu zalları tələbələrdə böyük maraq yaradıb və onlarda oxumağa olan həvəsi daha da artırıb. MEK adından tələbələrə müxtəlif elm sahələrini əhatə edən kitablar da hədiyyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.