Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır
24.12.2021 16:35
  • A-
  • A
  • A+

Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır

İllərdir ölkəmizə qarşı nümayiş etdirilən ədalətsiz mövqe, haqlı ilə haqsıza bərabər yanaşma kimi çirkin ikiüzlü siyasi münasibətlər torpaqlarımızın uzun illər düşmən tapdağında qalmasına rəvac verdi. Lakin dəmir siyasi iradə, dövlət-xalq həmrəyliyi, Prezidentə inam və orduya mənəvi dəstək 44 günlük Vətən müharibəsinin mütləq şəkildə qələbəmizlə yekunlaşmasını təmin etmiş oldu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, vətən torpaqları işğaldan azad edilərək tarixi ədalət bərpa olundu.

Ölkəmiz öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində tətbiqini gözləyən, tozlanmış məlum qətnamələrinin icrasını reallığa çevirdi. Xalqımızın şərəf, qürur və heysiyyatını alçaltmağa çalışan mənfur düşmən layiq olduğu cavabı artıqlaması ilə aldı, ədalət zəfər çaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətən, millət və bayraq sevgisi ilə böyüyən yeni nəsil, döyüşçü ruhlu, rəşadətli Azərbaycan Ordusu düşmən üzərinə şığıyaraq haqqı olanı geri aldı, illərlə düşmən tapdağında inildəyən vətən torpaqlarını canı və qanı bahasına işğaldan azad etdi.

Prezident İlham Əliyev həm müdrik siyasi lider, həm də dəmir iradəli Ali Baş Komandan kimi ona qarşı yönələn hədsiz təhdid və ağır təzyiqlərə rəğmən, bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi.

Azərbaycan Ordusunun önündə aciz duruma düşən qarı düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şanlı qələbə yürüşümüzün əsas hədəfi, yekun mərhələsi olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün isə xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq - 8 Noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü.

Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Regionda yeni əməkdaşlıq imkanlarına yol açacaq yeni reallıqlar yarandı. Bu reallıqları isə Azərbaycan, onun Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı.

Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran ən başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manat sərf edilmiş, gələn ilin dövlət büdcəsindən isə 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bunun real nəticəsidir ki, müharibənin bitməsindən cəmi bir il keçməsinə baxmayaraq azad olunmuş ərazilərdə köklü şəkildə bərpa və quruculuq işləri həyata keçirilmiş, yeni yollar salınmış, kommunikasiya xətləri çəkilmiş, həyati əhəmiyyətli inzibati infrastruktur obyektləri tikilmiş, bir sözlə bölgəyə yeni həyat, yeni nəfəs gəlmişdir. Hal-hazırda bölgənin gələcək inkişafını və ən müasir şəkildə təşkilini nəzərdə tutan bir sıra əhəmiyyətli layihələrin icrası davam etdirilməkdədir.

Belə ki, 2021-ci ildə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı, aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı və gələcəkdə inşası nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün yeni və geniş imkanlar açır.

Eyni zamanda cari ilin oktyabrın 26-da, Prezident İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılmışdır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki ümumi uzunluğu 124 kilometr olan bu yol Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Həmçinin strateji əhəmiyyətə malik avtomobil yolu ilə yanaşı inşası nəzərdə tutulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti də əhəmiyyətli hadisədir. Bu dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır.

Ümumilikdə isə ikinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir. Belə ki, Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması buna bariz nümunədir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. 10 noyabr 2020-ci il tarixində bütün hərbi əməliyyatların dayandırılması elan edilməsi ilə bağlı üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin, Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Beləliklə dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcəkdir. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, oradan isə Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirmək ölkəmizin qazanacağı növbəti tarixi zəfəri olacaqdır.

Ölkə başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi: “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır... Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir”.

Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər görülməkdədir. Eyni zamanda bu dəmir yolu, azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaqdır. Ümumilikdə isə işğaldan azad olunan torpaqlarda inşa olunan hər bir yol və gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətə malik hər bir layihə regionun tranzit və logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcəkdir.

Məlumdur ki, bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında önəmli rola malikdir. Belə ki, Qədim İpək Yolu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat və Trans-Xəzər tranzit dəhlizləri vasitəsilə Çin ilə Avropa arasında “mühüm körpü” rolunu oynayır. Bu baxımdan Zəngəzur dəhlizi də ölkəmiz üçün, onun gələcək nəqliyyat və logistik imkanlarının daha da genişlənməsi baxımından olduqca mühüm əhəmiyyətə malik olacaqdır.

Bu gün artıq post-münaqişə dövründə Zəngəzur dəhlizi dövlətimizin strateji hədəf və maraqları çərçivəsindədir. Bu layihə təkcə ölkəmiz üçün deyil, ümumilikdə region ölkələrinə böyük fayda gətirməklə, beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu əhəmiyyətli dərəcədə artıracaq, Qafqazı əhəmiyyətli logistik mərkəzə çevirəcəkdir. Eyni zamanda bu layihə region ölkələrinin, bu layihəyə qoşulacaq və onun imkanlarından yararlancaq digər tərəfdaş ölkələrin maraqlarına, onların sosial-iqtisadi inkişafının və xalqlarının həyat rifahının yüksəlməsinə də xidmət etmiş olacaqdır.

Cənab Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışında vurğuladığı kimi: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

İllərdir dövlət səviyyəsində dəstəklənən və təbliğ edilən faşizm ideologiyası və ifrat torpaq tamahkarlığı ilə qonşu ölkələrə qarşı bitib-tükənməyən ərazi iddialarının ağır nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı hələ də öz tənəzzül dövrünü yaşamaqdadır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün strateji xətt, həyata keçirilən sistematik siyasi-iqtisadi kurs sayəsində işğalçı Ermənistan bütün mühüm beynəlxalq əhəmiyyətə malik regional layihələrdən kənarda qalmışdır.

Bütün bunlara rəğmən münaqişə artıq keçmişdə qalmış, ölkəmiz öz ərazi bütövlüyün təmin etmiş və yeni bir dövr - sülh, əməkdaşlıq və inkişaf üçün dəyərli fürsət dövrü başlamışdır. Bu səbəbdən qeyri konstruktiv mövqeyi səbəbindən bütün regional layihələrdən təcrid olunmuş və hələ də onun ağrı-acısını çəkən Ermənistan höküməti yaranmış bu fürsəti maksimal dərəcə dəyərləndirməli, qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etməlidir. Post-münaqişə dövründə əsas məqsəd də məhz kommunikasiya əlaqələrinin qurulması və bölgədə davamlı sülhü təmin edəcək dövlət sərhədlərinin delimitasiya və demarkasiya proseslərinin başlanılması və iki ölkə arasında iqtisadi münasibətlərin bərpa edilməsi olmalıdır. Yalnız bundan sonra qonşu ölkələrin ərazi bütövlüyünün tanınması və ölkəmizlə imzalanacaq sülh müqaviləsini əldə etməklə inkişafa nail olmaq mümkündür.

Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Bölgədə qalıcı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəkdir.

Eyni zamanda bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə, Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oynayacaqdır. Belə ki, bu dəhlizin Avropa və Asiya ölkələri arasında qitələrarası yeni alternativ nəqliyyat şəbəkəsinin formalaşmasında əhəmiyyəti olduqca yüksəkdir. Bu baxımdan Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividentlər qazandıracaqdır. Beləliklə yaradılacaq yeni nəqliyyat-kommunikasiya infrastrukturu yük daşımalarının artımına xidmət etməklə regional və dünya miqyasında iştirakçı, tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcəkdir, eyni zamanda iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaqdır.

Zəngəzur dəhlizi otuz ilə yaxın çətin blokada şəraitində yaşamasına rəğmən öz inkişaf yolunu uğurla qət etmiş Naxçıvan Muxtar Respublikasının da Azərbaycanın əsas ərazisi ilə çıxışını təmin etmiş olacaqdır. Dəhliz eyni zamanda Naxçıvan Muxtar Respublikası vasitəsilə qardaş ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqələri də möhkəmləndirəcək və bu əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir. Beləliklə qardaş ölkələr uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə qovuşacaqlar. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla dünyada ciddi böyük potensiala və gücə malik Türkiyə arasında olan bu birlik Cənubi Qafqazda sülhə, sabitliyə və əməkdaşlığın bərpa olunmasında müsbət dəyişikliklərə töhfə verəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ümumilikdə türk dünyasının coğrafi baxımından birləşməsi deməkdir.

Bu təkcə coğrafi və siyasi anlamda deyil, həmçinin böyük iqtisadi gücə malik və nominal ümumi daxili məhsulu 1,1 trilyon dollardan çox olan türkdilli dövlətlərin strateji və iqtisadi cəhətdən birləşməsi də deməkdir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malik ölkələrdir. Bu isə Zəngəzur dəhlizinin kifayət qədər yüksək iqtisadi potensiala və təbii resurslara malik olan böyük və geniş coğrafi ərazidə birləşdirən önəmli nəqliyyat infarsturukturu olduğunun bariz sübutudur.

Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün...”.

Beləliklə qədim yurd yerimiz olan Zəngəzur yenidən böyük türk dünyasının birləşməsi rolunu oynayacaqdır. Layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də siyasi-iqtisadi baxımından türk dövlətlərinin güclənməsini, beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının daha əhəmiyyətli təsirə malik olmasına xidmət edəcəkdir.

Coşqun MƏMMƏDOV, AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: