Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası müstəqil dövlət olaraq onun ərazisində yaşayan millətlərin tarixi birliyinin təcəssümüdür. Bizim dövlətimiz milli prioritetlərin formalaşması istiqamətində uzun və möhtəşəm tarixi yol keçmişdir.
Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqının çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoruyan Heydər Əliyev kimi dahi, uzaqgörən siyasətçiyə ehtiyac duyulurdu. Dahi lider xalqını ağır vəziyyətdə qoymayıb onun köməyinə çatdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi.
Digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.
Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə zənginləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir. İdarəçilikdə “müasir dünyanın qabaqcıl ölkələrinin təcrübəsi yeni bir fenomeni – “keyfiyyət inqilabı”nı aşkara çıxarmışdır. Xüsusilə də, “Yaponiya möcüzəsi” timsalında bu, geniş müzakirə olunur. “Keyfiyyət inqilabı” daimi, ardıcıl təkmilləşməyə, gələcəyə oriyentasiyanı, daha dəqiq deyilsə, “məqsədlərin daimiliyini” elmi prinsip kimi əsas hesab edir. Bu, yeni, uzunmüddətli perspektiv üçün hesablanmış strategiyadır. Bütün sahələrdə keyfiyyət dəyişikliklərinə, ölkədə və dünyada uğurların davamına xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırdı, “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.
Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Prezident İlham Əliyev qüdrətli Azərbaycan yaratdı
Müasir Azərbaycanda baş verən dəyişikliklər siyasi hakimiyyətin formalaşmasında və fəaliyyətində siyasi liderin rolunu olduqca vacib edir. Beləliklə, cəmiyyətin sosial-siyasi həyatında siyasi liderlik probleminə sosioloji baxımdan yanaşmaq aktual olaraq qalır.
Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 18 il ərzində cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib.
Sosial sahədə islahatlar inqilabi xarakter daşıyıb. Pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər artırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və uğurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib.
Fikrimcə, bu dəyişikliklər sırasında ən mühümü vətəndaş cəmiyyətinin inkişafında əsas amilə çevrilən insan kapitalıdır. Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, insan kapitalıdır. İnnovasiyalı, sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə mühüm önəm daşıyır. Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas mahiyyəti də bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”.
Ölkədə demokratik islahatların aparılması, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai – siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır.
Azərbaycanın xarici siyasətinin böyük nüfuzu
Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açılmış, diplomatik əməkdaşlığımız olan ölkələrlə münasibətlər daha da dərinləşdirilmişdir. Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşuldu. Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Cənab Prezident demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik... Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq”.
Azərbaycan koronavirus təhlükəsindən az itki verən dövlətlərdən biri olaraq, dünyada bu pandemiyadan daha çox zərər çəkən dövlətlərə, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına yardım və ianələr etmişdir.
Cənab Prezident bildirmişdir: Azərbaycan son iki ildə koronavirus pandemiyası ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edib. Təşkilata 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik. Hazırda ölkəmiz yeni yataqların kəşf edilməsi mərhələsindədir. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır: “Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq”.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması hərəkata uğurlu şəkildə sədrlik etmənin təsdiqi və yüksək qiymətləndirilmənin nəticəsidir.
Qalibiyyət fenomeni, tərəqqi qarantı
Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühiti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qorumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı.
Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunmasında “İlhamla irəli!”- devizi, sabaha, gələcəyə inam hissi dayanırdı. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqmatik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırılması və qeyri - neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atdı. Ölkədə qeyri-neftsektorunda iqtisadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi. Habelə ölkədə kənd təsərrüfatı sahəsində dinamik inkişafa nail olunmasını, ənənəvi əkinçilik və heyvandalığın, məşğulluq vərdişlərinin bərpa olunmasında təxirəsalınmaz işləri reallaşdırmaq üçün əlverişli mühit formalaşdırıldı. Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa tarixi bir müraciət etdi. O, bir daha vurğuladı ki, xalqımız mənə inanırdı, ona görə də dəfələrlə demişdim ki, nəyi necə və nə vaxt eləməyin məqamını mən yaxşı bilirəm. Xalqın bu inamına arxalanaraq Ali Baş Komandan kimi ölkə başçısı İlham Əliyev həmin günün gəlib çatdığını bəyan etdi və möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.
Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaskarıdır.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demişdir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunin şöbə müdiri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor