Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

20 Yanvar - Qanla yazılan azadlıq tariximiz
17.01.2022 12:35
  • A-
  • A
  • A+

20 Yanvar - Qanla yazılan azadlıq tariximiz

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azadlığı və milli müstəqilliyi uğrunda sovet müstəmləkə rejiminin ordusuna qarşı mübarizə aparan Azərbaycan xalqının ən yeni tarixində qəhrəmanlıq səhifəsi yazıldı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi əsasında Bakıya yeridilən qaniçən imperiya ordusu həmin gün dinc sakinləri qətlə yetirdi.

Bu qanlı əməllərinə görə Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa Məhkəməsi) cavab verməli olan M.Qorbaçov Bakıda həyata keçirdiyi Qanlı Yanvar faciəsindən qısa müddət keçəndən sonra Nobel Sülh mükafatına "layiq" görüldü. Nobel Sülh mükafatının azərbaycanlıları qətlə yetirmək üçün Bakıya ordu yeridən diktatora təqdim edilməsi bu mükafatın verilməsində ədalət prinsipinin nəzərə alınmadığını sübut edir. Ermənipərəst mövqeyi ilə tanınan və xaricdəki erməni lobbisinin varlı nümayəndələrindən müxtəlif "hədiyyələr" alan M. Qorbaçov bunun müqabilində azərbaycanlılara qarşı kütləvi qırğın planını xüsusi qəddarlıqla həyata keçirməyə söz vermişdi. Onun üçün dinc vətəndaşların hüquqlarını pozmaq adi hal idi. M. Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini kobud şəkildə pozaraq qeyri-qanuni olaraq Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.Yenə onun xüsusi göstərişi əsasında SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və DTK-nın təxribat qrupları Bakı istiqamətində irəliləməyə başladılar. Qanlı Yanvar hadisəsini məhz bu qüvvələr törətdi.Bakıya yeridilən imperiya ordusuna azərbaycanlıların müstəqil dövlətçilik ideyalarını, Qarabağda erməni separatizminə son qoyulması barədə səsləndirdikləri kütləvi nümayişləri dağıtmaq, həmçinin Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına şərait yaradan milli-azadlıq hərəkatını qani içində boğmaqla, dinc və sadə xalqın gözünü qorxutmaq üçün qırğın törətmək tapşırılmışdı. SSRİ DTK-nın "Alfa" xüsusi təxribat qrupu əvvəlcə 4-cü Ordunun qərargahında, daha sonra isə Azərbaycan DTK-nın binasında yerləşdirilmişdi. Bu xüsusi təyinatlı qrup tərəfindən Azərbaycan DTK-nın əməkdaşları da təlimatlandırıldı və onlara bu qırğının törədilməsi barədə məlumat verilərək, bunun SSRİ rəhbərliyinin xüsusi tapşırığı olaraq milli-azadlıq hərəkatının Azərbaycanın ittifaqdan çıxması ilə nəticələnəcəyi, bunun isə SSRİ-nin "bütövlüyü" üçün ciddi təhlükə olacağı bildirildi.

1990-cı il yanvarın 19-da axşam saatlarında SSRİ DTK-nın xüsusi tapşırıqla göndərdiyi şəxslər öz iyrənc planlarını həyata keçirməyə başladılar. Həmin gün saat 19:27-də "Alfa" təxribat qrupu tərəfindən Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublikanın bütün ərazisində televiziya verilişlərinin yayımı dayandırıldı. Bundan sonra M. Qorbaçovun fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanından xəbəri olmayan dinc əhalinin üzərinə imperiya qoşunları yeridildi. Bakıda və onun ətrafında olan ərazilərdə qan su yerinə axıdıldı. Şəhərə müxtəlif zirehli texnikalarla, o cümlədən tanklarla hücuma keçən imperiya ordusu yol boyu, eləcə də Xırdalan və Bakı-Sumqayıt şossesində hərəkətdə olarkən dinc sakinləri atəşə tutur, sakinlərə aid avtomobillərin üzərindən keçərək içərisindəki insanları məhv edirdilər. Yanvarın 20-də səhər saat 7:00-da radio ilə fövqəladə vəziyyət elan edilməsi haqqında məlumat bildiriləndə artıq 100 nəfərdən çox dinc sakin qətlə yetirilmişdi. Sovet ordusunun törətdiyi bu qırğın nəticəsində Bakıda və onun ətrafında, həmçinin Lənkəran və Neftçala rayonlarında ümumilikdə 147 nəfər qətlə yetirilmiş, 744 nəfər isə yaralanmışdır. Təcili yardım maşınlarının gülləboran edilməsi nəticəsində yaralıların bir çoxu xəstəxanalara vaxtında çatdırılmadığından onların həyatını xilas etmək mümkün olmamışdır. Bu faciə zamanı həlak olanlar arasında ahıl yaşında olan qocalarla yanaşı, həkimlər, polislər, müəllimlər, alimlər, hətta körpə uşaqlar da vardı.

Qanlı yanvar hadisəsindən dərhal sonra, 1991-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev ilk dəfə bu faciəyə siyasi qiymət verdi. O, həmin gün verdiyi bəyanatda Azərbaycan xalqına qarşı törədilən bu qəddar cinayətə görə faciəni törədən şəxsləri, əsasən də M. Qorbaçovu kəskin şəkildə ittiham edərək, qaniçən ordunun təcili surətdə Bakıdan çıxarılmasını tələb etdi. 1993-cü ilin oktyabrında ümummilli lider H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu hadisəyə hüquqi qiymət verilməsini də reallaşdırdı. Məhz onun 1998-ci il 31 mart tarixli Fərmanı ilə "20 Yanvar şəhidi" fəxri adı təsis edilmiş, həmin ilin 29 dekabrında Prezidentin verdiyi daha bir Fərmanla bu status təsdiq edilmişdir. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim qalacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır. Qanlı Yanvar Azərbaycan xalqının milli oyanış düşüncəsinin və müstəqillik ideyasının işğalçı imperiya ordusu üzərində parlaq qələbəsi idi. Azərbaycan xalqının apardığı milli-azadlıq mübarizəsi məhz bu hadisədən sonra dünyada işğalçı imperiyalara qarşı mübarizə aparan digər xalqlar üçün nümunə oldu və Qafqaz regionunun ən yeni tarixində müstəqil dövlətçilik ideyasına təkan verdi.   

Ramin ƏLİZADƏ, AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: