“Avropa tədqiqatlarında J.Von Höteyə istinadla Nizaminin və Nəsiminin ciddi təhrifləri” mövzusunda məqalədə maraq doğuran məsələnin təhlilinə keçməzdən öncə qeyd etmək labüddür ki, dünya şöhrətli yazıçı, alman romantizminin görkəmli nümayəndəsi J.Von Hötenin XIV əsr Azərbaycan şeir-söz sənətinin böyük ustadı İmadəddin Nəsimini dərki, konkret olaraq Hötenin Nəsimi haqqında düşüncələri ilə tanış olmaq və Höte vasitəsi ilə Avropa, eləcə də dünya xalqlarının nəhəng Azərbaycan klassikini tanıyıb, öyrənməsi hər bir fikir adamı üçün fövqəladə mühüm hadisədir.
Bu baxımdan dünya elmi kitabxanasında rastlaşdığımız bir neçə tədqiqatda Hötenin Nəsimi haqqında düşüncələri olduğu barədə qənaətlər bizdə J.Hötenin “Qərb-Şərq Divanı” ilə orjinalda tanış olmaq, bu əsəri elmi-obyektivlik süzgəcindən keçirmək marağı oyatdı.
Beləliklə, biz J.Hötenin “Qərb-Şərq Divanı” əsərini orjinalda (alman dilində) internet üzərindən vərəqlədik və “Ön söz” hissəsində geniş təhlil-şərhdən öyrəndik ki, bu əsər dahi Hötenin son böyük poeziya silsiləsinin bir hissəsidir və çoxlarına tanış belə deyil. J.Hötenin 1814-1819-cu illərdə yazdığı “Qərb-Şərq Divanı” onun hind sənət həyatının məhsuludur və elmi dərki üçün mühüm əhəmiyyət kəsb edən bu əsəri Höte Marianna von Willemer ilə yazışmalarından və şərqşünas Cozef fon Hammerin Hafizin şeirlərinin tərcüməsindən ilhamlanaraq qələmə almışdır.
Kitabın “Ön söz” hissəsində Hötenin “Qərb-Şərq Divanı”nı yazmasının əsas səbəbi belə açıqlanır: “Höte dillərin fitnəsindən, eləcə də Avropa qılınclarının ictimai çəkişməsindən sığınacaq yeri kimi Şərqə üz tutdu. Orada göylər ucsuz-bucaqsız idi və sanki tək Allah qum tullantılarına rəhbərlik edirdi. Orada İslamın Allahın iradəsinə təslim olması həyatın qanunu kimi görünürdü. Hər şeydən əvvəl Hötenin Şərqdə almağa çalışdığı sərvət hikmət, dindarlıq və sülh idi. Bunları fars Hafiz birtəhər tapmışdı. Hafiz daxilən təqva sahibi olmadığı üçün dinin zahiri əməllərini şövqlə təqib etməmişdir. Hötenin dərk etdiyi kimi, fars şairinin xüsusi keyfiyyəti onun kortəbiiliyi idi; o, əsl poetik bulaq idi: “dalğanın ardınca dalğa”.
Hötenin 12 bölmədən və “Qeydlər və risalələr” (Noten und Abhandlungen Goethe) fəslindən ibarət “Qərb-Şərq Divanı”nın “Hafiz adı”nın (Hafiz kitabı) 2-ci hissəsində belə bir qeyd vardır: “Hafizdən qaynaqlanır və ilkin olaraq bütün “Qərb-Şərq Divanı” üçün bir şüar kimi nəşr olunub”.
Belə bir fikir də mövcuddur ki, Johan Volfqanq Hötenin “Qərb-Şərq Divanı” “Cənnət kitabı”dır. Bu “Qərb-Şərqi daha yaxşı başa düşmək üçün” isə “Cənnət kitabı”nın “Qeydlər və risalələr”i (Noten und Abhandlungen Goethe) əsas təşkil edir.
Beləliklə, biz J.Hötenin başdan-başa Qərblə-Şərqin ayrılmazlığını tərənnüm edən, bəşəriyyəti dialoqa çağıran, həmçinin İslam peyğəmbərinin (Məhəmməd Peyğəmbər s.ə.s.) və Şərq mənəvi dünyasının müqəddəslərinə şeirlər həsr etməklə “Cənnət kitabı” adına layiq olan “Qərb-Şərq Divanı”nı və həmçinin “Qeydlər və risalələr”i orjinalda nəzərdən keçirdikdə “Müğənninin kitabı (Moqanni Nameh)”, “Hafiz kitabı (Hafis Nameh)”, “Sevgi kitabı (Uschk Nameh)”, “Düşüncə kitabı (Tefkir Nameh)”, “Pis yumor kitabı (Rendsch Nameh)”, “Maksimlər kitabı (HikmətNaməh)”, “Teymurun kitabı (Timur Nameh)”, “Zuleyka kitabı (Suleyka Nameh)”, “Sakinin kitabı (Saki Nameh)”, “Məsəllər kitabı (Mathal Nameh)”, “Parsilərin kitabı (Parsi Nameh)”, “Cənnət kitabı (Çuld Nameh)” adlanan 12 bölmələrə daxil olan “fədakarlıq, yəhudilər, ərəblər, keçid, yaşlı farslar, alay, hekayə, Məhəmməd, xəlifələr, davamlı qeyd, Qasnadan olan Mahmud, şair şahlar, bilik, Firdovsi, Ənvəri, Nizami, Cəlaləddin Rumi, Sədi, Hafiz, Cami, Şərq poeziyasının primitiv elementləri, habelə gələcək divan, Əhdi-Ətiq, İsrail səhrada, Həcc ziyarətləri və səlib yürüşləri“ və ondan çox digər başlıqlardakı şərhlərlə tanış olduq ki, bunların hər biri qərbli şairin Şərqi təbliğ, təlqin etdiyini təsdiq edir.
Hötenin bu Şərq klassikləri, eləcə də Şərqə aid mühüm simalar və hadisələr haqqında Avropa fikri üçün həqiqi mənada bir dərya və ya dolğun xəzinə mahiyyətində olan “Cənnət kitabı”nda Hafizin uca tutduğu Nəsimiyə də münasibətini öyrənmək maraqlı idi. Lakin biz “Divan”ın bölmələrinin geniş siyahısında konkret olaraq Nəsimi mövzusunda yarımfəsillə qarşılaşmamaqla bərabər, nə Hafizə, nə Nizamiyə həsr olunmuş bölmələrdə və həmçinin başlıqlarının dahi Nəsimiyə uyğunluğu ola biləcək bölmələrdə dahi şairimizin həyat və yaradıcılığına dair fikirlərlə rastlaşmadıq.
Ancaq biz İmadəddin Nəsiminin Avropa tədqiqatlarında dərki mövzusunu araşdırarkən dahi alman şairi və mütəfəkkiri J.Hötenin İmadəddin Nəsimi haqqında düşüncələrinin mövcud olduğunu İtaliyanın tanınmış alim-publisistlərindən Carlo Marinonun “Hötenin “Divanı” və şair Nəsimi” (“The Divan by Goethe and the poet Nesimi”) və “Hötenin “Qərb-Şərq Divanı” və Nizami/Nəsimi” (“Goethe`s West-East Divan And The Mention of Nezami - Nesimi”) sərlövhəli məqalələrindən öyrəndik.
İtaliyanın iki məşhur saytında yayımlanmış bu yazılar başlıqlarda bir-birindən fərqlənsələr də, onların mövzuları da, ciddi yanlışları da eynidir.
Əvvəlcə Corlo Marinonun Azərbaycan klassiklərini Avropa insanına nə qədər ümumi məzmunda olsa da, dolğun anladan şərhi ilə tanış olaq. O, “Hötenin “Qərb-Şərq Divanı” və Nizami – Nəsimi” məqaləsində yazır: “Almaniyanın ən böyük şairi J.V.Höte “Qərb-Şərq Divanı”nda əbədi valehedici bir əsər təqdim etdi. Hafiz təxəllüsü ilə tanınan orta əsr şairi Xoca Şəmsəddin Muhəmməd Həfiz Şirazinin “Divan”ından (“Silsilələr”) ilhamlanan Höte öz şəxsiyyətini zövq və ləzzət “oxuyan” fars sufi ustadı ilə birləşdirdi. Quran eyhamı kontekstində romantika. Hafiz Hötenin bütöv bir kitab həsr etdiyi yeganə şəxs idi. O, əkiz qardaşı kimi qəbul etdiyi Hafizi bir şair kəşf etmişdi, onun ilhamı onu ruhlandırmışdı. Onda canlanma hissini oyatmışdı. Bir çox şeirlərində o, fars şairi ilə eyniləşdirdiyi Hafizə xas “imza beytindən” (taḵallosá) istifadə etmişdir. Hafizin adının ən çox çəkildiyi “Müğənninin kitabı və Hafizin kitabı” şeiridir və (“Buch des Sängers və Buch Hafis”) sonuncunun şeirindəki motivlər və personajlar “Divan”ın farsca üzbağını təşkil edir. “Qeydlər və traktatlar” (“Noten und Abhandlungen”) əsərində Höte bir sıra digər fars şairlərinə də hörmətli münasibətini ifadə etmişdir”.
Məqalədə bu iqtibasdan sonra gələn ilk abzasda “1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olan Nizami və ya Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi haqqında daha çox bilmək maraqlıdır. O, (Nizami nəzərdə tutulur – X.Q.) həm də “İmadəddin Nəsimi” adı ilə tanınırdı. J.V.Höte Niẓami və onun irsi haqqında yazırdı”, - şərhinə diqqəti yönəldərək yazarın “Nizami ilə Nəsimini qarışdırdığı”, - ciddi təhrifini vurğulamağı labüd hesab edirik.
Belə ki, İtaliyanın elmi dərəcəli tanınmış yazarı Avropa oxucusuna 1369-cu ildə Azərbaycanın Şamaxı şəhərində anadan olan Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimini (“və ya” yazmaqla) Nizami kimi təqdim edir.
Diqqət etdikdə məqalədə bu ciddi təhrifini Carlo Marinonun təsadüfən yanlışı - səhvi olmadığının şahidi oluruq.
Məsələn, Carlo Marino adını Nizami kimi bildiyi Nəsiminin həyatından bəhs edərkən yenə Azərbaycanın digər klassiki dahi Nizaminin adını qeyd edir: “Nizaminin həyatı haqqında çox az məlumat var. Əksər mənbələr onu İmadəddin adlandırsalar da, şairin adını Əli və ya Ömər kimi çəkən mənbələr var. Bir çox tədqiqatçılar onun Şamaxıda, digərləri Bursa, Diyarbəkir (Türkiyə), Təbriz, Şiraz (İran) və Bakıda (Azərbaycan) doğulduğunu iddia edirlər. XIV əsrin ortalarında Şamaxı ən böyük mədəniyyət mərkəzlərindən biri idi. Burada bütün Şərqdə tanınan çoxlu məktəblər, mədrəsələr, şeir və musiqi kolleksiyaları, zəngin dövlət və şəxsi kitabxanalar var idi. Bu mühit şairin bir yazar və mütəfəkkir kimi təkamülünə təsir göstərmişdir. O, klassik Şərq və Qədim Yunan fəlsəfəsini, eləcə də ədəbiyyatını dərindən öyrənmiş, İslam və xristianlığın əsaslarını yaxşı bilmiş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq kimi elmlərə yiyələnmişdir. O, dilləri o qədər yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi”.
Məqalədən digər ciddi təhriflə aşağıdakı iqtibasda tanış ola bilərik: “Nəsiminin “Məndə sığar iki cahan...” şeiri mistik formada hürufiliyin poetik formasının gözəl bir nümunəsidir. Şeirdə fiziki və ruhi aləmlər arasında ziddiyyət yaranır ki, bu da sonda insanda birləşir. Beləliklə, insanın Tanrı ilə eyni ruhi mahiyyətə sahib olduğu görünür: İkinci sətirdəki “la-məkan” və ya “məkansız” ifadəsi Allaha aid olan sufi terminidir. Bununla belə, eyni termin hərfi mənada “məkansız” mənasında qəbul edilə bilər və buna görə də Nizami bu termindən insanın fiziki varlığına istinad etmək üçün də istifadə edir. Nəsimi öz şeirində vurğulayır ki, Allahı dərk etmək sonda bu dünyada mümkün deyil, buna baxmayaraq, belə bir dərk üçün mübarizə aparmaq bəşəriyyətin borcudur”.
Haşiyəyə çıxaraq bildirməliyik ki, bu iqtibasdakı fikirlər - cümlələr İmadəddin Nəsiminin alman dilində vikipediya səhifəsindən olduğu kimi köçürülmüşdür.
Bundan sonra “Hötenin “Qərb-Şərq Divanı və Nizami/Nəsimi” adlı məqalənin müəllifi C.Marino İmadəddin Nəsiminin yaradıcılığı haqqında geniş məlumatları şərh edərkən təkrarən dəfələrlə Nizami yazmaqla dahi şairin bioqrafiyasını kölgələmiş, nəticədə onu dünya elmi fikrinə düzgün tanıtmamışdır. C.Marino yazır: “Nizami yaradıcılığı təkcə Azərbaycan xalq dilində deyil, həm də Osmanlı divan poeziya ənənəsində poeziyanın inkişafında mühüm mərhələni təşkil edir. Ölümündən sonra Nizaminin yaradıcılığı bir çox türkdilli şair və yazarlara böyük təsir göstərmişdir. Nizami müasir Azərbaycan Respublikasında hörmətlə qarşılanır və paytaxt Bakının rayonlarından biri onun adını daşıyır. 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nizaminin vəfatının 600 illiyinə həsr olunmuş tədbir keçirilib. Prezident İlham Əliyev tərəfindən 2019-cu il şairin anadan olmasının 650 illiyi münasibəti ilə Azərbaycanda “Nəsimi ili” elan edilib”.
Əlbəttə ki, 2017-ci ildə Parisdə, UNESCO-nun mənzil qərargahında Nizaminin vəfatının 600-cü ildönümü deyil, 1417-ci ildə edam olunmuş Nəsimiyə həsr olunmuş tədbir keçirilə bilərdi.
Bundan başqa Carlo Marino məqalənin sərlövhəsində də “Nizami / Nəsimi” yazmaqla bu adların eyni şəxsə aid olduğunu düşündüyünü ifadə etmişdir. Habelə, əgər müəllif Nizami və Nəsiminin ayrı-ayrı şəxslər olduğunu bilsəydi, ingilis dilində “and” və ya almanca “und” şəkilçisini yazardı.
Bu ciddi təhrifləri təəssüf ki, italiyan alim digər - xüsusilə də sərlövhəsində konkret şəkildə dahi Nəsiminin adının qeyd olunduğu, 12.06.2019 tarixində İtaliyanın məşhur “european-news-agency.com” saytında və hətta dünya elm saytı academia.edu.da yayımlanmış “Hötenin “Divanı” və şair Nəsimi” məqaləsində də təkrarlamış, hətta Hötenin Nizami Gəncəvinin Avropa üçün dərkini əsaslandıran fikirlərini iki dahini “qarışdıraraq” daha da “dərinləşdirmişdir”. Məqalədən oxuyuruq: “O, İmadəddin Nəsimi” (Nizami nəzərdə tutulur – X.Quliyeva) adı ilə də tanınırdı. J.V.Höte Niẓami və onun yaradıcılığı haqqında yazırdı: “Zərif, yüksək istedadlı bir ruh, Firdovsinin toplanmış qəhrəmanlıq ənənələrini tamamladıqdan sonra şeirlərinin mövzusu üçün ən dərin sevginin ən şirin görüşlərini seçdi. Təqdim etdiyi aşiqlər - Leyli və Məcnun, Xosrov və Şirin bir-biri üçün yaradılmış, öncə tale, təbiət, vərdiş, meyil, ehtirasla bir-birinə sadiq qalan, lakin çılğın fikirlər, inadkarlıq, təsadüf, zərurət və güclə ayrılıb, sonra möcüzəvi şəkildə yenidən birləşən, amma sonda yenidən bu və ya digər şəkildə parçalanan, ayrılan qəhrəmanlar”.
Göründüyü kimi, məqalə müəllifinin həm Nizami haqqında “İmadəddin Nəsimi adı ilə də tanınırdı” fikri, həm də “Hötenin “Divanı” və şair Nəsimi” sərlövhəli məqaləsində mövzudan tamamilə uzaqlaşaraq, yəni Nəsiminin əsərləri əvəzinə Nizaminin əsərlərindən bəhs etməsi qeyd-şərtsiz qəbul edilməz, ciddi təhrifdir.
Beləliklə, C.Marinonun Nizaminin adını yazıb, Nəsiminin bioqrafiyasını şərh etməsi təkcə Nəsiminin deyil, Nizami Gəncəvinin də təhrif edilmiş şəkildə tarixə iz salması ilə nəticələnmişdir. Bu ciddi təhrif hər iki dahinin dərkində istər tarixilik, istərsə də müasirlik baxımından narahatlıq doğurur.
Bütün bunları göstərməklə bərabər, biz yuxarıda da qeyd etdiyimiz kimi, Hötenin “Divanı”nı orjinalda nəzərdən keçirdikdə, Firdovsi, Ənvəri, Nizami, Cəlaləddin Rumi, Sədi, Hafiz, Cami sərlövhəli bölmələrlə tanış olsaq da, konkret olaraq “Nəsimi“ mövzusunda bölmə ilə, ümumiyyətlə, tədqiqatla qarşılaşmadığımız fikrinə qayıdırıq və C.Marinonun şərhlərinin böyük şair, mütəfəkkir Hötenin “Divanı”nın Nizami Gəncəviyə həsr olunmuş tədqiqat hissəsindən də olmadığını əminliklə bildiririk.
Haşiyə çıxaraq onu da qeyd etməyi vacib bilirik ki, bizim Hötenin “Divanı”nda “Nəsimi” bölməsinin olmadığı ilə bağlı elmi-obyektiv qənaətimizi C.Marino da öz məqaləsində “J.V.Höte Niẓami və onun yaradıcılığı haqqında yazırdı” cümləsi ilə təsdiqləmiş sayılır. Həmçinin də C.Marino bu cümləsindən sonra Nəsimidən deyil, Nizami Gəncəvi yaradıcılığından bəhs edir ki, bu da yenə Hötenin tədqiqat obyektinin İmadəddin Nəsimi deyil, Nizami Gəncəvi olduğunu ifadə edir. Məsələn, aşağıdakı iqtibasda bunu görə bilərik: “J.V.Höte Niẓami və onun yaradıcılığı haqqında yazırdı: “Zərif, yüksək istedadlı bir ruh, Firdovsinin toplanmış qəhrəmanlıq ənənələrini tamamladıqdan sonra şeirlərinin mövzusu üçün ən dərin sevginin ən şirin görüşlərini seçdi. Təqdim etdiyi aşiqlər - Leyli və Məcnun, Xosrov və Şirin bir-biri üçün yaradılmış, öncə tale, təbiət, vərdiş, meyl, ehtirasla bir-birinə sadiq qalan, lakin çılğın fikirlər, inadkarlıq, təsadüf, zərurət və güclə ayrılıb, sonra möcüzəvi şəkildə yenidən birləşən, amma sonda yenidən bu və ya digər şəkildə parçalanan, ayrılan qəhrəmanlar”.
Məsələ burasındadır ki, Carlo Marino kobud təhriflər çıxılmaqla məqaləsinin böyük hissəsini “İmadəddin Nəsimi” haqqında alman dilində vikipediya yazısından köçürmüşdür. Biz yuxarıda buna bir misal göstərmişdik.
Bu məqamda bir mühüm məsələni qeyd etmək yerinə düşər. Belə ki, Avropa tədqiqatlarının adətən kortəbii olaraq müsbət qarşılanması və yüksək qiymətləndirilərək müsbət qəbul edilməsi bir ənənə halını alıb. Belə təsəvvür var ki, Avropa tədqiqatları ciddi, savadlı, elmi-obyektiv, hətta idealdır. Halbuki, budur, elə Nizami Gəncəvi və İmadəddin Nəsimi həyat və yaradıcılığı nümunəsində də müşayiət olunduğu kimi, onlarda ciddi təhriflər, yanlış yanaşmalar da istisna deyildir.
Digər mühüm məsələ, Avropa tədqiqatları ciddi, savadlı, elmi-obyektiv hesab edilən dünya elmi fikri, xüsusilə Şərq, bu sırada türk, Azərbaycan tədqiqatçıları ədəbiyyatın dolğunluğu marağı ilə onlardan qiymətli mənbələr kimi istifadə edirlər. C.Marinonun yuxarıda nəzərdən keçirdiyimiz 2 məqaləsinin nümunəsində bunu aydın müşahidə edə bilərik.
Belə ki, Avropa tədqiqatlarından qaynaqlanan xarakterik ciddi yanlışlıqlar - klassiklərimizin bioqrafiyasının və yaradıcılığının ciddi təhrifi Şimali Kipr Yaxın Şərq Universitetinin professoru Kadir Güldikən “Xarici mənbələrdə müqayisəli ədəbiyyatda Nəsiminin izləri” tədqiqat əsərinə yol açmışdır.
Məsələn, Kadir Güldikən Carlo Marinonun “Höte və Nəsimi” məqaləsində dünya şöhrətli Hötenin dahi İmadəddin Nəsimini qiymətləndirən fikirlərini şərh etdiyini vurğulasa da, onun konkret istinadı Carlo Marinoyadır və Carlo bu iqtibasda Nəsimidən deyil, Məhəmməd Hafizi Şirazidən bəhs edir, habelə Nizaminin adını çəkir. Məqalədən oxuyuruq: “Almaniyanın ən böyük şairi J.V.Höte “Qərb-Şərq Divanı” ədəbi əsərində Qərb və Şərq ədəbiyyatı silsiləsini təqdim etdi. Məlum olduğu kimi, Höte orta əsrlər fars şairi Hace Şəmsəddin Məhəmməd Hafizi Şirazidən (1317-1390) ilham almış, onun idrak və müdrikliyə baxışı Höte şeirlərində öz əksini tapmışdır. Bədii kimliyini Hafizdən götürən Höte şeirlərində şərabın, sevginin, dözümlülüyün və Allah sevgisinin hər şeydən üstün olduğunu vurğulayaraq, sanki o, fars sufi ustadı ilə birləşmişdir. Höte bütünlüklə Hafizdən ilham alır və özünün Hafizə olan sevgisini “Zwillingsbruder” (əkiz qardaş) adı ilə izah edir. Höte təkcə Hafizi Şirazidən deyil, başqa şairlərdən də ilham almışdır. Bunların arasında Nəsimi başda olmaqla, Firdovsi, Ənvəri, Mövlana, Sədi Şirazi, Cami və Nizami Gəncəvi də vardır. Höte xristianlığın təməllərini, yunan fəlsəfəsini bildiyi kimi, İslam fəlsəfəsi və irfan məsələsini də Şərq klassik ədəbiyyatı ilə birlikdə yaxşı bilir və oxuduqca heyranlığını gizlətməmişdir”.
Diqqət etsək, Kadir Güldikən Hötenin Hafiz Şirazi ilə bərabər ilham aldığı başqa şairlərdən bəhs edərkən İmadəddin Nəsiminin başda olduğunu qeyd edir. Halbuki, onun həmin cümləni misal gətirdiyi C.Marino belə yazmamışdır. O yazmışdır: “Qeydlər və traktatlar” (“Noten und Abhandlungen”) əsərində Höte bir sıra digər fars şairlərinə də, məsələn, Firdovsi, Ənvari, Rumi, Sədi, Cami və Nizamiyə hörmətli münasibətini ifadə etmişdir”.
Təəssüfedici bir haldır ki, Kadir Güldikən C.Marinonun Nəsimini Nizami ilə qarışdırması kimi ciddi təhrifinə heç bir münasibət bildirməmiş, öz iqtibaslarında bunu düzəldərək üzərindən “keçmişdir”. Həmçinin də Kadir Güldikən “Yabancı kaynaklarda karşılaştırmalı edebiyat alanında Nesiminin izleri” məqaləsində C.Marinonun təhlil və şərhlərini iqtibas göstərmədən geniş şəkildə öz fikirləri kimi təqdim etmişdir. Hətta Nəsiminin coğrafi mənsubiyyətini (bəzi mənbələrdə olduğu kimi) Marinodan fərqli olaraq azərbaycanlı deyil, bağdadlı, doğum və edam tarixini tamamilə yanlış - 1339 və 1448 göstərməklə Azərbaycan dahisinin dünya düşüncəsində dərkinə xətər gətirir.
K.Güldikən məntiqi düşüncəsi ilə Nəsimi 1339-cu ildə doğulmuşdusa, 1418-ci ildə onun 79 yaşı olacaqdı və bu yaşda ahıl bir insan nə meydanlarda mübariz çıxışlar edə bilər, nə 80 yaşlarda onun müdafiəsi üçün ona bənzəyənlər ola bilərdi, nə haqqında edam hökmü çıxarılar, nə də 79 yaşlı dahi şair dünya fikrinə gəlib çatan, tarixi mənbələrdə göstərildiyi kimi, dərisi soyularkən əzmlə natiqlik edə bilərdi.
Bundan başqa, Kadir Güldikən istinad olunan məqaləsinin “Höte və Nəsimi” yarımbaşlığında Hötenin öz “Divanı”nda Azərbaycan (Höte fars şairlərindən bəhs etmişdir – X.Q) şairləri arasında irfan mövzusunu izləyərkən Nəsimi dünyasına böyük maraq göstərdiyini, “Bu dünyaya sığmazam” şeirindən təsirlənərək Nəsiminin “məkansız” sözünü düşündüyünü yazmış, bu kontekstdə “Höte insanın Tanrı ilə eyni mənəvi mahiyyətə malik olduğunu anladı və bu istiqamətdə şeirlər yazdı”, - şəklində yanlış olan fikir irəli sürməklə Höteni də təhrif etmiş olmuşdur və elmi metodikaya ən uyğun olmayanı da iqtibasın sonunda mötərizədə 2019, Marino, yazmışdır.
Onun bu fikirlərinin cəmləndiyi cümlələr iqtibasda mötərizədə adını qeyd etdiyi C.Marinonun məqalələrində yoxdur. C.Marinonun Nəsimi haqqnda fikirlərinin, əslində, onun alman vikipediyasından faydalandığı cümlələrin əvvəlinə Hötenin adını yazmaqla bunların C.Marinoya aid olduğunu göstərməsi həmin o yuxarıda vurğuladığımız yanlış tendensiyanı – Avropa tədqiqatlarına “şöhrət” kimi yanaşmanı təsdiq edir.
Eləcə də Kadir Güldikən böyük alman şairi Hötenin Hz. Məhəmmədə həsr etdiyi şeirin türk dilinə tərcümə olunduğu variantını misal gətirib. “Hz. Məhəmmədə şeir” bu linkdədir və bu linkdəki şeirin altında “Johann Wolfgang von Goethe. Kayıt tarihi: 11.11.2012 23:02:00”, - yazılıb. Kadir Güldikən bu qeydi saat müəyyənliyini çıxmaqla öz məqaləsinin ədəbiyyat siyahısında əvvəli Höte mənbəsi kimi, sonra C.Marino, daha sonrası da həmin şeirin linki olmaqla qatmaqarışıq göstərib.
Əslində, məqalə müəllifinin irəli sürdüyü ideyada C.Marinonun şərhini ehtiva etmir. Birincisi, C.Marino buna oxşar fikirləri Hötenin adını çəkmədən və həmçinin Nəsimini Nizami ilə səhv salmaqla şərh etmişdir. İkincisi, C.Marino Hötenin Hz. Məhəmmədə həsr etdiyi şeirlər mövzusuna qətiyyən yaxınlaşmamışdır.
Əlbəttə, J.Hötenin İmadəddin Nəsimini dərki mühüm hadisədir. Dünya insanının, o cümlədən Avropanın Höte, eləcə də Avropa ədəbi-fəlsəfi fikrinin, nəsilbənəsil ədəbi simalarının, tədqiqatçıların vasitəsi ilə Şərqin, o sırada Azərbaycanın nəhəng klassiklərini tanıyıb, öyrənməsi böyük maarifçilik işidir.
Lakin Azərbaycan klassik irsinin əvəzsiz simaları Nizami Gəncəvi, İmadəddin Nəsimi və bütövlükdə dünya dahilərinin belə ciddi təhriflərlə, yanlışlıqlarla, “köçürmələrlə” dərki, - maarifçiliyi qəbuledilməzdir.
Beləliklə, Nizami Gəncəvi və İmadəddin Nəsimi və o cümlədən bütün klassiklərimizin - şair və mütəfəkkirlərimizin irsinin hifz olunması baxımından hər bir tədqiqat, xüsusilə xarici mənbələr diqqətlə araşdırılmalı, bu məqalədə qarşılaşdığımız kimi ciddi təhriflər, düzgün olmayan yanaşmalar vaxtında qiymətləndirilməldir.
“Avropa tədqiqatlarında J.V.Höteyə istinadla iki Azərbaycan dahisinin - Nizaminin və Nəsiminin ciddi təhrifləri” məqaləmizi yekunlaşdırarkən italiyalı yazar Carlo Marinonun təhriflərə yol verdiyi məqalələrinin yayım tarixi üzərinə diqqəti yönəltməklə ciddi yanlışlıqla bağlı subyektiv qənaətimizi diqqətə çatdırmaq istərdik.
Belə ki, Carlo Marino məqalələrini 2019-cu ildə yazmışdır ki, bu tarixi təqvim bütün dünyada Azərbaycan dahisi İmadəddin Nəsiminin 650 illiyi, alman mütəfəkkiri, şairi J.V.Hötenin məşhur “Qərb-Şərq Divanı”nın 200 illiyi yubileyləri ilə əlamətdar idi. Bu baxımdan fikrimizcə, Carlo Marinonun Hötedə “Nəsimini axtarıb Nizamini “tapması”, Nizamini Nəsiminin adlarından biri bilməsi populyarlıqla bağlı olmuşdur. Onun məqalələrində alman dilindəki vikipediyadan köçürmələr etməsi də Hötədə əslində “Nəsimini” tapa bilməməsindən qaynaqlanır. Ancaq hansı ehtimal olmasından asılı olmayaraq, bunlar ciddi təhriflərdir və iki Azərbaycan dahisinin bioqrafiya və biblioqrafiyasını qarışdırması bu günün dərki prosesinə və gələcəyin maariflənməsi hadisəsinə ciddi maneə kimi narahatedici faktdır.
Onu da qeyd edək ki, istər “academia.edu”, istərsə də “european-news-agency.com” saytı məqalədəki fikirlərə görə müəllifin - Carlo Marinonun məsuliyyət daşıdığını xatırlatmışdır.
Biz sonda İtaliyanın tanınmış publisisti və alimi Carlo Marinonun özü haqqında dediyi bu fikirləri “Mən yazıçıyam, dilçiyəm, jurnalistəm. Sözlər mənim üçün çox mühümdür!”, - yada salaraq, sözlərin mühümlüyünü dərk edərək, frazanı özü üçün etiketə çevirmiş Carlo Marinoya bu məsələni xatırlatmaqla inanırıq ki, Azərbaycan xalqının iki dahi klassik şairinin bioqrafiyası və yaradıcılığının J.Höteyə istinadla ciddi şəkildə olan təhriflərini tezliklə aradan qaldıra biləcəyik.
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.