AMEA-nın Botanika İnstitutunun Mikologiya şöbəsinin kiçik elmi işçisi Aytac Əliməmmədova Ukrayna Milli Elmlər Akademiyasının M.G.Xolodnı adına Botanika İnstitutunun Mikologiya şöbəsində (Kiyev, Ukrayna) 1 ay müddətində ezamiyyətdə olub.
Ezamiyyət müddətində A.Əliməmmədovanın yerinə yetirdiyi dissertasiya işi üzrə Laetiporus sulphureus (Bull.), Phellinus igniarius (L.), Pleurotus ostreatus (Jacq.) kimi tibbi və qida əhəmiyyətli göbələklərin ekzopolisaxaridlərinin, endopolisaxaridlərinin, ümumi fenol birləşmələrinin miqdarı, antibakterial aktivliyi və miselial inkişaf sürətləri araşdırılıb, həmçinin yeni metodikalar mənimsənilib və görülən işlər üzrə məqalənin hazırlanması müzakirə edilib.
Tədqiqat işinə cəlb edilən göbələklər M.G.Xolodnı adına Botanika İnstitutunun Göbələk Kultura Kolleksiyasına (IBK) da depozit edilib.
Qeyd edək ki, həmin kolleksiya 1966-cı ildə prof. A.S.Buxalo tərəfindən, yeməli və tibbi əhəmiyyətli göbələklərin biologiyası və biotexnologiyası üzrə fundamental tədqiqatlar və nəsli kəsilməkdə olan, həssas və nadir növlər də daxil olmaqla makromisetlərin genofondunun qorunması məqsədilə yaradılıb. Hal-hazırda prof. Dr. Nina Biskonun kuratorluq etdiyi göbələk kultura kolleksiyasında 265 növə aid 1340-dan çox ştamm saxlanılır. Kolleksiya Ukraynada unikaldır və Avropanın ən böyük kultura kolleksiyalarından biri hesab olunur. Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən, 2001-ci ildə Kolleksiya Ukraynanın milli irs obyekti kimi qeydiyyata alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.