Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Bakı və ölkəmizin digər şəhər və rayonlarına yeridildi, dinc əhali müxtəlif atəşə məruz qoyuldu. 1990-cı ildə 20 Yanvar xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bu qanlı qətliamın tərkib hissəsi olaraq əhalinin informasiya təminatını kəsmək məqsədilə yanvarın 19-da Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət idi.
20 Yanvar hadisəsi ilə 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannaməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı və digər qüvvədə olan bütün İnsan Hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib.
Qanlı 20 Yanvar hadisələrindən 31 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, Silahlı Qüvvələrimizin rəşadəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. Bu gün bütün şəhidlərimizin ruhları şaddır!
Tərlan YELMARLI, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.