Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi
19.01.2022 10:58
  • A-
  • A
  • A+

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini qıra bilmədi

Artıq 32 ildir ki, xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini yad edir. Bakının küçələrinə və meydanlarına çıxıb ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistana və keçmiş SSRİ rəhbərliyinin onları dəstəkləməsinə öz etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi ilə Azərbaycanda misli görünməmiş faciə törədildi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi təkcə işğal altında olan torpaqlarımızın azad edilməsi demək deyildi, bu zəfər həm də illər əvvəl bu torpaqlar uğrunda qan tökmüş şəhidlərimizin, sinəsini sipər etmiş qəhrəmanlarımızın ruhunun dinclik tapması, qazilərimizin ürəyinə Vətən torpağının sərin suyunun səpilməsi idi. Xüsusilə 32 il əvvəl baş vermiş, qan yaddaşımızda özünə əbədiyyət qazanmış hər ilin Qanlı 20 Yanvar tarixi gəldikdə boynumuz bükük, başımız aşağı, şəhidlərin ruhu qarşısında utanaraq yollandığımız Şəhidlər Xiyabanına artıq onlar qarşısında mənəvi borcumuzu yerinə yetirmişcəsinə, qanlarını yerdə qoymamağın qüruru ilə üz tuta bilirik. Milli iradəmizin zəfər çaldığı 20 Yanvar tarixinə düz 30 il sonra Milli Ordumuzun zəfər çaldığı 8 Noyabr tarixi ilə yeni nəfəs verdik. Bəlkə də bir çoxlarına uzun görünən bu tarix əslində özündə o qanlı-qadalı hadisələri görmüş, o çətin, ağrılı günlərdə əzizlərini, yaxınlarını itirmiş, qan yaddaşı ilə qidalanmış igidlər, ərənlər böyütdü.

30 il əvvəl əli silahsız xalqa təpədən dırnağa silahlanmış, havadarlarının yardımı ilə hücum edən düşmən bu qədər acınacaqlı vəziyyətə düşəcəyini ağlına da gətirməzdi. Bu dəfə mənfur düşmənə nə havadarları, nə ondan-bundan diləndiyi silah-sursat, nə də “ordu”su kömək ola bilmədi. Çünki qarşısında özündən qat-qat güclü ordu, öz torpağını düşməndə qoymayacağına and içmiş bir dövlətin qisas eşqi ilə 30 illik hazırlığı, arxa-dayaq olacaq sadiq dostları və bir də güclü lideri vardı. Bəli 30 il öncə  Azərbaycan xalqının başına gətirilən qanlı faciənin qisası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına alındı, Azərbaycanın çoxəsrlik tarixinə bu qələbə qızıl hərflərlə yazıldı. Xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq, 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi.

Sevinc MUSAYEVA, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: