“Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Heydər Əliyev
Ümummilli Lider
XX əsr tarixinə bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür. Azərbaycan xalqı bu tarixi gündə qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyət elan olunması haqqında Fərman imzaladı. Lakin Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTK-nın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Gecə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz olan əhaliyə amansız şəkildə divan tutdu, bəşər tarixində görünməyən vəhşiliyə əl atdı.
Müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Çökməkdə olan sovet rejimi törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktını da əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çox sayda insan isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilmişdi. Həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, əlillər də var idi.
Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qətiyyətsizlik və qorxaqlıq nümayiş etdirdi.
Azərbaycana qarşı soyqırımı həyata keçirmiş sovet rejiminə qarşı ən kəskin bəyanatı Ümummilli Lider Heydər Əliyev verdi. Ulu Öndər faciə törədiləndən bir gün sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirtdi və törədilən faciəyə ilk siyasi qiymət verdi. Heydər Əliyev bu bəyanatla dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirərək M.Qorbaçovu kəskin ittiham etdi və qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz onun təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini qiymətləndirmək istiqamətində addımlar atıldı.
20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Azərbaycan xalqı həmin gün sovet ordusuna qarşı sinəsini sipər etmiş, mətnlik nümayiş etdirmişdir. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda savaşmaq əzminə malikdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, illər keçsə də o qanlı gecəni daim xatırlayır. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır.
Aygün ƏLİYEVA, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.