Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 16:12
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunub.

Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva qeyd edib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərib.

Daha sonra Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, f.ü.f.d. Esmeralda Həsənova, İran filologiyası şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Şəmsi Əhmədov, institutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d. Sübhan Talıblı və başqaları çıxış edərək 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: