Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Qanlı Yanvar faciəsi ağır bəşəri cinayətdir
20.01.2022 14:11
  • A-
  • A
  • A+

Qanlı Yanvar faciəsi ağır bəşəri cinayətdir

Azərbaycan xalqının müstəqil inkişaf yolunu seçməsi müqabilində SSRİ rəhbərliyi imperiyanın gücünü göstərmək, onun imkanlarını nümayiş etdirmək qərarına gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələri xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakıya yeridildi. Yanvar ayında erməni terrorçuları tərəfindən Əsgəran–Ağdam yolunda körpü, Şuşa şəhərini su ilə təmin edən boru kəməri, Ağdam şəhərində avtovağzal binası partladılmışdı. 19 yanvar tarixində Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edir, lakin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Naxçıvanda Şada, Yuxarı Yaycı, Havuş, Günnüt və Batabat hücuma məruz qalır, Sədərək rayonunda 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürülür. Naxçıvan MSSR-in Kərki kəndi Ermənistan SSR-də yerləşən 7-ci sovet ordusunun hərbçiləri tərəfindən işğal edilərək ermənilərə təhvil verildi.

Bakı və Gəncə şəhərlərində, digər yaşayış məntəqələrində ictimai siyasi vəziyyət daha da ağırlaşır, hakimiyyətsizlik hökm sürən respublikaya Ermənistan tərəfdən silahlı hücum güclənir. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman versə də, fövqəladə vəziyyət rejiminin qüvvəyə mindiyi vaxt xalqa bildirilmədi. Axşam saatlarında ölkənin yeganə televiziyasının enerji bloku partladıldığından hücum barədə ictimaiyyətə məlumat çatdırılmadı. Təcavüzkarlıq aksiyası nəticəsində Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmış, xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakı zəbt edilmiş, dinc əhaliyə divan tutulmuşdu. Məqsəd Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsini boğmaq idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, gözyaşardıcı qaz tətbiq olunaraq, hərbi texnika piketçilərin qurduğu maneələri əzib keçir, yaralıları süngüləyir, dinc sakinlərlə dolu avtobuslar gülləbaran edilir, əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulur. Şəhərə beş istiqamətdən ordu yeridilmişdi. Tanklar Salyan kazarması tərəfdən hücuma keçir, sonra köhnə avtovağzal, "20 Yanvar" meydanı, keçmiş "Kimyaçılar Evi"-nin yanı ilə metronun Elmlər Akademiyası stansiyasının qarşısına irəliləyir. Qoşunlar Biləcəri yolunda qurulan barrikadanı uçuraraq Bakıya daxil olur. İnsanların çoxu metroya tərəf qaçır ki, keçidə girsin, lakin sovet qoşun hissələri buna imkan vermir, insanlar gülləbaran edilir. Bu qanlı terror nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu. Bu, sözün həqiqi mənasında, “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi.

Yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi. Azərbaycanlıların yaşadıqları 154 yaşayış məntəqəsi aramsız basqınlara məruz qalmışdı.

Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən qanlı Bakı hadisələrini araşdırarkən göstərir ki, ermənilər hücumdan əvvəl Azərbaycanla bağlı çox güclü və hərtərəfli təhlil olunmuş, dəqiq strateji kəşfiyyat məlumatlarına malik olublar.

Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi: “...Baş verənlərə görə, bir rus zabiti kimi həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır...” Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 20 Yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi.

Ümummilli lider Heydər Əliyev xalqının fəlakətə düçar olduğu, təqib və təzyiqlərə məruz qaldığı bir dövrdə ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gəlib brifinq keçirir və Qanlı Yanvar cinayətinin günahkarlarını, SSRİ rəhbərliyini ittiham edir.

Heydər Əliyevin brifinqdə çıxışı və Kreml rəhbərliyini ittiham etməsi bütün dünyada sensasiya doğurdu. Onun ittiham nitqi qan içində boğulan Qorbaçov “yenidənqurması” üçün rekviyem oldu. Həmin gün bütün xarici radiosəslər Əliyevdən sitatlar gətirirdi, daimi nümayəndəliyin qarşısına yığılmış xarici müxbirlər isə müsahibə almaq üçün Əliyevi mühasirəyə almışdılar.

Bu hadisəni Adilə xanım Abbasova belə nəql edir: “... 1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciədən xəbər tutan kimi biz dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına getməyi qərara aldıq. Yanvarın 21-də yəqin ki, Moskvada yaşayan bütün azərbaycanlılar daimi nümayəndəliyin qarşısına gəlmişdilər. Çoxlu adam var idi. Elə həmin vaxt mən Mixail Qorbaçov tərəfindən sanksiyalaşdırılan insanlığa zidd aksiyaya qarşı hiddət və etirazını bildirmək üçün daimi nümayəndəliyə gələn Heydər Əliyevi ikinci dəfə gördüm. O, bizim qarşımızda çıxış etdi. Onun yaxınlığında durmuşdum. Kəskin danışırdı, bildirdi ki, mərkəz Azərbaycana hərbi təcavüz etmişdir. O, heç kimdən və heç nədən çəkinməyərək danışırdı. Xalq onu çox yaxşı, mehriban qarşıladı. Sonra o, binaya keçdi, biz isə onun cəsarətindən ürəklənib əvvəlcə SİTA-nın binası qarşısına, oradan isə mərkəzi televiziyaya gedib bəyanatı ötürmək və efirdən səslənməsini tələb etmək qərarına gəldik. Hava çox soyuq idi, haradasa 18-20 dərəcə şaxta vardı. Bax, o vaxt mən başa düşdüm ki, dərd insanları necə birləşdirir. Şaxtaya, yolların buz bağlamasına fikir verməyərək, insanlar əl-ələ tutub gedirdilər-bir-birini tanıyan və tanımayanlar da, qocalar və cavanlar da – hamı hakimiyyətə öz ağrı və hiddətini bildirmək üçün gedirdi.

Heydər Əliyev hadisələri ürəkağrısı ilə izlədiyini qeyd etdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Qarabağ və onun ətrafında baş verən hadisələr cinayətdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Heydər Əliyevin Azərbaycan KP MK-ya, Respublikanın Ali Sovetinə və Nazirlər Sovetinə teleqramında deyilirdi: “Azərbaycan xalqına! Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.”

Los Ancelesin “Times” qəzeti yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər, 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdi. 1990-cı il yanvarın 22-də xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin 20 Yanvar hadisələri ilə bağlı sessiyası çağırılsa da, respublikanın əksər siyasi və dövlət rəhbərlərinin ora girməməsi öz millətinə qarşı törədilən cinayətdə iştirakın sübutu idi.

Müvafiq orqanlar o zaman zəruri istintaq tədbirlərini həyata keçirmədilər, həmin hadisələrlə bağlı bir sıra məxfi sənədlər, o cümlədən əhəmiyyətli arxiv sənədləri bütövlüklə və ya qismən məhv edildi. Eyni zamanda, 20 Yanvar hadisələri şüurlu surətdə müəyyən təhriflərlə, yanlış yozumlarla respublika əhalisinə çatdırılırdı. 1995-ci ildə Heydər Əliyev 20 Yanvar mərasimində demişdir: “Bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi. Həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Ancaq respublikanın rəhbərləri həmin dəfn mərasimində olmadılar. Bəziləri indi deyirlər ki, gəldilər, keçdilər, amma onlar matəm mərasiminin başında durmalı idilər, əvvəldən axıradək orada olmalı idilər. Əgər onlar xalqın rəhbərləri idilərsə, xalqa başçılıq edirdilərsə, gərək gəlib orada duraydılar. Bu da təsadüfi deyil, çünki yəqin mənəvi haqları yox imiş, onlarla xalq arasında böyük bir uçurum var idi”.

Bir məsələni də nəzərdən qaçırmaq olmaz. Azərbaycan Xalq Cəbhəsini təmsil edənlər hakimiyyətdə olduqları zaman 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdilər. Respublika rəhbərliyinin hətta şəhidlərin dəfn mərasimində də iştirak etməməsi, zənnimizcə təkcə öz vətəndaşlarına laqeyd-biganə münasibət məsələsi deyildi, həm də mənəviyyat məsələsi idi. Ən ciddi şəkildə narahatlıq doğuran məqamlardan biri ondan ibarətdir ki, baş vermiş faciə siyasi-hüquqi müstəvidə nəinki yetərincə araşdırılmadı, hətta onun mahiyyəti hər vasitə ilə gizlədildi. Heydər Əliyev çıxışında qeyd edirdi: “Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. ...Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqında bir təlatüm, coşqunluq, həyəcan əmələ gətirdi, elə bil vulkan püskürdü. İnsanların qəlbində güclü hissiyyat oyandı. Məhz bunlara görə yanvarın 22-də Azərbaycan Respublikasının o vaxtkı rəhbərlərinin iradəsinə zidd olaraq ölkəmizin qeyrətli adamları, deputatları, ziyalıları Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasını topladılar. Ağır şəraitdə, böyük təzyiqlər, qorxu altında, böyük təhlükə qarşısında bu məsələ müzakirə olundu. Mən hesab edirəm ki, həmin gecə, elə bir ağır şəraitdə layiqli qərar qəbul edildi. Bu gün xüsusi qeyd etmək lazımdır ki, həmin sessiyanın da aparıcı qüvvəsi bizim ziyalılar, Vətənə, torpağa bağlı adamlarımız idi. ...Ağır, çox ziddiyyətli bir şəraitdə – sovet ordusunun Azərbaycandakı hökmranlığı şəraitində, Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycana təzyiq göstərdiyi bir vaxtda gecə belə qərar qəbul olundu. Bu, doğrudan da yüksək qiymətə layiqdir. Ancaq bundan sonra nə oldu? ... Günahkarlar kənarda qaldılar, öz şəxsi məqsədləri, mənafeləri üçün, xalqın tarixi faciəsini ört-basdır etməyə çalışdılar.

Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri ümummilli lider belə xatırlayır: “Eşidəndə ki, mənim doğma Vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu Vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Seçkilərin elə ilk turunda Heydər Əliyev, həm Azərbaycan SSR-in, həm də Naxçıvan Muxtar Respublikasının xalq deputatı mandatını qazanır. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin mart sessiyasında öz tarixi çıxışları ilə respublikanın tam müstəqil yaşamaq imkanlarını açıqlamışdı. Azərbaycanın tarixində ilk dəfə olaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti bu qanlı hadisələrə qiymət verir.

Ulu öndər Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar layihəsini hazırlayaraq 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edilən qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Həmin qərarda 20 Yanvarın hər il Naxçıvan Muxtar Respublikasında matəm günü kimi qeyd olunması məsələsi də öz əksini tapmışdı.

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasının qərarı ilə Azərbaycan SSR Azərbaycan Respublikası adlandı və AXC-nin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edilir.

2002-ci il 5 yanvar tarixində 20 Yanvar faciəsinin on ikinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından: “XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı, ümumiyyətlə, humanizmə və insanlığa qarşı yönəldilmiş dəhşətli cinayət idi. SSRİ-nin başqa regionlarında, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə sovet hərb sisteminin törətdiyi qanlı hadisələr müxtəlif səviyyələrdə, o cümlədən SSRİ xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu surətdə təhrif olunur və unutdurulurdu”.

Ümummilli lider Heydər Əliyev tərəfindən Milli Məclisdə 20 Yanvar faciəsinə qiymət verilməsi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə yaradılması qərarı qəbul olunmuş, “Əbədi məşəl” abidə kompleksinin yaradılması 1994-cü ildə irəli sürülüb. Həmin ilin martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir.

Ulu öndər Heydər Əliyev 1995-ci ildə Rüstəm Mustafayev adına, Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qanlı Yanvar rəssamlıq sərgisinin açılışında çıxışında haqlı olaraq qeyd edirdi: “Xalqımız əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatmışdır. Əgər XX əsri götürsək, 1918-ci ildə, 1920-ci ildə Azərbaycan xalqının başına gələn bəlalar, faciələr məlumdur. 1937-1938-ci illərin faciələri də məlumdur. Ancaq 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi”.

1995-ci aprelin 27-də İstanbulda Mixail Qorbaçov Qara Yanvarla bağlı bunu demişdir: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi”.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Prezident İlham Əliyev vurğulayıb ki, bu qanlı faciə, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi: “O vaxtadək Sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi”.

Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

Cənab Prezident İlham Əliyev tərəfindən Sərəncama əsasən, 2010-cu ildə Bakının Yasamal rayonununda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

“Xalq qəzeti”

  • Paylaş: