Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.01.2022 10:28
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin şairə Ümgülsüm Sadiqzadəyə həsr olunmuş növbəti buraxılışı yayımlanıb

“Vətənim” verilişinin şairə Ümgülsüm Sadiqzadəyə həsr olunmuş növbəti buraxılışı yayımlanıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin Azərbaycan şairəsi Ümgülsüm Sadıqzadəyə həsr olunmuş növbəti buraxılışı yayımlanıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə şairə Ümgülsümün ağrılı-acılı həyatından, zindanlarda yazdığı xatirələrindən bəhs olunub.

“Ümgülsüm xanımdan qalan həbs şeirləri, zindan xatirələri bütün zamanlarda yaşamalı olan tarix dərslərindəndir”, - deyə qeyd edən akademik R.Hüseynov əlavə edib ki, düşmənə belə qıyılmayan zillətli günlər zərif, ilhamlı Ümgülsüm xanımın taleyinə yazılmışdı.

O, Ümgülsüm Sadıqzadənin Azərbaycan yazıçısı Seyid Hüseynin həyat yoldaşı olduğunu, 1937-ci ildə repressiyalar zamanı 4 övladı ilə ayrı düşdüyünü diqqətə çatdırıb.

Şairənin istiqlalçı düşüncələrin onun əsl və nəcabətindən qaynaqlandığını deyən R.Hüseynov Cümhuriyyətimizin qurucusu Məmməd Əmin Rəsulzadənin Ü.Sadıqzadənin doğma əmisi oğlu olduğunu vurğulayıb. Əlavə edib ki, Ümgülsümün həbsə atılması həyat yoldaşı S.Hüseyndən daha çox M.Ə.Rəsulzadənin yaxın qohumu olması ilə əlaqədar idi.

Akademik bildirib ki, Ü.Sadıqzadə Bayıl həbsxanasındakı dəhşətli günlərini qələmə alıb, burada Mikayıl Müşviqin yoldaşı Dilbər Axundzadə ilə xatirlərindən bəhs edib.

“Şairə Ümgülsüm 1920-ci ildə bayrağımıza həsr etdiyi ağıda endirilmiş bayrağın arxasında hansı faciələrin xalqımızı gözləyəcəyini öncədən sezmişdir”, - deyə bildirən akademik represiya qurbanı olan, fəlakət burulğanında, bəla bataqlığında qalan məsum qadınların acınacaqlı taleyinə diqqət çəkib.

R.Hüseynov qeyd edib ki, Ümgülsüm xanımın zindan xatirələri, 160 gün ayrılıqdan sonra övladları ilə ilk görüşü haqqında yazdığı sətirlər dünyanın ən böyük yazıçısının yaza bilmədiyi, dünyanın ən böyük qələminin belə insanı bu qədər həyəcanlandıra bilmədiyi sətirlərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: