Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib. Bununla əlaqədar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarında saxlanılan və Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri Şuşanın və Qarabağın tarixini və mədəniyyətini əks etdirən nəşrlərdən ibarət “Xarıbülbül səhifələrdə” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş dəyərli ədəbiyyatlar öz yerini tapıb.
Nəşrlərdən “Zəfər salnaməsi”, Elturan Avalovun “Şuşa qrafika”, Yaqub Mahmudov və Camal Mustafayevin “Şuşa Pənahabad”, Kərim Kərimlinin “Şuşalı, Şuşasız günlərim”, Pərviz Axundbəylinin “Şuşa həsrəti”, İsmayıl İsmayılovun “Azərbaycan mirvarisi Şuşa”, Vasif Quliyevin “Şuşa nəğmələri”, Zemfira Səfərovanın “Şuşa - Azərbaycanın musiqi qalasıdır”, Bahadur Eyvazovun “Şuşa kurortu”, İnqilab Kərimovun “Şuşa-Ağdam teatrı”, Yunis Hüseynovun “Şuşa şəhərinin tarixi”, Etibar Quliyev, Aytən Quliyeva və Dilqəm Quliyevin “Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım”, Lətif Qarabağlının “Şuşa və Hindistan xatirələrim”, Mirkamil Ağamirovun “Şuşa musiqi məktəbi”, eləcə də ”Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir”, “Şuşada ağlayan çiçək”, “Şuşa - Azərbaycanın mədəniyyət və tarix incisidir”, “Şuşa şəhərinə həsr olunmuş elmi konfransın materialları. 22 dekabr 2000-ci il” və digərləri yer alıb.
Təqdim olunan kitablarda Ümummilli Lider Heydər Əliyevin müxtəlif dövrlərdə Şuşa şəhərinə səfərləri, şəhərin inkişafına göstərdiyi qayğısı, diqqəti haqqında tədqiqatlar, həmçinin Ulu Öndər siyasi məktəbinin layiqli varisi Prezident İlham Əliyevin fəaliyyət xətti, liderlik keyfiyyətləri, strateji məqsədlərlə düşünmək və onlara çatmaq bacarığı, möhkəm siyasi və mənəvi mövqeyi, Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə, ölkənin inkişaf sürətinin artması və dünya miqyasında tanınması haqqında ətraflı məlumatlar öz əksini tapıb. Əsərlərdə Şuşa-Pənahabad qalasının salınması və xarici işğalçılara qarşı mübarizə tarixi, siyasi, iqtisadi, sosial inkişafı, görkəmli şəxsiyyətləri, erməni işğalının nəticələri və bir sıra digər məsələlər öz əksini tapıb. Bunlarla yanaşı nəşrlərdə Şuşanın mədəni inkişaf tarixinə də geniş yer verilib. O cümlədən nəşrlərdə, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım, deportasiya siyasəti öz əksini tapıb.
Qeyd edək ki, virtual ilə yanaşı MEK-in sərgi salonunda ilboyu davam edəcək daimi sərgi də təşkil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.