Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şuşa toponiminin etimologiyası və onun məhəllələrinin tarixi
02.02.2022 12:45
  • A-
  • A
  • A+

Şuşa toponiminin etimologiyası və onun məhəllələrinin tarixi

Bir əcəb gülşəndir torpağın, daşın,

Dumanlı dağlardır həyat yoldaşın.

Bir ağrı gördümü ömründə başın,

Ey fitrən xəlq olmuş təbabət, Şuşa!

İlk Azərbaycan xalq şairi mükafatına layiq görülmüş, sevilən şairimiz Səməd Vurğun “Şuşa” şeirində bu diyarın gözəlliklərini təsvir etmiş, daşının, torpağının müalicəvi olduğunu vurğulamışdır. Göründüyü kimi Şuşa şəhəri hər daim öz əsrarəngiz təbiəti, səfalı və müalicəvi havası ilə xəstəliklərə dəva, qəlblərə sevinc bəxş edən füsunkar məkandır. 8 may 1992-ci ildə işğal edilmiş Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli, igid ordumuzun şücaəti ilə düşmən tapdağından azad olunmuş və uzun çəkən həsrətdən sonra öz əsl sahiblərinə qovuşmuşdur. İşğaldan əvvəl burada Dövlət Dram Teatrı, Şuşa televiziyası, Dövlət Qarabağ tarixi, Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, 4 texnikum, 2 institut filialı, texniki peşə məktəbi, Uşaq sağlamlıq məktəbi, 25 orta məktəb, orta və orta ixtisas musiqi məktəbləri, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 17 klub, 31 kitabxana, 40 tibb müəssisəsi, 2 sanatoriya, Uşaq sanatoriyası, 70 yerlik tibb bazası, mehmanxana, 5 mədəniyyət və istirahət parkı, 4 kinoteatr, ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi Şuşanın özündə necə böyük mədəniyyət potensialına sahib olduğunun göstəricisi idi. Bununla belə hər il may aylarında Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı da bu şəhərin mədəniyyət, incəsənət potensialından xəbər verir, lakin əfsuslar olsun ki, düşmən tapdağı altında qalan illərdə Şuşada bir çox mədəniyyət abidəsi məhv edilmiş, tanınmaz hala salınmışdır.

Buna baxmayaraq, Şuşa azadlığına qovuşduqdan sonra aparılan yenidən quruculuq tədbirləri, şəhərin sürətli dirçəlişi onun əvvəlki əzəmətli günlərinə yenidən qayıdacağına qəti əminlik doğurur. Belə ki, bu məqsədlə ölkə Prezidenti tərəfindən 7 may 2021-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq imzalanmış sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, dolğun mədəni həyatına qovuşması, eləcə də, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədi ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Həmçinin ölkə başçısının Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi ilə bağlı olaraq 2022-ci il ölkəmizdə “Şuşa ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Ölkə başçısı İlham Əliyevin Şuşanın dirçəlməsi və əvvəlki əzəmətinə qayıtması məqsədilə atdığı addımlar: Şuşa şəhərinin baş planı qısa müddətdə hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı, Molla Pənah Vaqifin məqbərəsi önündə “Vaqif poeziya günləri”nin təşkili ənənəsinin bərpası işğal nəticəsində məhv edilib yararsız hala salınmış bir çox tarixi, dini memarlıq abidələrinin qısa müddətdə bərpası və s. kimi sürətli şəkildə görülən bərpa və quruculuq işləri Şuşanın əvvəlki əzəmətinə yenidən qayıdacağına qəti əminlik yaradır.

Şuşa şəhəri bilindiyi kimi Azərbaycanın mədəniyyət beşiyidir. Belə ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin tarixində silinməz izlər qoyan dünya şöhrətli Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Sadıqcan, Cabbar Qaryağdıoğlu, Rəşid Behbudov, Qurban Pirimov, Süleyman Ələsgərov kimi tanınmış bəstəkarlar, müğənnilər, musiqiçilər əslən Şuşalı olmaqla bu torpağın yetirmələridir. Məhz adları çəkilən sənətkarlar Şuşanı “Şərqin konservatoriyası” olaraq dünyaya tanıtdırmışlar. Həmçinin Azərbaycanın ilk peşəkar pedaqoqu “Vətən dili” dərsliyinin həmmüəllifi Səfərəli bəy Vəlibəyov, Firudin bəy Köçərli, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Xurşidbanu Natəvan, Qasım bəy Zakir, Toğrul Nərimanbəyov, Cəlal Qaryağdı, Əhməd bəy Ağaoğlu və s. kimi ölkəmizin mədəni həyatında önəmli rol oynamış şəxslər Şuşa torpağının yetirmələridir. Azərbaycanın hər bölgəsi özünün elm, incəsənət, mədəniyyət və s. sferalarda görkəmli nümayəndələrinə sahib olmaqla birlikdə, heç şübhəsiz Şuşa şəhəri ölkəmizin mədəni həyatına yön verən, ziyalılarımızın sayına görə başı çəkən, hətta öncüllərdən biri və birincisidir.

Qarabağın incisi Şuşa şəhərinin tarixi olduqca qədimdir. Belə ki, əsası Pənahəli xan tərəfindən qoyulan şəhərdə ayrı-ayrı dövrlərdə aparılan arxeloji tədqiqatlar şəhərin tarixinin bir neçə min illərlə ölçüldüyünü göstərir. Belə ki, 1971-ci ildə M. Hüseynovun rəhbərliyi ilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən keçirilmiş Mil-Qarabağ ekspedisiyası nəticəsində Şuşa mağarasından Paleolit (qədim daş) dövrünə aid 2 ədəd kobud çapacaq, b.e.ə. V- IV minilliklərə aid torpaq, gil qarışığından qab məmulatları, eneolit, tunc və dəmir dövrlərinə aid saxsı qab qırıntıları, mezolit dövrünə aid mikrolit bıçaqlar aşkar edilmişdir. Həmçinin ekspedisiya nəticəsində Şuşa mağarasından çaxmaq daşından bıçaqvari lövhələr, kəsicilər aşkar edilmişdir ki, bu tapıntılar yuxarı paleolit dönəminə aid olmaqla ilkin yaşayış məskənlərinin mövcudluğundan xəbər verir.

Qarabağ adının etimologiyasına dair müəlliflərin bir sıra görüşləri vardır. Belə ki, Qarabağ adının qara və bağ sözlərindən təşəkkül tapdığı başlıca görüşlərdən biridir. Qara sözünün ilkin yazılı mənbələrdə, Orxon-Yenisey abidələrində, Əbu Həyyanın XIV əsrə aid “Kitabul idrak” əsərində, “Kitabi Dədə Qorqud” və s. qədim, orta əsr qaynaqlarında qara/kara formalarında işləməklə dilimizdə yer alan rəng mənası ilə bərabər torpaq, qüvvətli, möhkəm, şimal mənalarını da bildirir. Günümüz türk dillərinə nəzər yetirdikdə Azərbaycan dili ilə bərabər kumın, tatar, başqırd, noqay, qaraqalpaq dillərində heç bir orfoqrafik və orfoepik fərqlilik göstərmədən qara, türkmən dilində q~g samit əvəzlənməsi ilə gara, qaqauz dilində q~k samit əvəzlənməsi ilə kara, Türkiyə türkcəsinin dialektlərində kara formasında yer alsa da, ədəbi dildə fars mənşəli siyah sözü işlənir. Həmçinin türk dilli xalqların ədəbiyyatlarında qara sözü rəng məfhumunu bildirməklə yanaşı böyüklük, əzəmət (Səlcuq hökmdarı Qara Arslan əcnəbi mənbələrdə qüvvətli şir formasında tərcümə olunub), şimali (Qaraxan A.F.Qabenin qənaətincə Xanlar xanı Qaraxanın  adının bir mənası da şimalda hökm sürən xan deməkdir) çoxluq, sıxlıq mənalarını bildirir. Ümum qəbul olunmuş görüşə əsasən Qarabağ toponimi qara – qalın / sıx və  bağ sözlərinin birləşməsi ilə böyük bağ, qalın bağ məfhumu bildirən anlayış meydana gəlmişdir. Bağ sözü isə qədim türkdilli qaynaqlarda bağlamaq feilinin prototipi olan *ba feilinə ık4/ıg4 şəkilçilərin birləşməsi, zamanla bağ formasına çevrilməsi ilə müasir bağ sözü təşəkkül tapmışdır. Belə ki, bağ məfhumu ətrafı bağlanan, hasarlanan sahəni bildirir. Qarabağ toponimi qara (sıx, qalın, böyük mənalarında) və bağ  sözlərindən əmələ gəldiyini qəbul edən dilçilərə görə Qarabağ ətrafı sıldırım qayalarla əhatəyə alınmış yer mənasını da bildirir, lakin N. Məmmədov “Azərbaycan yer adları” kitabında Qarabağ toponimini ənənəvi böyük bağ mənasında təhlili ilə razılaşmayaraq, bu coğrafi adın tayfa adından əmələ gəlməsi qənaətindədir. Müəllif fikrini onunla əsaslandırır ki, əgər Qarabağ böyük bağ mənasını verirsə, onun analoqu olaraq kiçik bağ  mənasını verən Ağbağ yaşayış məskəni də olmalıdır, belə olmadığı təqdirdə bu sözün tayfa adı olması qənaətindədir. Belə ki, Qarabağ ərazisində qədim kəngər-peçeneqlərin tərkibində qarabağ adlı tayfa olmuşdur. Peçeneq tayfaları eramızın əvvəllərindən Azərbaycanda yaşamışlar. Bu hipotezin tərəfdarları Qarabağ toponiminin etimologiyasını mövcud tayfa ilə əlaqələndirirlər.

Qarabağ toponimini təhlil edən bir digər qrup dilçilərin qənaətinə görə bu oykonim qara (böyük mənasında) və bak (qədim türk dillərində el / tayfa / soy mənalarında) sözlərindən təşəkkül tapmaqla, böyük tayfa / böyük soy / böyük el mənalarını  bildirir. Göründüyü kimi Qarabağ toponiminə hansı aspektdən yanaşılırsa yanaşılsın o, türk mənşəlidir. Bu yaşayış məskəninin etimologiyası, aparılan arxeoloji qazıntılarda aşkar edilmiş tapıntılar bu diyarın türk yurdu olduğunu təsdiqləyir.

Qarabağın incisi heç şübhəsiz “Kiçik Paris”, “Azərbaycanın musiqi beşiyi”,  “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa şəhəridir. Şuşa toponimi haqqında bir çox mülahizələr mövcuddur. Belə ki, Şuşa toponiminin mənşəyi haqqında ən geniş yayılmış mülahizə şiş sözündən törəmiş olmasıdır. Şiş sözü dik, iti uclu zirvə deməkdir. Daha sonra bu söz Şuşa formasını almışdır. Bu mülahizənin tərəfdarları Şuşa şəhərinin bu cür adlandırılmasının onun coğrafi xüsusiyyətləri ilə əlaqələndirir. Belə ki, Şuşa şəhəri coğrafi baxımdan Kiçik Qafqaz dağlarının ətəklərində dəniz səviyyəsindən ortalama 1420 metr yüksəklikdə yerləşir. Ərazisi dağlıq olmaqla ən böyük zirvəsi 2725 metrlik Böyük Kirs dağıdır, həmçinin Keçəldağ aşırımı da buradadır. Şəhərin kənarında, Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü Şuşanın başlıca atributlarından biridir. Şuşada yerləşən təbii mədəniyyət abidəsi “Xan mağarası” 1992-ci ildə işğal zamanı dağıdılmışdır.

Şuşa toponimi haqqında bir digər irəli sürülən mülahizəyə əsasən bu oykonim sak türkləri ilə bağlıdır. Belə ki, bu mülahizənin tərəfdarları Şuşa sözünün iki komponentdən: şu və sa təşəkkül tapdığını qeyd edirlər. Zamanla şu sözündəki ş samiti s məxrəcə keçmiş və indi işlənən forma meydana gəlmişdir. Bu söz sak türklərində ən təmiz mənasında yer alır.

Digər bir versiyaya görə Şuşa yaşayış məskəni qədim sak dilində mövcud olan şu təyinindən əmələ gəlmişdir. Belə ki, sak tayfaları qədim türk mənşəli tayfalardan olmaqla e.ə. I minillikdə Orta Asiya, Qazaxıstan çöllərində yaşamış və bu xalqların təşəkkülündə mühüm yer oynamışlar. Azərbaycan toponimlərinə nəzər saldıqda Sakasen (Kür çayının sağ sahili) tarixi əyalətini, həmçinin müasir oykonimlərdən Astara rayonu ərazisində yerləşən Sakaşon və Sakşon toponimləri sak tayfaları ilə bağlıdır. Həmşinin sak tayfalarının yayıldığı areala nəzər yetirdikdə onların maddi mədəniyyət abidələrinin hal-hazırda Sırdərya, Talas, İli və Şu çaylarının sahillərində rast gəlmək olar. Burada bəhs olunan Şu çayı Qazaxıstan ərazisində yerləşməklə toponim adını sak tayfalarından götürmüşdür. Şuşa sözünün saklara məxsus şu ilə sa hissəciklərinin birləşməsindən əmələ gəlməsinin tərəfdarları saklara məxsus toponimlərin dünyanın müxtəlif yerlərində bənzər və fərqli şəkillərdə işlənməsini sübut olaraq göstərirlər. Bu fərziyyə də özündə doğruluq ehtiva edir, çünki saklarla bağlı olan tarixi, müasir xüsusi adlara yayıldıqları ərazilərdə rast gəlmək mümkündür. Şu Qazaxıstanda günümüzdə hidronim olaraq yer almaqdadır, həmçinin tarixdə Şu qalası, bununla yanaşı Mahmud Kaşğarlının əsərlərində Makedoniyalı İsgəndərlə mübarizə aparan Şun adlı igid sərkərdədən də bəhs olunmuşdur. Belə ki, igidliyi ilə seçilən türk sərkərdəsi Şun öz adı ilə səsləşən Şu qalasını tikdirmişdir.

Şuşa toponiminin etimologiyasını haqqında bir digər mülahizəyə görə bu ad türk mənşəli dondar tayfaları ilə əlaqədardır. Belə ki, Roma tarixçisi Publius Cornelius Tacitus (Tasit Korneli) Qafqaz ərazisində Sosu şəhərinin olduğunu bildirir və bu şəhərin türk mənşəli dondar tayfasına məxsusluğunu vurğulayır. Qeyd etmək lazımdır ki, latın dilində ş hərfi mövcud olmadığından müəllif şəhərin adını Sosu şəklində vermişdir.

Şuşa toponiminin etimologiyası haqqında bir digər mülahizənin tərəfdarları: Ş.Bidlis “Şərəfnamə”, Ə.Dexuda, R.Əli, E.Vasilyev, İ.Rakşan tədqiqatlarında müsəlman şərqində alınmaz qalalara “Şuşa qalaları” deyildiyini qeyd edirlər. Avropa, Asiya, Sibirdə türk və müsəlmanların yaşadığı ərazilərdə “Şuşa”, “Şiştər”, “Şuş” adı daşıyan qala və şəhər adlarına rast gəlinir. XX əsrdə yaşamış rus alimi E. Vasilyev orta əsrlərdə müsəlman şərqi ölkələrində alınmaz qalalara “Şuşa qalaları” deyildiyini qeyd edir. Belə ehtimal olunur ki, o dövrdə alınmaz qalalar şiş qayalar üzərində tikilir, bu da onu əlçatmaz edirdi. Öz növbəsində şiş sözü türk dillərdən fars dilinə daxil olarkən dəyişib şuş formasını almışdır.

Şuşa toponiminin etimologiyası haqqında folklora, xalq əfsanəsinə nəzər yetirdikdə isə şəhərin bu cür adlandırılmasının səbəbi kimi bu yerlərin havasının büllur, şüşə kimi saf olmasından qaynaqlanması göstərilmiş, şüşə kimi havası olan şəhər mənasında zamanla şüşə sözü Şuşa formasını almışdır.

Şuşa adının etimologiyasına dair müxtəlif mülahizələri qeyd etdikdən sonra bu şəhərin və onun məhəllələrinin salınması və onların adlandırılması tarixinə nəzər yetirək. Şuşa şəhərinin əsası öncə də qeyd etdiyimiz kimi Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Belə ki, 1748-ci ildə Pənahəli bəy Qarabağa gedərək Qarabağ xanlığının əsasını qoyur və özünü Qarabağ xanı elan edir. Bu zaman xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuz iki, Kəbirli, Baharlı, Ziyadoğlular tayfaları təşkil edirdi. Pənahəli xan Qarabağ xanlığını hücumlardan qorumaq məqsədi ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını tikdirir, lakin hücumlardan qorumaq üçün daha etibarlı qala tikdirmək qərarına gələrək Tərnəgül olaraq da adlandırılan Şahbulaq qalasını tikdirir. Xanlığın mərkəzini daha etibarlı yerə köçürmək qərarına gələrək yeni yer axtarışına başlayır və 1752-ci ildə Şuşa qalasını tikdirir. XIX əsrə aid Mirzə Rəhim Fənanın “Tarixi Cədidi Qarabağ” əsərində Şuşa şəhərinin tikiliş prosesi ardıcıl sürətdə təsvir edilmişdir. Həmçinin Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Yusif Qarabaği, Həsən İxfa Əlizadə kimi müəlliflərə istinadən Şuşa şəhərinin əsasının Pənahəli xan tərəfindən qoyulduğunu qeyd edə bilərik. Belə ki, şəhər əvvəllər Pənahabad, Qala, Şəhri-Şişə, Şişə və s. son olaraq Şuşa adlandırılmışdır. Şəhərin inşa edilməsinə Pənahəli xan Ərdəbil, Təbriz və başqa şəhərlərdən o dövrün tanınmış M.M.Nəvvab, Məmmədyar, Usta Qəmbər, Məşədi Əliqulu, Qarabağlı Kəblə Əkbər, Məşədi Xaspolad, Kərbəlayi Səfixan, Kərbəlayi Qarabaği kimi sənətkarlarını gətirtmişdir. Üç tərəfi sıldırım qayalarla əhatə olunan Şuşanın Daşaltı və Xəlfəli qayalarının əmələ gətirdiyi dərin uçurum qala tikilməsi üçün münasib hesab edildi. İlkin olaraq İrəvan (və ya Xəlfəli qapısı) və Gəncə qapıları, daha sonra Ağoğlan qapısı (Muxtar qapısı və ya Şuşakənd qapısı) alınmaz qala şəhər Şuşanı ətraf aləmdən qorumağa xidmət edirdi. Pənahəli xan Qarabağın Seyidli, Köçərli, Saatlı, Mərdinli, Qurdlar və başqa kəndlərinin əhalisini Şuşa qalasına gətirir. Bununla yanaşı Gürcüstandan və qonşu xanlıqlardan Kəngərli, Puşan, Qacarlı, Dəmirçi, Həsənli, Qızıl Hacılı, Boy Əhmədli, Cinli, Səfi-Kürd və digər tayfalar Şuşaya köçüb gəlmiş və Şuşa şəhəri tezliklə Qarabağ xanlığının ictimai, siyasi, iqtisadi və mədəni həyatında önəmli rol oynamağa başlamışdır. Şuşaya axın edən insanlar arasında sənətkarlar şəhərin şərqində Pənahəli xanın zamanında özlərinə məhəllələr saldılar. Saatlı (digər adıyla Dulusçular), Papaqçılar (digər adıyla Seyidli) və s. məhəllələr buna misaldır. Şuşa şəhərinin inkişafını tədqiqatçılarımız 3 mərhələyə ayırır:

Pənahəli xan tərəfindən Şuşa qalasının əsasının qoyulması, müdafiə divarları, qəsrlər və Aşağı məhəllənin salınması 1751-1759-cu illəri əhatə etməklə I dövrü təşkil edir (Şuşanın ilk böyük məhəlləsi olan Təbrizli məhəlləsi sonralar Aşağı məhəllə adlandırılmışdır ki, əhalisinin əksəriyyəti Təbriz və Ərdəbildən Bayat qalasına köçürülən sənətkarlardan ibarət idi. Aşağı məhəllə Çuxur, Qurdlar, Culfalar, Mərdinli, Çöl qala, Seyidli, Quyular (Quyuluq və ya Toylu) adlanan kiçik məhəllələr yerləşirdi);

Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən (bunlar Xanlıq, Saatlı, Köçərli, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə, Mamayı məhəllələri) ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759-1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir;

Şuşanın formalaşmasının III mərhələsi isə 1805/1806-cı illərdən sonrakı zaman kəsiyini əhatə edir. Şuşanın bir şəhər kimi formalaşması bu mərhələdə başa çatmışdır. 1805-ci ildə Qazançalı adlanan məhəllə salınmışdır.

Şuşa şəhərində ümumilikdə 9 aşağı və 8 yuxarı məhəllələr daxil olmaqla cəmi 17 məhəllə mövcud olmuşdur. Bunlardan: Qurdlar, Seyidli, Quyuluq, Çuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Cuhudlar (və ya Culfalar) – Aşağı məhəlləni; Merdinli (və ya Mərdinli), Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamam qabağı, Təzə məhəllələri – Yuxarı məhəlləni əmələ gətirən məhəllələrdir.

Bu məhəllələrin adlandırılması müxtəlif səbəblər, tayfa mənsubiyyəti (Qurdlar və Seyidli məhəllələri), relyef xüsusiyəti (Çuxur məhəlləsi), şəhərin hansı ərazisində yerləşməsindən asılı olaraq (Çöl qala məhəlləsi – qala divarlarına ən yaxın yerləşən məhəllə olduğundan belə adlandırılmışdır; Hamam qabağı məhəlləsi – burada bəhsi keçən hamam Şuşada ilk tikilən hamamlardan biri olan Əbdül Səməd bəyə məxsus hamam olmuşdur), hansı peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından (Dəmirçilər məhəlləsi – nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə idi), hər hansı spesifik xüsusiyyətinə görə (Quyuluq məhəlləsi – su quyularının bolluğu ilə seçilən məhəllə olduğundan bənzər şəkildə adlandırılmışdır), hər hansı tayfaya mənsubiyyətinə görə (Saatlı məhəlləsi – İyirmi dörd mahalının Saatlı kəndindən gələn əhalinin adı ilə adlandırılmışdır. Bu nəsildən olan 17 ailə Molla Pənah Vaqif də aralarında olmaqla bu məhəllədə yerləşmiş və məhəllə onların adı ilə adlandırılmışdır. Öz növbəsində M.P.Vaqif bu məhəllədə məktəbin əsasını qoyub, özü də orada dərs demişdir.) və s. adlandırılmışdır. Yuxarı məhəllələrə daxil olan Köçəri məhəlləsi öz adını Cavanşir mahalının Köçərli kəndindən gələnlərdən almışdır. Bu soyun görkəmli nümayəndəsi Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firudin bəy Köçərli bu məhəllədə doğulmuşdur. Şəhərin mərkəzi hissəsində yerləşən yuxarı məhəllələrdən biri də Mamayı məhəlləsidir. Toponim Mamay bəyin adı ilə bağlıdır. Şəhərin mərkəzində yerləşən yuxarı məhəllələrdən biri də Xoca Mərcanlı və ya Xoca Mircanlı məhəlləsidir. Burada Xoca Mərcanlı piri, eyni adlı məscid və bulaq yerləşirdi. Həmçinin 46 otaq və 2 böyük qonaq otağından ibarət 3 mərtəbəli Hacı Qulu İmarəti də bu məhəllədə yerləşirdi. Merdinli və ya Mərdinli məhəlləsi yuxarı məhəllələr siyahısına daxil olmaqla şəhərin mərkəzi hissəsində yer alırdı. Məhəllə Cavanşir- Dizhaq mahalının Merdinli, Zərgər, Qaraxanbəyli, Dədəli, Yağləvənd, Hacılı obalarının əhalisindən təşkil olunmuşdu. Xurşidbanu Natəvan tərəfindən tikilmiş və memarlıq cəhətdən Şuşanın digər hamamlarından fərqlənən Şirin su hamamı bu məhəllədə yerləşirdi. Təzə məhəllə yuxarı məhəllələr sinfinə daxil edilməklə şəhərin salınmış sonuncu məhəlləsi olduğundan bənzər şəkildə adlandırılmışdır. Burada yerləşən Təzə məhəllə məscidi sovetlər dövründə digər dini abidələr kimi tikiliş amalına görə istifadə edilə bilməyib Pənahəli xan adına kitabxana olaraq fəaliyyət göstərmişdir. Culfalar və ya Cuhudlar məhəlləsi aşağı məhəllələrə daxil idi. Dördlər qurdu məhəlləsi aşağı məhəllələr də daxil olmaqla erməni işğalı nəticəsində 90%-i məhv edilmişdir. Hacı Yusifli məhəlləsi aşağı məhəllələrdən olmaqla adını divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlıdan alıb. Qasım bəy Zakirin evi, Aşağı Gövhər ağa məscidi bu məhəllədə yer alır. Dörd çinar məhəlləsi aşağı məhəllələrdən olmaqla kiçik məhəllə olmuş zamanla tarixə qovuşaraq Təzə məhəlləyə birləşdirilmişdir. Onu qeyd etmək lazımdır ki, Şuşanın bu 17 məhəlləsinin hər birinin məscid, hamam və bulağı olmuşdur.

Göründüyü kimi istər Qarabağ, istərsə də Şuşa toponimləri türk mənşəli olmaqla bu diyarın əsl sahiblərinin etnik kimliyindən xəbər verir. Şuşanın məhəllələrinin adları və etnonimlərinin tarixi də buranın əsl sahiblərinin azərbaycanlılar olduğunu gözlər önünə sərir. Şuşa və onun məhəllələrinin adlarının mənşəyi, şəhərin əsasını qoyanların etnik kimliyi və tarixi, şəhərin məhəllələrində yer alan məscid, imarət, yaşayış evlərinin memarlıq üslubu bu və digər faktların Şuşanın türk yurdu olduğunun sarsılmaz sübutudur.

Elnurə HÜSEYNOVA, AMEA-nın Dilçilik İnstitutunun Sosiolinqvistika və Psixolinqvistika şöbəsinin elmi işçisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: