Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Ölkəmizdə kimya sənayesinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu
10.05.2025 17:02
  • A-
  • A
  • A+

Ölkəmizdə kimya sənayesinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

Kimya sənayesi elmi-texniki tərəqqinin inkişafını müəyyən edir, bu sənaye sahəsi, eyni zamanda bir çox əlaqəli sənaye sahələrinin xammal bazasını genişləndirir, kənd təsərrüfatının inkişafının, mineral gübrələrin istehsalının mühüm şərtidir. Kimya sənayesi kimyəvi maddələr istehsal edən şirkətlərdən və digər müəssisələrdən ibarətdir. Tarix boyu kimyəvi maddələrin hazırlanmasına və istifadə edilməsinə baxmayaraq, ağır kimya sənayesinin yaranması Sənaye İnqilabının başlanğıcı ilə eyni vaxta təsadüf edir.

Sovet hakimiyyəti illərində kimyəviləşdirmə proqramının ilk variantı 1930-cu illərdə qəbul edilib və həyata keçirilməyə başlanıb. Bu dövrdən etibarən xalq təsərrüfatının kimyəviləşdirilməsi kampaniyası geniş şəkildə yayılmağa başladı. Müharibədən sonrakı bərpa dövrü başa çatan kimi sovet rəhbərliyi 1950-ci illərin sonlarında kimya sənayesinin inkişafına xüsusi diqqət yetirməyə başladı. Ümumiyyətlə, Azərbaycanda kimya sənayesi 1926-cı ildə Yod-brom zavodunun açılışı ilə yaranmışdır. 1930-cu ildə Suraxanıda yod zavodu açıldı. 1953-cü ildə Sumqayıtda sintetik kauçuk zavodu işə salındı. Sumqayıt sintetik kauçuk zavodunda şin istehsalının genişlənməsi nəticəsində 1959-cu ildə Bakı Şin Zavodu yaradıldı.

Parlaq dühası, iti zəkası, uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi ilə seçilən Ulu Öndər Heydər Əliyev həm sovet hakimyyəti dövründə, həm də müstəqillik dövründə digər sahələrdə olduğu kimi, kimya sənayesinin inkişafına da xüsusi diqqət yetirmişdir. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində Bakı Şin və Bakı kimya-əczaçılıq zavodlarında 1969-1982-ci illərdə yeni texnoloji xətlər işə salındı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın kimya və neft-kimya strukturlarının təkmilləşdirilməsi üçün həlledici qərarların qəbulunu ittifaq rəhbərliyindən tələb edirdi. Ulu Öndər dərindən anlayırdı ki, neft-kimya sahəsində tələb olunan məhsulların istehsalı üçün mövcud olanların modernləşdirilməsi və yeni istehsal güclərinin yaradılması, kompleksin müəssisələrini xammalla təmin etmək və istehlakçılara hazır məhsul nəql etmək üçün infrastrukturun inkişaf etdirilməsi, karbohidrogen ehtiyatlarının dərindən emalı sektorlarının formalaşdırılması kimi mühüm məsələlər iqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Kimya sənayesi yarandığı gündən neft-kimya və karbokimyadan çox asılı olmuşdur. Sintetik kauçuk ilk növbədə şinlərin, konveyer lentlərinin və digər istehlak mallarının istehsalı üçün xammal kimi istifadə edilmişdir. Ümummilli Lider Heydər Əliyev bütün dünyada daim təkmilləşən strateji əhəmiyyətli neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirirdi. Bu siyasət kontekstində 1970-1980-ci illərdə bir neçə sənaye müəssisəsi, o cümlədən sintetik kauçuk zavodu yenidən qurulmuşdur. 1969-cu ildə yüksək sıxlıqlı polietilen (HDPE) bölməsi, 1973-cü ildə isə illik gücü 15.000 ton olan butil kauçuk zavodu istifadəyə verilmişdir. 1970-1980-ci illərdə Sintetik kauçuk zavodu və Kimya kombinatı tam gücü ilə işləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul ixrac etmişdir.

1974-cü ildə lateks bölməsinin yenidən qurulması baş verdi və illik məhsuldarlığı 120.000 tona çatdırıldı. Bütün bunlar isə Bakı təkər zavodunun vulkanizasiya və retreadinq (təkərlərin yenidən üzlənməsi) bölmələrinə qədər təkmilləşdirilməsinə səbəb oldu, eyni zamanda yeni bölmələr də inşa edildi.

Ulu Öndər kimya sənayesi üzrə təhsil inkişafına da xüsusi önəm verirdi. Çünki kimya təhsili insanın ətrafdakı reallığı adekvat dərk etməsinə və onun maddi aləmdəki rolunu dərk etməsinə şərait yaradır. Müasir sivil cəmiyyətin hər bir üzvünün elmi dünya görüşünün və ekoloji mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. 

Müasir dövrdə kimya sənayesi daim dəyişir, sənayenin istehsal gücü artır, şirkətlər strategiyalarını yeniləyirlər. Bütün bunları nəzərə alaraq, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmaq zəruri əhəmiyyət kəsb edir. Dahi siyasətçi, uzaqgörən lider Heydər Əliyevin böyük səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi”ndən sonra ölkəmizdə fəaliyyət göstərən dünya əhəmiyyətli şirkətlərin təcrübəsindən yararlanmaq dövrümüz üçün olduqca aktual bir məsələdir. Biz inanırıq ki, gənc nəsil bu mühüm nüansa diqqət yetərəcək və ölkəmizdə kimya sənayesinin inkişafına mühüm töhfələr verəcəkdir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu yolda bizə mayak olmalıdır.

Vilayət MƏMMƏDOV, AR ETN-nin akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun böyük elmi işçisi k.ü.f.d.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: