Mayın 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans (PLMO 2025) öz işinə başlayıb.
Konfrans Azərbaycanda informatika və kibernetika sahələrinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, AMEA-nın müşaviri akademik Telman Əliyevin anadan olmasının 90 illiyinə həsr edilib.
Beynəlxalq konfransda tanınmış elm xadimləri, elm və təhsil müəssisələrinin rəhbərləri, özəl və dövlət qurumlarının nümayəndələri, eləcə də Polşa, Gürcüstan, Bolqarıstan, Çin, Özbəkistan və digər ölkələrin tanınmış alimləri, media mənsubları və digər aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-da müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib. O, bu kimi tədbirlər sırasında Akademiyanın 80 il ərzində formalaşması və inkişafında mühüm xidmətləri olan görkəmli alimlərin yubileylərinin qeyd olunduğunu söyləyib: “Belə şəxsiyyətlərdən biri də Azərbaycanda informatika elminin görkəmli nümayəndəsi, akademik Telman Əliyevdir. Alimin yubileyinin yüksək səviyyədə təşkil edilməsi bütövlükdə elmi ictimaiyyətin ona hörmət və ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda AMEA-nın uzun illər ərzində əldə etdiyi nailiyyətlərə və bu nailiyyətlərin qazanılmasında əməyi olan alimlərin xidmətlərinə geniş bir baxış imkanı yaradır”.
AMEA rəhbərinin sözlərinə görə, bu tədbir həm də akademik Telman Əliyevin cəmiyyət və elmi ictimaiyyət qarşısında xidmətlərini dəyərləndirməklə, yeni nəsilləri elmə bağlılıq, dövlətə sədaqət və azərbaycançılıq düşüncəsi ilə tərbiyə etmək, onları vətənpərvər bir ruhda yetişdirmək məqsədini daşıyır.
Konfransın böyük elmi əhəmiyyətə və mənəvi dəyərə malik olduğunu vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alimlərin yubiley tədbirləri AMEA-nın 80 illik tarixinə yenidən nəzər salmağa, müxtəlif elmi istiqamətlər üzrə əldə olunan nailiyyətləri dərindən təhlil etməyə və qiymətləndirməyə, eləcə də perspektivləri müəyyənləşdirməyə imkan yaradır.
Akademik İsa Həbibbəyli çoxəsrlik zəngin ənənələri olan Azərbaycan elminin böyük simaları arasında akademik Telman Əliyevin xüsusi yeri olduğunu deyib. O, yubilyarın keçdiyi mənalı və şərəfli həyat yolundan, alimin elmimizin inkişafı istiqamətindəki yorulmaz fəaliyyətindən danışaraq qeyd edib ki, akademik Telman Əliyev ölkəmizdə kibernetika, informatika, informasiya texnologiyaları, robot texnologiyaları elminin yaradıcılarından biridir. Görkəmli alim Azərbaycanda informatikanın inkişafında həlledici rola malik və əsası 1959-cu ildə qoyulmuş “Elektron hesablama maşınları” laboratoriyasının təşkilatçısı olub, uzun müddət bu laboratoriyaya rəhbərlik edib. O, kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir.
Akademik Telman Əliyevin ölkəmizdə kibernetika və informatika elmlərinin inkişafındakı mühüm xidmətlərindən bəhs edən AMEA prezidenti bildirib ki, yüksək insani keyfiyyətlər, intellektual səviyyə, böyük təşkilatçılıq və idarəçilik bacarığı elm aləmində onun özünəməxsus yerini müəyyənləşdirib. Əmək fəaliyyətinə Hesablama Mərkəzində (hazırda İdarəetmə Sistemləri İnstitutu) texnik kimi başlayan akademik Telman Əliyev istedadı, zəhmətsevərliyi sayəsində mühəndis, baş mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlib. Kibernetika İnstitutunun əsas yaradıcıları sırasında akademik Telman Əliyevin xüsusi yeri var.
Akademik İsa Həbibbəyli qeyd edib ki, müxtəlif ölkələrdə nəşr olunmuş elmi əsərlərin müəllifi olan görkəmli alim Azərbaycan elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Akademik Telman Əliyevin çoxillik elmi-təşkilati fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyən AMEA rəhbəri onun 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunduğunu, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü xatırladıb. Qeyd edib ki, alim, həmçinin 2015-ci ildə N.Tusi adına mükafatı, 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Döş nişanı ilə təltif olunub.
Çıxışının sonunda AMEA prezidenti görkəmli alim Telman Əliyevin bu gün də Akademiyanın müşaviri kimi elmi islahatların həyata keçirilməsində yaxından iştirak etdiyini, Azərbaycan elminin inkişafına dəstək verdiyini vurğulayıb, ona möhkəm cansağlığı, elmi nailiyyətlərinin davamlı olmasını arzulayıb.
Daha sonra Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. O, akademik Telman Əliyevin 32 il Kibernetika İnstitutuna rəhbərlik etdiyini və müəssisənin əldə etdiyi nailiyyətlərin çox hissəsinin alimin adı ilə bağlı olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, Telman Əliyev neftçıxarma obyektləri üçün “yeni nəsil intellektual “robast noise” monitorinq, nəzarət və diaqnostika sistemlərinin” yaradılmasının nəzəri əsasını, eləcə də qaz kompressor stansiyalarında qəzaların gizli dövrünü aşkar etməyə imkan verən robast noise monitorinq və nəzarət sistemi təklif edilib. O, neftçıxarmada, energetikada, tikintidə, seysmikada, aviasiyada və s. sahələrdə qəzalara səbəb ola biləcək qüsurların noise monitorinq texnologiyaları əsasında işləmə prinsiplərinin nəzəri əsaslarını təklif edib. Nəticədə çeşidli sahələrdə qəzaların gizli dövrünün başlanması, onun inkişaf dinamikasına nəzarəti və proqnozlaşdırılmasını təmin edən hibrid texnologiyaların və “İntellektual hibrid noise nəzarət” sistemlərinin yaradılması prinsipləri işlənilib. Hazırda Yaponiya, Almaniya, Kanada, İspaniya və Türkiyədə strateji obyektlərin texniki diaqnostikasında alimin təklif etdiyi sistemlər tətbiq olunur.
Akademik Telman Əliyevi sadə və təvazökar insan kimi xarakterizə edən akademik Əli Abbasov qeyd edib ki, görkəmli alim sahib olduğu məziyyətlərə, müəllifi olduğu əsərlərin elmi əhəmiyyətinə, əhatəlilik səviyyəsinə, tərtib keyfiyyətlərinə görə gənc nəsil tədqiqatçılar üçün nümunədir.
Məruzəçi vurğulayıb ki, böyük elm fədaisi ömrünün müdriklik çağında da yorulmadan çalışır, ictimai problemlərin həllində fəal iştirak edir. İnformatika və kibernetika sahəsində çalışan alimlər bu gün öz tədqiqat işlərində Telman müəllimin elmi yaradıcılığından, dəyərli ideyalarından bəhrələnirlər.
Tədbirə onlayn qoşulan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi akademik Asəf Hacıyev alimin yüksək insani keyfiyyətlərindən söz açıb, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən akademik Telman Əliyevin tükənməz enerjisi və gərgin axtarışlarının gələcək nəsillər üçün bir məktəb olduğunu bildirib. O, həyatını elmə, maarifçiliyə həsr edən, innovativ ideyaları ilə fərqlənən yubilyarın Azərbaycan elminin incisi olduğunu vurğulayıb.
Konfransda, həmçinin AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Nobel Sülh Mükafatına layiq görülmüş Beynəlxalq Atom Enerjisi Agentliyində çalışan həmyerlimiz Bəxtiyar Siracov, Milli Aviasiya Akademiyasının birinci prorektoru professor Ədalət Səmədov, Polşanın Sileziya Texnologiya Universitetinin nümayəndəsi, “Nəqliyyat problemləri” beynəlxalq elmi jurnalının baş redaktoru, professor Aleksandr Sladkovski, Gürcüstan Maşın Mexanikası İnstitutunun direktoru akademik Tamaz Natriaşvili, “Springer Nature”nin vitse-prezidenti Aleksandr Birukou, Daşkənd Dövlət Nəqliyyat Universitetinin nümayəndəsi Rüstəm Rahimov, Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev və başqaları akademik Telman Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, yeni-yeni uğurlar arzulayıblar.
Sonda çıxış edən akademik Telman Əliyev müəllimi olmuş akademiklərdən, taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərdən danışıb, Azərbaycan elminin tərəqqisi naminə bundan sonra da əzmlə çalışacağını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.