AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin iclası olub.
Bölmənin sədri, akademik Fuad Əliyev toplantının əlamətdar bir tarix - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində keçirildiyini qeyd edərək, müasir Azərbaycan dövlətçiliyinin əsaslarının qoyulmasının, ölkəmizin inkişaf strategiyasının formalaşdırılmasının bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu, onun əziz xatirəsinin Azərbaycanlıların və dünyada millətimizə rəğbət bəsləyən bütün insanların ürəklərində yaşadığını vurğulayıb. O, Ümummilli Liderin vətənimizin bütün bölgələrinin tərəqqisinin, hələ sovet dövründə gələcəyi nəzərə alan düşüncəsinin nətcəsi olduğuna diqqət çəkib və bu baxımdan, ölkənin strateji əhəmiyyətli məkanı olan Gəncənin iqtisadi, elmi, mədəni və milli-mənəvi yüksəlişinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Akademik Fuad Əliyev Ulu Öndərin əsasını qoyduğu və onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin daha böyük uğurla davam etdirdiyi siyasi xətti bütün ziyalılarımızın, elm adamlarımızın daim dəstəklədiklərini və Azərbaycanın qüdrəti naminə daim öz töhfələrini verdiklərini vurğulayıb.
Sonra Rəyasət Heyətinin cari iclasının gündəliyindəki məsələlər haqda məlumat verilib.
Bugünkü əlamətdar iclasdakı ilk məsələ də qürurdoğurucu hadisələrlə bağlı olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları ilə AMEA-nın sədrinin elmi işlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarova və Elm və Təhsil Nazirliyinin Gəncə Nəbatat bağının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ramidə Quliyevaya dosent elmi adları, həmçinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı Günel Novruzovaya pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bölmənin Nizami Gəncəvi Mərkəzinin əməkdaşı Çimnaz Vəliyeva isə elmi tədqiqat işlərindəki uğurlara görə AMEA-nın Rəyasət Heyətinin Təşəkkürnaməsinə layiq görülüb.
Uğur qazanmış əməkdaşlar Gəncə Bölməsinin Rəyasət Heyəti tərəfindən təbrik olunublar. Onlar öz minnətdarlıqlarını ifadə ediblər.
Əlimuxtar Muxtarov “Elm” nəşriyyatında yeni çapdan çıxmış, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Heydər Əliyev: şəxsiyyətin miqyası və missiyası” adlı fundamental monoqrafiyanı Bölmənin rəhbərliyinə təqdim edib. Bu əsərin nüsxələri Bölmənin elmi kitabxanasının fonduna qəbul edilib.
Rəyasət heyətinin iclasının növbəti məsələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanının icrası ilə əlaqədar AMEA-nın Gəncə Bölməsinin təklifləri haqda olub. Bu məsələ üzrə ətraflı məlumatla Bölmənin Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev çıxış edib.
Gündəliyin digər məsələləri qarşıda həyata keçiriləcək konfranslar, eləcə də elmi kitabların hazırlanması hazırlıqları haqda olub.
Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin 90 illik yubileyinə həsr edilmiş “Azərbaycan və dünya Nizamişünaslığının aktual problemləri” mövzusunda iyun ayında keçiriləcək elmi konfransın hazırlıq vəziyyəti haqda fil.ü.f.d.,dos. Əlimuxtar Muxtarov çıxış edib.
AMEA-nın Gəncə Bölməsində “Gəncə milli düşüncənin ideoloji mərkəzi kimi” adlı kitabın hazırlanması prosesi haqda Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri t.ü.f.d. Nərgiz Rəsulova çıxış edib.
Eləcə də “Gəncənin nəşriyyat tarixi” adlı kitabın hazırlanması haqda elmi kitabxananın müdiri Vüsalə Hüseynova, “Gəncənin elm tarixi” adlı kitab haqda materilalların toplanmasının vəziyyəti barədə Nizami Gəncəvi Mərkəzinin kiçik elmi işçisi Aynur Mirişli məlumat veriblər.
Həmçinin AMEA-nın Gəncə Bölməsində çap olunmuş kitab və monoqrafiyaların kataloqunun hazırlanması barədə k.ü.f.d. Sara Əzizova çıxış edib.
Bölmənin sədri, akademik Fuad Əliyev verilən məlumatlar əsasında zəruri tapşırıqlar verib, təklif və tövsiyələrini bildirib.
Akademik Fuad Əliyev daha bir məsələ, görkəmli alimlərimizin Bölmədə sərgilənən portretlərinin altında onların həyat və fəaliyyətlərini əks etdirən məlumatların yer almasının vacibliyi haqda da danışıb. Bu xüsusda o, Elektron xidmətlər şöbəsinə konkret tapşırıqlar verib.
İclasda AMEA-nın Gəncə Bölməsində vakant olan elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsi məsələsi haqda sədrin müavini Rasim Tağıyev çıxış edib.
AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin strukturu haqda elmi katib Günay Cəfərova məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.