AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Elmi müəssisənin baş direktoru, professor Nadir Məmmədli tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
Professor Nadir Məmmədli qeyd edib ki, Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı və vətənpərvərlik hissi əməldə sübut olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli ordumuzun sıralarında gənclərimizin böyük rəşadət göstərərək tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uzun illərdir uğurla həyata keçirilən dövlət gənclər siyasətidir.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiklərini deyib. Günel Orucova institutun gənc elmi işçilərinin ötən ildəki fəaliyyətlərini yüksək dəyərləndirib.
İclasda çıxış edən gənc alim dosent Şəbnəm Həsənli Qəribova çıxışında institutda onların fəaliyyətinə daim dəstək verildiyini bildirib.
Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə - dosent Şəbnəm Həsənli Qəribova, Elnurə Hüseynova, Aysel Əhmədova və başqalarına mərhum alim, Milli Məclisin yanında Toponimiya Komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyev adına mükafat və təşəkkürnamələr verilib. İclasda Qara Məşədiyev haqqında xoş fikirlər səsləndirilib. Bildirilib ki, alimin qələmindən çıxmış, kitablara çevrilmiş sözləri və ürəklərdə, düşüncələrdəki nuru həmişə təzə, diri qalacaq.
Sonda mərhum alimin oğlu Fazil Məşədiyev institut rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.