Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.02.2022 10:16
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

İclasda institutun əməkdaşları, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbələri iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq seminar iştirakçılarını institutun rəhbərliyi adından Gənclər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda sağlam düşüncəli və savadlı gənclərin yetişdirilməsi dövlət siyasətinin ən prioritet istiqamətlərindəndir. Ə.Sadıqov ölkədə gənclərin inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Liderin bu istiqamətdə siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Ə.Sadıqov bildirib ki, Azərbaycan gəncliyi müxtəlif fəaliyyət sahələri üzrə təkcə ölkədə deyil, onun hüdudlarından kənarda, dünya miqyasında da qazandıqları uğurlarla özünü doğruldur. Məhz bu məqamda II Qarabağ Müharibəsində ölkə başçısının çağırışlarına cavab verərək ordu sıralarına yazılan, ən çətin şəraitdə belə daima ruh yüksəkliyində olan, ölkənin ərazi bütövlüyü uğrunda vuruşan gənc əsgər və zabitlərdən bəhs edən alim onların Azərbaycan gəncliyinin ən parlaq nümunələri olduğunu bildirib.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lamiyə Nəcəfova çıxış edərək şura üzvlərini təbrik edib, gənclərin elmdəki rolundan bəhs edib. Qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkədə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.

Daha sonra institut əməkdaşları Rayihə Niyazova, Pünar Quliyeva, Rüstəm Əzimov, Nərmin Abbaszadə çıxış edərək Gənclər Gününün yaranması və tarixi haqqında danışıblar. Qeyd edilib ki, hazırda ölkənin aparıcı qüvvəsi olan gənclər dövlət idarəçiliyi, mədəniyyət, iqtisadiyyat, idman və s. sahələrdə fəaliyyət göstərir, ölkəni layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə edirlər.

Sonda İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.ü.f.d., Aygün Əliyeva və elmi işçi Səyyarə Hidayətzadə çıxış edərək müasir dövrdə elmin inkişafında gənclərin xüsusi rolunu qeyd edərək bu istiqamətdə AMEA, o cümlədən İSİ-də həyata keçirilən işlərdən söz açıblar. A.Əliyeva qadınların təhsildə və elmdə iştirakının inkişafı ilə bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından bəhs edərək ölkədə elmi sahədə gender probleminin aradan qaldırıldığını vurğulayıb. Alim şura üzvlərini Gənclər Günü münasibəti ilə təbrik edib onlara yeni nailiyyətlər arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: