Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.02.2022 10:00
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantlarına təlim keçirilir

İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin magistrantlarına təlim keçirilir

Fevralın 17-də AMEA-nın İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İqtisadiyyat İnstitutunda keçirilən tədbirdə sənədi müəssisənin baş direktoru, i.e.d., professor Nazim İmanov və BBU-nun rektoru, i.e.d., professor İbad Abbasov imzalayıblar. Müqaviləyə əsasən, BBU-nun tələbə və magistrantları İqtisadiyyat İnstitutunda “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda təcrübə-təlim kursu keçəcəklər.

Mərasimdə professor Nazim İmanov bildirib ki, 1 ay müddətində gənclər üçün iqtisadiyyat sahəsində məşhur beynəlxalq müqayisəli reytinqlər və bu sahədə aparılan tədqiqatlarla bağlı təlimlər, praktiki məşğələlər təşkil ediləcək. Təlimlərin sonunda onların aldıqları biliklər test ediləcək, yüksək nəticə göstərənlərə İqtisadiyyat İnstitutunun sertifikatı təqdim olunacaq.

Tədbirdə təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün müəssisənin şöbə müdiri, i.e.d., professor Müşfiq Atakişiyev səlahiyyətli şəxs təyin olunub.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov isə rəhbərlik etdiyi universitetin fəaliyyəti, təlim-tədris prosesindəki əsas yeniliklər, BBU-da müasir standartlara uyğun təhsilin təşkili, 25 Avropa universiteti ilə əməkdaşlıq əlaqələri və onlarla birgə həyata keçirilən layihələr barədə məlumat verib. Rektor BBU ilə İqtisadiyyat İnstitutu arasında bağlanan əməkdaşlıq müqaviləsini təhsil və elm ocağının əməkdaşlığı baxımından yüksək qiymətləndirib, sözügedən sənədin faydalı olacağına əminliyini vurğulayıb.

Daha sonra prof. Nazim İmanov BBU-nun magistrantlarına “Ölkələrarası iqtisadi müqayisələr niyə və necə aparılır?” mövzusunda ilk təlimi keçib. Beynəlxaq iqtisadi reytinqlər, bu sahədə aparılan tədqiqatlar, onların əsas mahiyyəti, başlıca xüsusiyyətləri, əhəmiyyəti, mənfi və müsbət cəhətləri, habelə İqtisadiyyat İnstitutunun özünün hazırladığı reytinqlər və bu sahədə aparılan araşdırmalar barədə danışıb. Habelə suallar cavablandırılıb, sərbəst rejimdə maraqlı müzakirələr aparılıb. 

Qeyd edək ki, müqaviləyə əsasən təlim kursları ödənişli olacaq və buna görə BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyəcək. Bu, özəl universitetlə AMEA-nın institutu arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda ilk təcrübədir. Təlimlər Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Ali (orta ixtisas) təhsil müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə” əsas götürülməklə təşkil olunacaq. Universitetin tələbə və magistrantları təlim keçməklə yanaşı, İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanacaqlar. Son 3 ildə beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, bu sahədə müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: