Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2022 13:04
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Fizika İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, institutun baş direktoru, akademik Arif Həşimovaraq qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. Akademikin sözlərinə görə, Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.

Akademik Arif Həşimov bildirib ki, Xocalı 1991-ci ilin oktyabrından blokadada olub. O zaman Qarabağ ərazisində yeganə hava limanı bu şəhərdə fəaliyyət göstərib. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilib və yeganə nəqliyyat vasitəsi helikopter qalıb. Xocalıya sonuncu helikopter1992-ci il yanvarın 28-də uçub. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilib. Yanvarın 2-dən şəhərə elektrik verilməyib. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayıb və müdafiə olunub. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil edilib.

Xocalının 7 min əhalisi olduğunu xatırladan akademik söyləyib ki, soyqırım zamanı 366-cı motoatıcı alayın iştirakı ilə burada 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir alınıb, 487 nəfər isə ağır yaralanıb.

İnstitutun baş direktoru 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış Xocalıya ədalət” beynəlxalq kampaniyasından söz açıb. “Xocalı soyqırımının tanıdılması istiqamətində sistemli fəaliyyət və beynəlxalq kampaniyanın internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza qarşı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniş çatdırılmasına imkan yaradır. Artıq proqram və onun internet saytı dünyanın müxtəlif şəhərlərində - Vaşinqton, İstanbul, Berlin, Buxarest, Kiyev, Vyana, Brüssel, Pekin, Varşava və digər ölkələrdə Xocalı soyqırımı haqqında dolğun məlumatları beynəlxalq ictimaiyyətə çatdırır”, – deyə akademik qeyd edib.

A.Həşimov gənclərimizin ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri unutmamaları üçün hər il Fizika İnstitutunda analoji anım tədbirlərinin keçirildiyini vurğulayıb. 

A.Həşimov Azərbaycan  Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət və igid əsgərlərimizin göstərdiyi şücaət nəticəsində 30 illik torpaq həsrətimizə son qoyulduğunu bildirib. Akademikin sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın və daim yaddaşlarında saxlasınlar.

Daha sonra institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və digər natiqlər çıxışlarında qeyd ediblər ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda Xocalı soyqırımı və Xocalı faciəsi kimi, digər ölkələrdə isə Xocalı qətliamı kimi anılır.

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri bədii hissə ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: