Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.03.2022 11:32
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının yeni kitabının təqdimatı olub

Akademik Nailə Vəlixanlının yeni kitabının təqdimatı olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək” adlı yeni kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açıb. Akademik müəllifi olduğu kitabın əhəmiyyətindən danışaraq, bildirib ki, müxtəlifdilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu kitab tarixi Azərbaycan ərazisinin bir hissəsi olan, XIV yüzildən Zəngəzur adlandırılan bölgənin ərəb və monqol işğalları arasındakı altı əsrlik dövrünün tədqiqinə həsr edilib. N.Vəlixanlı qeyd edib ki, tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə, erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddiaları, yanlış mülahizə və fikirləri təkzib olunub. Həmçinin müəllif kitabda həmin dövrdə Qafqaz Albaniyasının vilayətlərindən olan, Zəngəzur bölgəsinin böyük hissəsini əhatə edən Sünikin (Sisəcan, Sisakan) siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlərinin də araşdırıldığını vurğulayıb.

Sonra muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov çıxış edib. Adı çəkilən kitabın elmi-nəzəri əhəmiyyətindən söz açan F.Cabbarov qeyd edib ki,  akademik Nailə Vəlixanlının Zəngəzur bölgəsinin VII-XII əsrlər dövrü tarixinə dair dəyərli tədqiqatı bu bölgənin bütövlükdə Azərbaycanın, o cümlədən Qafqaz Albaniyasının tarixində xüsusi önəm daşıdığını bir daha təsdiq edir.

Daha sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, akademik Nərgiz Axundova, Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, Elm Tarixi İnstitutunun baş direktoru, professor Məryəm Seyidbəyli, Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, həmin müəssisənin Azərbaycanın orta əsrlər tarixi şöbəsinin müdiri, t.e.d. Tofiq Nəcəfli, Azərbaycanın qədim tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev kitabın ərsəyə gəlməsində N.Vəlixanlıya minnətdarlıqlarını bildiriblər və bu kitabın rus, ingilis dillərində tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasını təklif ediblər.

Sonda muzeyin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin müdiri, t.ü.f.d. Bəxtiyar Sayılov çıxışında Nailə Vəlixanlının yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib. B.Sayılov, həmçinin Azərbaycan tarixinin 300 mindən artıq dəyərli materiallarının qorunması və onların nəfis nəşrlər vasitəsilə tədqiqi və təbliğində 24 il ərzində muzeyə rəhbərlik edən Nailə xanımın xüsusi rolu olduğunu da vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: