AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Samirə Rüstəmova Almaniyanın Bonn Universitetinin Bitkiçilik Elmi və Resurslarının Mühafizəsi İnstitutunda (INRES) Bitki Genetikası və Biotexnologiyası Departamentində elmi ezamiyyətdə olub.
Ezamiyyənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2020-ci ilin əsas qrant müsabiqəsinin qalibi olmuş “Buğdada quraqlığa davamlılığa cavabdeh açar genlərin ekspressiyası ilə metabolom arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi əsasında stresə davamlılıq mexanizminin konseptual modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində buğda genotiplərində DREB geninin sekvens edilərək in silico analizlərinin aparılması olub. S. Rüstəmova buğdanın 3D xromosomunda yerləşən DREB geni üçün spesifik SNP-ləri aşkar edərək onlar əsasında genom spesifik praymerlər dizayn edib. Müvafiq ölçülərdə amplikonlar geldən təmizlənərək sekvens edilib. Sekvens məlumatları DNASTAR Lasergene bioinformatik proqram təminatının SeqMan Pro və SeqBuilder Pro proqramları ilə analiz edilib. Yerli genotiplərdə DREB transkripsiya faktoru geni üçün genetik xəritənin yaradılması nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.