Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Fəraməz Maqsudovun məzarını ziyarət ediblər
18.03.2022 13:51
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları akademik Fəraməz Maqsudovun məzarını ziyarət ediblər

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və müəssisənin əməkdaşları müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Qeyd edək ki, Fəraməz Qəzənfər oğlu Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Uni­versitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.

1974-cü ildən AMEA-nın Riyaziy­yat və Mexanika İnstitutunun direktoru, 1981-1997-ci illərdə “fizika-texnika və riyaziyyat” elmləri şöbəsinin akademik-katibi vəzifəsində işləmişdir. 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur.

O, respublikada yüksək ixtisaslı riyaziyyatçı kadrların yetişdirilməsi işinə uzun müddət rəhbərlik etmişdir. Akademiyanın institutları ilə ölkənin və dünyanın bir çox elm mərkəzləri arasında çoxşaxəli elmi əlaqələrin yaranmasında, elmi-tədqiqat institutlarının strukturunun təkmilləşməsində və müasirləşməsində, onların fundamental tədqiqatlarla yanaşı, tətbiqi əhəmiyyətli problemlərin həllində fəal iştirakının təşkilində böyük rol oynayıb. Akademik F.Maqsudov hər zaman gənclərə böyük qayğı göstərib, elmə gənc, istedadlı tədqiqatçıların gəlməsini daim diqqətdə saxlayıb. Onun rəhbərliyi altında 70-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Akademik F.Maqsudov diferensial operatorların spektral nəzəriyyəsi, spektral analizin tərs məsələləri, diferensial tənliklər nəzəriyyəsi, bütöv mühit mexanikası sahəsində görkəmli mütəxəssislərdən biri olmuşdur. Alim kəsilməz spektrə malik geniş sinif operatorlar dəstələrinin spektral nəzəriyyəsini hazırlamış azalan potensiallı Şredinger operatoru­nun müsbət məxsusi ədədlərinin olması haqqında yeni meyar vermişdir.

O, 300-dən çox elmi məqalənin, bir neçə monoqra­fi­ya­nın və dərsliklərin müəllifi idi.  Akademik Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar almış, 2000-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

30 iyul 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri xiya­banda dəfn edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: