Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.04.2022 17:02
  • A-
  • A
  • A+

ABŞ-da elmi fəaliyyətlə məşğul olan bakılı alim akademik Arif Həşimova minnətdarlıq məktubu göndərib

ABŞ-da elmi fəaliyyətlə məşğul olan bakılı alim  akademik Arif Həşimova minnətdarlıq məktubu göndərib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti v.i.e., akademik Arif Həşimov optoelektronika sahəsində tanınmış görkəmli alim, fizika elmləri doktoru, professor Qriqori Lvoviç Belenkiyə 80 illik yubileyi münasibətilə Fizika İnstitutunun Elmi şurası adından təbrik məktubu ünvanlayıb. Qeyd edək ki, görkəmli fizik alimin AMEA-nın fəxri adı ilə mükafatlandırılması haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması da nəzərdə tutulur.

Fizika elmləri doktoru, professor Qriqori Belenki 1942-ci il martın 29-da Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirəndən sonra AMEA Fizika İnstitutunda çalışıb. Alim nüfuzlu “Успехи физических наук” jurnalında iki fundamental icmalın (1983 və 1988), 400 elmi işin, o cümlədən 200-ə yaxın elmi məqalənin və ABŞ-da qeydə alınan 4 patentin müəllifidir. Alimin məqalələrinə 5700-dən çox istinad vardır və Hirş indeksi (h-indeks) 38-ə, İ10-indeks isə 140-a bərabərdir. Fizika elminin inkişafında böyük xidmətlərinə görə, Qriqori Belenki 1988-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

1989-cu ildən ABŞ-da fəaliyyətini davam etdirən görkəmli alim hazırda Nyu-York Dövlət Universitetinin elektrik və kompüter mühəndisliyi üzrə professorudur.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə, Qriqori Belenki 2012-ci ildə  “Dostluq” ordeni ilə təltif edilib.

Bu günlərdə akademik Arif Həşimovun təbrikinə cavab olaraq professor Qriqori Belenki azərbaycanlı həmkarlarına təşəkkür məktubu ünvanlayıb. Məktubda alim vaxtilə AMEA Fizika İnstitutunda çalışdığına görə məmnunluq hissi duyduğunu bildirib. Vurğulayıb ki, bu müəssisənin alimləri energetika, nüvə fizikası, elementar hissəciklər fizikası və digər sahələrdə dünya elminə əhəmiyyətli töhfələr verib, Azərbaycan alimlərinin bərk cisimlər fizikası üzrə tədqiqatları isə Nobel mükafatı laureatları A.A.Abrikosov, J.İ.Alfyorov, V.L.Qinzburq, görkəmli fizik L.V.Keldış tərəfindən yüksək qiymətləndirilib.

Məktubda ona göstərilən diqqətə görə həmkarlarına minnətdarlığını bildirən Qriqori Belenki AMEA Fizika İnstitutunun bütün kollektivinə cansağlığı və elmi fəaliyyətdə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: