Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.04.2022 11:06
  • A-
  • A
  • A+

Tarix Muzeyində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş elmi seminar keçirilib

Tarix Muzeyində Aprel döyüşlərinin ildönümünə həsr olunmuş elmi seminar keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın zəfər tarixində yeri” adlı elmi-praktiki seminar keçirilib.

Öncə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov Aprel döyüşləri haqqında məlumat verib. O qeyd edib ki, böyük zəfərin başlanğıcı sayılan, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. Bu zəfər Azərbaycan əsgərinin qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini bir daha sübut etdi.

Yığıncaqda Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “2016-cı ilin Aprel zəfəri - Böyük Qayıdışın başlanğıcı” adlı məruzə ilə çıxış edib.

Elmi məruzələr və xatirə çıxışları olmaqla 2 hissəyə bölünmüş seminar Muzeyin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümovun “2016-cı il Aprel döyüşçülərinin materialları Vətən Müharibəsi Fondunda” adlı məruzəsi ilə davam edib.

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin aprel döyüşlərində iştirak etmiş zabit və qazi müəllimləri mayor Ağabala Manafov və mayor Anar  Nurəddinov öz məruzələrində bu döyüşlərin Azərbaycanın hərb tarixində əhəmiyyətini vurğulayıblar.

Məruzələr dinlənildikdən sonra Aprel döyüşlərinə animasiya filmi həsr etmiş baş prodüser və ssenarist Natiq Novruzov filmin yaranma ideyası haqqında çıxış edib.

Daha sonra şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və şəhid kapitan Füzuli Əliyevin anası Fərasət Əliyeva şəhid anaları adından çıxış ediblər.

Tədbir yekunlaşdıqdan sonra seminar təşkilatçıları və muzeyin Qadınlar Şurasının üzvləri II Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: