Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılmasında mühüm rol oynayıb
15.04.2022 11:18
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılmasında mühüm rol oynayıb

Aprelin 14-də AMEA-nın İqtisadiyyat İnstitutunun yaradılmasının 64 ili tamam olub. Belə ki, müəssisə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində 14 aprel 1958-ci ildə yaradılıb.

Bir neçə ildir ki, bu elm ocağında aprelin 14-ü “İnstitut günü” kimi qeyd edilir. Bu münasibətlə müəssisənin baş direktoru, professor Nazim İmanov əməkdaşları təbrik edib. Bununla yanaşı, baş direktorun əmri ilə İqtisadiyyat İnstitutunun yaradılmasının 64 illiyi münasibətilə bütün əməkdaşlara pul mükafatı verilib.

Qeyd edək ki, AMEA sistemində özünəməxsus yer tutan və Azərbaycanda iqtisad elminin inkişafına böyük töhfələr vermiş İqtisadiyyat İnstitutu çox şərəfli bir tarixi inkişaf yolu keçib. AMEA-nın fundamental elmi mərkəzi olmaqla, Azərbaycanda tanınmış iqtisadçılar nəsli yetişdirib. Müstəqillik illərində İqtisadiyyat İnstitutu Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı istiqamətində uğurlu və sanballı elmi-tədqiqat işləri yerinə yetirib. İnstitut Azərbaycan iqtisad elminin flaqmanı kimi öz üzərinə düşən missiyasını bundan sonra da irəli aparmaq əzmindədir.

Bu gün Azərbaycanda fundamental iqtisadi tədqiqatların real mərkəzi olan İqtisadiyyat İnstitutu ölkəmizdə iqtisadi tədqiqatların əsas əlaqələndiricisi, Azərbaycan hökumətinin kollegial eksperti və məsləhətçisidir. İnstitut müxtəlif Dövlət proqramlarının hazırlanmasında və icrasında iştirak edir, hökumət qurumları tərəfindən yaradılmış müxtəlif işçi qruplarına ekspertlər səviyyəsində daxil edilib. İnstitutun alimləri Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin işçi qruplarında təmsil olunurlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: