Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2022 09:28
  • A-
  • A
  • A+

Arxeoloq Əjdər Babazadənin şəxsi təşəbbüsü ilə yaradılan Eksperimental arxeoloji laboratoriyanın açılışı olub

Arxeoloq Əjdər Babazadənin şəxsi təşəbbüsü ilə yaradılan Eksperimental arxeoloji laboratoriyanın açılışı olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Son neolit və xalkolit (eneolit) dövrü arxeologiyası şöbəsinin əməkdaşı Əjdər Babazadənin şəxsi təşəbbüsü ilə yaradılan Eksperimental arxeoloji laboratoriyanın açılışı olub.

Tədbiri Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov açıb. İnstitutun əməkdaşlarını və Əjdər Babazadəni bu münasibətlə təbrik edən A.Seyidov öz tövsiyələrini verib.

İnstitutun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərov Eksperimental arxeoloji laboratoriyanın açılmasının əhəmiyyətini vurğulayaraq, Ə.Babazadəyə öz işində uğurlar arzulayıb.

Əjdər Babazadə eksperimental arxeoloji araşdırmaların arxeologiya elminin 3 əsas praktik sahələrindən (arxeoloji qazıntı, arxeometrik və eksperimental araşdırmalar) biri olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkəmizdə bu sahənin yaradılmasına və inkişafına töhfə verməyi hədəfləmişik. Bu laboratoriyada prehistorik (tarixə qədərki) dövrlərin - Paleolit, Mezolit, Epi-paleolit və Neolit dövrlərinin yonma texnologiyaları ilə kəsici daş alətlərin tipoloji və texnoloji xüsusiyyətləri öyrənilir. Üç milyon ildən artıq dövr ərzində insan əcdadları olan homininlərin həyatda qalmasının ən vacib silahı olan yonma daş alətlərin bütün tipləri araşdırılır və modelləri hazırlanır. Eyni zamanda, həmin dövrdə istifadə edilən süxur (daş) xammal növləri və onların mənbələri öyrənilir. Buraya 3 milyon il içində kəsici daş alətlərini hazırlamaq üçün çay daşları (grabel), çaxmaqdaşı, bazalt, obsidian kimi volkanik və tektonik süxur qaynaqları toplanılıb.

Laboratoriyada akademik araşdırmalarla yanaşı, şagird və tələbələr üçün praktik seminarlar verilməsi kimi pedoqoji fəaliyyətlər də həyata keçirilir. Belə ki, onlar burada dünyanın müxtəlif yerlərindən aşkar olunan, eləcə də Azıx mağarası kimi qədim yaşayış düşərgələrindən əldə edilən kəsici daş alətlərin hazırlanma prosesi zamanı əcdadlarımızın prehistorik həyat şəraitləri-ovçuluq, qidalanma, sığınma, geyinmə kimi davranış və həyatda qalmaq uğrunda müxtəlif aktivitilərini öyrənirlər. İştirakçılar yonma metodlarla qədim daş alətlər hazırlanması və istifadə qaydalarını özləri təcrübə edirlər.

Eksperimental arxeoloji laboratoriyada Azərbaycan ərazisində yaşamış ən qədim sakinlərin həyat və fəaliyyətlərini öyrənmək də elmi araşdırma istiqaməti olaraq müəyyən edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: