Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında təşkil olunmuş “Muzey və mədəni turizm problemləri” mövzusunda XXIII elmi-praktiki konfransda iştirak ediblər.
Hər il olduğu kimi, bu il də dəyirmi masaya digər ölkələrin nümayəndələri qatılıb.
Dövlət Ermitajının direktoru M.B.Piotrovski konfransın açılışındakı məruzəsində qeyd edib ki, muzeyi asudə vaxt üçün bir təsisat kimi nəzərdən keçirmək olmaz. Çünki muzeyin əsasında elm dayanır. O, fikrini aydınlaşdıraraq bildirib ki, ziyarətçilərin bilik və elm səviyyəsini muzeyi dərk edəcək qədər yüksəltmək lazımdır. Bu, son illər muzeylərin qarşısında duran əsas missiyadır.
Tədbirə onlayn qoşulan filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Muzeyin COP29 gündəliyi” mövzusunda çıxış edərək keçən il ölkəmizdə qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan, dünyanın ən böyük tədbirlərindən sayılan, Azərbaycanın ev sahibliyi etdiyi və uğurlu layihələrindən olan COP29-dan bəhs edib. Həmçinin COP29 çərçivəsində keçirilən tədbirlərin Nizami Muzeyinin tarixində yaddaqalan məqamlar olduğunu və ölkələr arasında ədəbi-mədəni əlaqələr, körpülər yaratmaq məqsədi daşıdığını vurğulayıb. Məruzəçi dünyanın 32 ölkəsindən Azərbaycana gələn müxtəlif peşə sahiblərinin Nizami Muzeyini ziyarət etməsindən bəhs edib, onların milli-mənəvi dəyərlərimizə, xalqımıza olan maraqlarının, sevgilərinin rəylər və təəssüratlar kitabında xatirə olaraq qeyd etdiklərini söyləyib.
Kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva isə “Səksən illik söz məbədi” adlı məruzə ilə çıxış edərək Nizami Muzeyinin müxtəlif dövrlərdəki fəaliyyətindən danışıb, bu söz məbədinin 80 ildə keçdiyi yola nəzər salıb. Nizami Muzeyinin binası, yaranma tarixi, ekspozisiya ilə bağlı məlumat verən məruzəçi muzeyin fəaliyyətini üç mərhələyə bölərək hər dövrün spesifikası və xüsusiyyətlərini açıqlayıb.
Təqdim olunan məruzələr tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.