Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.05.2025 16:45
  • A-
  • A
  • A+

“Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya keçirilir

“Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya keçirilir

Mayın 14-də AMEA-nın Əsas binasında Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya işə başlayıb.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının  80 illiyinə həsr edilib.

Əvvəlcə iştirakçılar Arxeologiya və Antropologiya İnstitutunun son dövrlərdə apardığı tədqiqatlar zamanı aşkar edilmiş mühüm artefaktların nümayiş olunduğu sərgi ilə tanış olublar.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanın qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əhəmiyyətindən danışıb, əsas məqsədin bu istiqamətdə aparılan araşdırmaları müasir elmi tələblər səviyyəsinə çatdırmaq olduğunu bildirib.

O, İctimai Elmlər Bölməsinin hesabatı və AMEA-nın Ümumi yığıncağı çərçivəsində Arxeologiya və Antropologiya İnstitutunun təşkil etdiyi sərgilərdə institutun ötən il üzrə elmi fəaliyyətinin yekunlarına həsr olunmuş nailiyyətlərin nümayiş etdirildiyini söyləyib. İnstitutun arxeoloji ekspedisiyaları nəticəsində aşkar edilmiş yeni materialların gələcək elmi-tədqiqat işlərinin aparılması üçün geniş imkanlar açdığını qeyd edən akademik İsa Həbibbəyli vurğulayıb ki, arxeologiya elmi müasir dövrdə digər elm sahələri ilə qarşılıqlı əlaqələr nəticəsində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub.

AMEA rəhbəri, yeniləşən Akademiya modelinə uyğun olaraq həyata keçirilən struktur islahatları çərçivəsində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adının dəyişdirilərək Arxeologiya və Antropologiya İnstitutu adlandırılması barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırıldığını və həmin vəsatət əsasında Nazirlər Kabinetinin qərarı ilə yeni institutun formalaşdırıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu qərarın dövlət səviyyəsində qəbul edilən mühüm addımlardan biri olduğunu qeyd edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun olaraq institutda daxili imkanlar və mövcud ştat vahidləri hesabına İslam dövrü arxeologiyası, etnoarxeologiya, məhkəmə arxeologiyası, Xəzər arxeologiyası, Qarabağ arxeoloji ekspedisiyası kimi yeni və təkmilləşdirilmiş elmi-tədqiqat strukturları yaradılıb: “Həmçinin yaxın gələcəkdə institut nəzdində Arxeoloji Fondun da yaradılması planlaşdırılır. Bu islahatlar institutun qarşısında yeni, müasir çağırışlar formalaşdırmaqla yanaşı, Azərbaycanda arxeologiya və antropologiya sahələrində fundamental və innovativ elmi araşdırmaların aparılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir”.

AMEA rəhbəri son illərdə Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı arxeoloji tədqiqatların aparıldığını, elmə məlum olmayan çoxsaylı maddi-mədəniyyət abidələrinin aşkar edildiyini qeyd edib. O, Naftalan şəhərində, Goranboy rayonunda, Beşbarmaq dağında, eləcə də Qarabağ bölgəsində institutun arxeoloji ekspedisiyalarının fəaliyyəti ilə birbaşa yerində tanış olduğunu söyləyərək, Qarabağ, Qazax-Gəncə və cənub bölgələrində aparılan tədqiqatlarla da yaxından tanış olacağını vurğulayıb. Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti tərəfindən arxeoloqlara dron və GPS cihazlarının təqdim edildiyini bildirərək, müasir texnologiyaların tətbiqinin arxeoloji tədqiqatların keyfiyyət və səmərəliliyini artıracağına əminliyini bildirib. Həmçinin aparılan arxeoloji tədqiqatların şəffaflığının təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını diqqətə çatdırıb.

Alim son dövrlərdə institutun maddi-texniki bazasının gücləndirilməsi və arxeoloji tədqiqatların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, arxeoloji materiallar əsasında qələmə alınan məqalələrin, monoqrafiyaların sayının artırılmasının vacibliyini vurğulayıb, həmçinin institutun jurnalının müasir dövrün tələblərinə uyğun formatda nəşrinin zəruriliyini qeyd edib. Akademik İsa Həbibbəyli arxeoloji tədqiqatlarda beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunaraq, bu əlaqələrin Azərbaycan elminin dünyada təbliği baxımından önəmli olduğunu bildirib.

Sonra çıxış edən Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Azərbaycanda arxeologiya və antropologiya elm sahələrinin özünə aid inkişaf tarixinin olduğunu söyləyib. Bildirib ki, arxeoloji abidələrin xəritəsi ölkəmizin uzaq daş dövründən son orta əsrlərədək zəngin tarix və mədəniyyətə sahib olduğunu sübut edir. Yazıya qədərki təxminən iki milyon illik qədim tariximiz arxeoloji tədqiqatlar əsasında öyrənilir.

“Arxeoloqlar Sovet hakimiyyəti dövründə Azərbaycan tarixinin bir sıra qaranlıq məsələlərinə aydınlıq gətirmiş, yeni arxeoloji kəşflər nəticəsində ölkəmizin tarixinin qədimiliyini əsaslı sübutlarla üzə çıxarmışlar”, - deyə bildirən direktor vurğulayıb ki, Qobustanda ilk arxeoloji qazıntılar, Gəncə-Qazax bölgəsində erkən əkinçilik mədəniyyətini əks etdirən qədim yaşayış yerləri, Mingəçevir, Örənqalada arxeoloji tapıntılar, Qarabağda paleolit dövrünə aid Azıx və Tağların kəşfi və s. ölkəmizin qədim tarixinin mövcudluğunu elmi dəlillərlə sübuta yetirmişdir.

Fərhad Quliyev ötən il institut əməkdaşlarının 30 məqaləsinin xaricdə nəşr olunduğunu, beynəlxalq arxeoloji ekspedisiyaların sayının isə 9-a çatdığını söyləyib. O, bir sıra qurumlarla sıx əməkdaşlıq sayəsində ölkənin əksər rayonlarında tarixi abidələrimizin tədqiqi, qeydiyyatı, qorunması işlərində institutun fəal iştirak etdiyini vurğulayıb.

Direktor azad edilmiş ərazilərdə beynəlxalq ekspedisiyaların fəaliyyət göstərməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı tunc dövrü “Kurqan çölü” və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx-Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri şərifan orta əsr şəhər yeri – istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir.

Elmi sessiyada Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən ötən il Xocalı, Şəmkir, Şəhri-Şərifan, Muncuqlutəpə və Mərdangöülü nekropolları, Xaraba Gilan şəhər yerindəki İkinci Memorial kompleksi, Əlişa (Divəka) qalası, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Əsgəran qalası, Türkiyənin İğdır vilayəti, Azərbaycanın cənub-şərq bölgəsi və digər ərazilərdə aparılan tədqiqatlar haqqında çıxışlar dinlənilib.

Tədbir mayın 15-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: