Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

21.04.2022 11:39
  • A-
  • A
  • A+

Azərbaycan elminin Çin təmsilçisi

Azərbaycan elminin Çin təmsilçisi

Aqşin Əliyev 1983-cü il fevral ayının 21-də Neftçala şəhərində anadan olmuşdur. 2001-2005-ci illərdə Şanxay Universitetində “Çin dilinin tədrisi” ixtisası üzrə bakalavr (tezis mövzusu: Çin dilində əcnəbilərin bəzi qrammatik səhvləri və onların düzgün tədris metodikası), 2005-2008-ci illərdə “Çin dilinin filologiyası” ixtisası üzrə magistratura (tezis mövzusu: Müasir Çin dili və Azərbaycan dilinin morfologiyasının müqayisəli təhlili) təhsili almışdır. 2008-2013-cü illərdə Şərqi Çin Pedaqoji Universitetində “Çin dilinin filologiyası” ixtisası üzrə doktoranturanı (dissertasiya mövzusu: Müasir Çin dilində reduplikativ sifətlərin müvafiq problemləri), 2013-2016-cı illərdə Şanxay Pedaqoji Universitetində “Çin dilinin filologiyası (leksikoqrafiya)” ixtisası üzrə post-doktoranturanı (dissertasiya mövzusu: Çincə-Azərbaycanca lüğət və onun nəzəri əsasları) bitirmişdir.

Aqşin Əliyev filologiya üzrə fəlsəfə doktoru, dosent, 2016-cı ildən Pekin Xarici Dillər Universitetinin müəllimi və bu ali məktəbin Regionşünaslıq kafedrasının tədqiqatçısıdır.

Tanınmış alimin təşəbbüsü ilə 2016-cı ildə Pekin Xarici Dillər Universitetində ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyatı kafedrası yaradılmış və Çində Azərbaycan dili üçüncü dil kimi tədris olunmağa başlamışdır. 2018-ci ildə Pekin Xarici Dillər Universitetində dünyada əcnəbilər üçün nəzərdə tutulmuş ilk və yeganə dördillik  bakalavr proqramını əhatə edən “Azərbaycan dili” ixtisası yaradılmış və ümumölkə qəbul imtahanları vasitəsilə həmin ixtisasa 10 tələbə qəbulu həyata keçirilmişdir. Həmin tələbələri Çinin ilk azərbaycanşünasları adlandırmaq doğru olardı. Qürurla qeyd edək ki, artıq dörd ildir ki, Çində Azərbaycan dili müxtəlif aspektlərdən tədris olunmaqla yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, dilçiliyi, etnoqrafiyası da ayrı-ayrılıqda öyrənilir.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev “Mənim Çin dilində şəkilli lüğətim” (2016), “Fundamental Çin dili lüğəti – 800 heroqlif” (2017), “Azərbaycanca-ingiliscə-Çincə şəkilli lüğət” (2018), “Çin mədəniyyəti Azərbaycan dilində” (2021) kitablarının müəllifidir. O, 2019-cu ildə Çin yazıçısı Mo Yənin “Bibimin qiymətli bıçağı” əsərini Azərbaycan dilinə tərcümə edərək “Azərbaycan” jurnalında nəşr etdirmişdir.

O, Çin dilində nəşr olunan “Nizami irsi” jurnalının baş redaktorudur.  

Azərbaycanla bağlı çoxsaylı layihələrin müəllifi olan alimin rəhbərliyi altında 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi İli” elan edilməsi ilə əlaqədar Pekin Xarici Dillər Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan dili və ədəbiyyatı sərgisi keçirilmişdir. Heydər Əliyev Fondu, Azərbaycanın Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi və Pekin Xarici Dillər Univrsitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə keçirilən və 15 gün davam edən sərgi böyük əks-səda doğurmuşdur.

2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan olunması münasibətilə həyata keçirdiyi “Nizami irsi” layihəsi gənc alimin yüksək vətənpərvərlik və azərbaycançılıq ruhuna malik olduğunun bariz nümunəsidir.

Aqşin Əliyev 2008-2009-cu illərdə xüsusi fəaliyyətinə görə Şərqi Çin Pedaqoji Universitetinin xüsusi mükafatına (2009), Çinlə təhsil əlaqələri və diaspor fəaliyyətinə görə Azərbaycanın Çindəki səfirliyinin Fəxri fərmanına (2019), Çində “İlin ən yaxşı alimi” mükafatına (2020), Çin Tərcümə və Tədqiqatlar Şəbəkəsinin “Dostluq və əməkdaşlıq mükafatı”na (2022) layiq görülmüşdür.

İstedadlı tədqiqatçı Çin Texnologiya Nazirliyi tərəfindən Çinin ən yaxşı əcnəbi alimi seçilmiş (2019), Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinin “Diaspor fəaliyyətinə görə” medalı ilə təltif olunmuşdur (2020).

AR Təhsil Nazirliyinin Təhsil İnstitutunun Tədqiqat Mentonluq Proqramının mentonu, “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi jurnalının beynlxalq məsləhətçisi, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiya heyətinin üzvüdür. “Azlinq” Beynəlxalq dilçilik konfransının təsisçisi, Çin İctimai Elmlər Akademiyasının dəvətli alimi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədri, Çin Tərcümə və Tədqiqatlar Şəbəkəsinin aparıcı məsləhətçisi, Şanxay Universitetinin Əcnəbi Tələbələrin Məzunlar Assosiasiyasının sədr müavinidir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin üzrə koordinatoru vəzifəsini də məsuliyyətlə yerinə yetirir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan tələbələrlə görüşmüş, onlara “Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və görkəmli simaları” mövzusunda mühazirə oxumuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dərsliklər və elmi ədəbiyyatlarla təmin olunmasına xüsusi diqqətlə yanaşır. İndiyədək kafedraya tələbələrin istifadəsi üçün həm Azərbaycan dili, həm də Azərbaycan ədəbiyyatı tarixi üzrə dərsliklər, lüğətlər, ensiklopediyalar və monoqrafiyalar hədiyyə edilmişdir.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərlik etdiyi Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. 2018-ci ildə Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olmuşdur. Görüş çərçivəsində elmi və elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi, ardıcıl birgə fəaliyyətin təşkili və müştərək layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuş və Pekin Xarici Dillər Universiteti ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Anlaşma çərçivəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və eləcə də institutun gənc alimləri dəfələrlə Pekin Xarici Dillər Universitetində olmuş, tələbələr qarşısında Azərbaycan ədəbyyatı ilə bağlı məruzələrlə çıxış etmişlər.     

Dörd ildən artıqdır ki, Azərbaycan və Çin ədəbi münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində iki elm və təhsil ocağı arasında layihələrin icrası yüksək səviyyədə həyata keçirilir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Asiya ədəbi əlaqələri şöbəsinin nəzdində yaradılmış Çin Tədqiqatları Mərkəzi öz fəaliyyətini uğurla davam etdirir. İntitutun baş direktoru, akademik İsa Həbibbəylinin Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş elmi məqaləsi Çin dilinə tərcümə olunaraq Pekin Xarici Dillər Universitetinin “Asiya üzrə yüksək impakt faktorlu tədqiqatlar” elmi jurnalında dərc edilmişdir.

“Hazırda məni düşündürən ən vacib məsələ Pekin Xarici Dillər Universitetində Azərbaycan Mərkəzinin yaradılmasıdır”, - deyən azərbaycanlı çinşünas alim məqsədinə çatmaq üçün uğurlu addımlarla irəliləyir.

Azərbaycan elminin, ədəbiyyatının və mədəniyyətinin Çin Xalq Respublikasındakı layiqli təmçilçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Babayevə elmin çətin, məsuliyyətli və gərəkli yollarında inamla irəliləməyi, daha yüksək zirvələr fəth etməyi arzulayırıq! 

Arzu MƏMMƏDXANLI, AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: