AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, elmi müəssisə və təşkilatlarının, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının, respublikanın ali təhsil müəssisələrinin nümayəndələri, gənc alimləri, doktorant və dissertantları iştirak ediblər.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın əsas məqsədinin ölkəmizin görkəmli dilçilərini yeni nəslə tanıtmaq, gənc dilçiləri bir araya gətirmək, onları sələflərinin elmi irsi ilə tanış etmək, xələflərlə görüşdürmək, eyni zamanda gənclərə həmyaşıdları ilə ünsiyyət yaratmaq, təcrübə mübadiləsi aparmaq, araşdırmalarını təqdim etmək fürsəti vermək olduğunu deyib.
Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-da gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi və təşviqi istiqamətində mühüm addımlar atılır, Akademiyada “Gənclər mükafatı” və “İlin gənc alimi” diplomu təsis olunub, Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalının sayı ildə 4 dəfəyə çatdırılıb, bir nömrəsi ingilis dilində çap edilir. Həmçinin gənclər üçün elmi konfranslar və yay məktəbləri təşkil olunur.
AMEA prezidenti həyata keçirilən tədbirlərə baxmayaraq, gənc yaşda müdafiə edənlərin sayının az olduğunu, bu istiqamətdə elmi rəhbərlərin və institut direktorlarının üzərinə böyük məsuliyyət düşdüyünü deyib, doktorant və dissertantlara göstərilən qayğı və tələbkarlığın balansının bu məsələdə xüsusi rol oynadığını söyləyib.
AMEA-nın 80 illiyi ərəfəsində Dilçilik İnstitutunun təşkilatçılığı ilə gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının keçirilməsinin təqdirəlayiq olduğunu deyən akademik İsa Həbibbəyli bu addımın digər institutlar üçün də nümunə olacağını, gələcəkdə gənc ədəbiyyatçıların, tarixçilərin, filosofların və s. konfransının da keçirilə biləcəyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, bugünkü tədbir 80 yaşlı Akademiyanın gələcəyinə hesablanıb və elmi məktəblər yaratmış alimlərimizin ənənələri və nəsillər arasındakı estafet davam etdirilməlidir.
Azərbaycan dilinin saflığının qorunması və zənginləşdirilməsi istiqamətində dilçi alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən AMEA rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasına dövlət dili kimi daxil edilmiş, sonralar müstəqil Azərbaycanın ilk Konstitutusiyası qəbul edilərkən yenə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan dili rəsmi dövlət dili statusu almışdır.
Natiq görkəmli dövlət xadiminin ana dilimizə göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və indiki qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması istiqamətində mühüm addımlar atıldığını söyləyib. Bildirib ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Türk dünyasını bizim ailəmiz adlandırıb və qarşımıza bu istiqamətdə vəzifələr qoyub.
“Azərbaycan daim türkologiya baxımından öndə olub və dünyada türkologiyanın mərkəzlərindən biri kimi tanınıb. SSRİ-nin nüfuzlu “Sovetskaya tyurkologiya” jurnalı məhz uzun illər Bakıda işıq üzü görüb. Türkologiya dilçiliyin önəmli istiqamətlərindən biridir. Son dövrlərdə Akademiyada dövlət başçısının Türk dünyası ilə bağlı tapşırığından irəli gələrək Dilçilik, Ədəbiyyat, Şərqşünaslıq, Tarix, Fəlsəfə və Sosiologiya, Memarlıq və İncəsənət institutlarında daxili imkanlar hesabına yeni şöbələr yaradılıb və geniş tədqiqatlar aparılır. 2026-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsini planlaşdırırıq. Həmçinin ötən il Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən edilmiş tərcüməsi 86 il sonra tapılaraq yenidən nəşr edilib və UNESCO səviyyəsində təqdimatı keçirilib. Bu Akademiyamızın, Azərbaycan elminin böyük nailiyyətidir və bunları davam etdirməli, türkologiya istiqamətində fəaliyyətimizi daha da genişləndirməliyik”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.
Natiq vurğulayıb ki, bu gün ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası fəaliyyət göstərir və komissiyanın sədrinin cənab Prezident İlham Əliyev olması dövlət başçısının Azərbaycan dilinə qarşı göstərdiyi diqqətin bariz nümunəsidir.
AMEA rəhbəri çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş, eləcə də AMEA-nın 80 illiyi ərəfəsində ilk dəfə keçirilən gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” mövzusunda respublika elmi konfransının işinə uğurlar arzulayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, son illərdə gənc alimlərin beynəlxalq və respublika konfranslarının sayı artıb. Məqsəd akademik elmin dünya elminə inteqrasiyasını sürətləndirmək, onların birgə fəaliyyətinə şərait yaratmaq, gənc alimlərin səviyyəsini artıqmaqdır. Nadir Məmmədli vurğulayıb ki, Dilçilik İnstitutu gəncləri yeniliklərə, innovasiyalara, yeni texnologiyalara, yönəltmək istiqamətində fəaliyyət göstərir: “Bu gün təşkil olunan gənc tədqiqatçıların respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. İnanıram ki, konfranslar gənclərin gələcəkdə ciddi tədqiqatçı kimi yetişməsində əhəmiyyətli rol oynayacaq. Çünki hər bir elmi konfrans əldə olunmuş elmi nəticələri təqdim etmək üçün yeni imkan deməkdir”.
Nadir Məmmədli qeyd edib ki, dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlər elmi-ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Sevindirici haldır ki, elmi fəaliyyətlə məşğul olmağa qərar verən, özünün gələcəyini bu fəaliyyət sahəsində görən gənclərimizin sayı ildən-ilə artır.
Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının sədri filologiya elmləri doktoru Qətibə Mahmudova, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkədə gənclərin sosial inteqrasiyası, təhsili və ictimai fəallığı sahəsində mühüm nailiyyətlər əldə olunub.
Konfransda doktorantlar Ülkər Xəlilli “Azərbaycan dilinin “insanın emosional vəziyyəti” frazeosemantik sahəsində “təəccüb”, Saffet Alp Yılmaz “Qərbi Azərbaycanda zootoponimlərin mənzərəsi”, Tünzalə İsmayılova “XIV-XV əsr qıpçaq lüğətlərində toxuculuq leksikası” adlı məruzələrlə çıxış ediblər.
Tədbir öz işini bölmə iclasları ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.