AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Elmi şura iclası keçirilib.
İnstitutun direktoru Elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə gündəlikdə yer alan məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb.
İlk olaraq Rusiyanın Mari El Respublikasının Yoşkar-Ola şəhərinin Mari El Dövlət Universitetinin “Mədəniyyət və incəsənət” kafedrasının professoru, sənətşünaslıq doktoru Vladimir Gennadyeviç Kudryavtsevə Elmi şuranın qərarı ilə Azərbaycan və Rusiya arasında elmi əlaqələrin inkişafındakı, eləcə də Türk və Fin-uqor xalqlarının mədəniyyət və incəsənətinin öyrənilməsindəki xidmətlərinə görə institutun fəxri professoru elmi adının verilməsi məsələsi diqqətə çatdırılıb.
Sonra Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva anadan olmasının 50 illiyi münasibəti ilə institutun Fəxri fərmanı ilə, institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva və İnsan resursları şöbəsinin müdiri Aygül Qasımova Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər.
Yeni təyin edilən Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəylinin institutun Elmi şurasına üzv seçilməsi məsələsi Elmi şura üzvlərinin səsverməsi ilə qəbul edilib.
Gündəlikdə yer alan digər bir məsələ isə dissertasiya mövzusunun adında dəyişikliklə bağlı olub. İnstitutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Əminə Məmmədovanın “Musiqi sənəti” ixtisası üzrə fəlsəfə doktoru dissertasiya mövzusunun adı dəyişdirilərək “Azərbaycan və Kərkük xalq mahnılarının müqayisəli təhlili” kimi qəbul olunub.
Daha sonra bir neçə nəşr məsələsi, o cümlədən, institutun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərlinin “Fikrət Əmirov və milli musiqi irsi”, institutun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani - 900” (3 dildə), institutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sehranə Kasiminin “Azərbaycan musiqisinin inkişafı: mədəni tarixi kontekstdə təhlili”, institutun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin elmi işçisi Zərnaz İmanzadənin “Ərəb Şərqi ölkələrinin memarlığı” (rus dilində) adlı kitablarının nəşrə təqdim olunması üçün müzakirəsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.