IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində görkəmli Azərbaycan şairi, ictimai xadim və rəssam Xurşidbanu Natəvanın “Gül dəftəri” kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, kitabın tərtibçisi akademik Teymur Kərimli moderatoru olduğu tədbirin açılışını edərək nitqində Qarabağ xanlığının son varisi, şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunan, mükəmməl savada və təhsilə sahib Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatına, ictimai həyatına və mədəni inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyinin bariz nümunəsidir.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” nominasiyasını beynəlxalq komissiya qarşısında təqdim edən, kitabın nəşr layihəsinin rəhbəri tarix ü.f.d., dosent Nigar Babaxanova çıxışında toplunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması dönəminə qədər keçdiyi mərhələlərdən bəhs edib, Əlyazmalar İnstitutunda M-117 şifrəsi altında mühafizə olunan “Gül dəftəri”nin 2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edildiyini diqqətə çatdırıb. Alim ərsəyə gətirdiyi kitabdan söz açaraq albomdakı rəsmlərlə yanaşı, kitaba daxil olan şeirlər və müxtəlif qeydlərin həm orijinal şəkildə, həm də tərcümə və transfoneliterasiya edilərək oxucuların ixtiyarına verildiyini vurğulayıb. Bildirib ki, kitabda Xurşidbanu Natəvanın özünün və yaxınlarının fotoları, şəxsi əşyası, o cümlədən bədii tikmələri və digər əl işləri, Natəvana həsr olunmuş təsviri sənət əsərləri (rəsmlər, heykəltəraşlıq nümunələri) və s. də əks olunub.
Təqdimat mərasimində Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırovun və elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirlinin də görkəmli şairənin həyat və yaradıcılığını özündə əks etdirən nəşrlə əlaqədar çıxışları dinlənilib. Alimlərimizin sözlərinə görə, “Gül dəftəri” şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması və ümumilikdə sənət əsərlərimizin dünya səviyyəsində qəbul olunması bizim uğurumuz, zəngin mədəniyyətimizin sübutu və mənfur düşmənlərin yersiz iddialarına bir cavabdır.
Tədbir çərçivəsində şairin sevgiyə, təbiətə həsr olunmuş şeirləri səsləndirilib. Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.
Qeyd edək ki, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.