Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “Müharibə və silah. Yeni tədqiqatlar və materiallar” VI beynəlxalq elmi-praktiki konfransda Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərinə həsr olunan məruzə dinlənilib.
Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyində keçirilən konfrans Rusiya ərazisində keçirilən hərb tarixinə həsr olunan ən irimiqyaslı konfrans sayılır. Tədbirdə 30-dan artıq ölkələrin nümayəndələri iştirak ediblər. Hərb tarixi mütəxəssislərinin böyük marağına səbəb olan konfransın materialları toplu şəklində dərc olunub.
Beynəlxalq konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d Pərvin Gözəlov “XVIII əsr sarayının divar rəsmlərində dövlətçilik və hərbi hakimiyyət rəmzləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Şəki Xan sarayının divar rəsmlərində olan təsvirlər təhlil edilib, buradakı bayraqlar, sancaqlar, şeşpərlər və digər hakimiyyət rəmzləri haqqında ətraflı məlumat verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir