Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2022 14:12
  • A-
  • A
  • A+

“Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda konfrans keçirilib

“Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda konfrans keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Qarabağ - Şərqi Zəngəzur regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi olub.

Konfransda Yer Elmləri bölməsinin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov, Bakı Dövlət Universiteti və Azərbaycan Pedaqoji Universitetinin coğrafiyaçı alim və mütəxəssisləri iştirak edib.

İclası giriş sözü ilə açan akademik F. Qədirov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzu edib.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbir iştirakçılarını salamlayaraq, bugünkü konfransın “Şuşa ili”nə həsr olunduğunu  diqqətə çatdırıb. O bildirib ki, xalqımız Qarabağı işğaldan azad etməklə tarixi ədalətin bərpasına və  Azərbaycandan qoparılmış  torpaqların özünə qaytarılmasına  nail oldu. Üç onillik ərzində ermənilərin viran qoyduğu ərazilər indi artıq bərpa olunmağa başlayıb, tikinti, abadlıq işləri sürətlə davam edir, qaçqın və köçkünlərin tez bir zamanda öz yerlərinə qayıda bilmələri üçün dövlətimiz var gücü ilə çalışır. Bu isə böyük vəsait və zaman tələb edir.  Hökumət tərəfindən xüsusi dövlət proqramı tərtib edilib, böyük maliyyə vəsaiti ayrılıb. Bu işlərin həyata keçirilməsi üçün elm adamları da öz sözünü deməlidir. Coğrafiya İnstitutu Qarabağ ərazisinin təbii-coğrafi şəraitinin tədqiqini, yenidən qiymətləndirilməsini, təbii ehtiyatlarından istifadənin öyrənilməsini  öz üzərinə götürüb. İnstitut əməkdaşları, eyni zamanda “Qarabağın coğrafiyası...” kitabını hazırlayıb çap etdiriblər.

İlin sonunadək Şuşanın coğrafiyasına həsr olunmuş kitabın nəşrinin nəzərdə tutulduğunu deyən institut rəhbəri çıxış üçün sözü texnika elmləri doktoru Əhməd Məmmədova verib. Hidroloq alim şirkət rəhbəri olaraq Şuşanın su təminatı ilə bağlı görülən işlərdən, bu sahədə  dövlət tərəfindən onlara həvalə olunmuş layihələrin icra vəziyyətindən, Zarıslı çayı üzərində Şuşanın içməli suya olan tələbatını ödəyə biləcək su anbarlarının yaradılması haqqındakı planlardan və s. danışıb.

Tədbirdə coğrafiya elmləri doktoru, professor Fərda İmanov çıxış edərək belə konfransların keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Sonra gündəliyə uyğun olaraq konfrans işini c.e.d. Zakir Eminov, c.ü.f.d. Etibar Bədəlov və c.ü.f.d. H.Tahirovun sədrliyi ilə plenar və bölmə iclasları ilə davam etdirib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” iqtisadiyyatın ərazi təşkili, səhralaşma prosesi və onun risklərinin qiymətləndirilməsi, kəndlərin və kənd əhalisinin məskunlaşma xüsusiyyətləri, bioloji və landşaft müxtəlifliyi işğal və müharibədən sonrakı dövrdə,  dağ yamaclarından səmərəli istifadənin problemləri, Qarabağ düzünün müasir təbii landşaftlarının dinamikası və antropogen transformasiyası, eləcə də Azərbaycan Respublikasında regionların davamlı inkişafi, şəhər məskunlaşmasının ərazi təşkili və regional problemləri, dağlıq regionlarda sel təhlükəliliyi, onların əhaliyə və təsərrüfat sahələrinə təsiri, davamlı inkişaf və yaşıl iqtisadiyyatın təşkili prinsipləri və s. mövzularda məruzələr dinlənilib.

Bildirilib ki, ilk dəfə olaraq Şərqi Zəngəzur ərazisində az meylli dağ yamaclarının mənimsənilmə məqsədilə iri miqyaslı meyllilik və baxarlılıq xəritələri tərtib edilib, ərazidəki mövcud dağ yamaclarında meyllilik dərəcələri əsasında müasir aqrotexniki qaydalara uyğun mənimsənilmə yolları müəyyənləşib. Ərazinin təbii şəraiti və mövcud bazar iqtisadiyyatının tələbləri nəzərə alınmaqla yeni təsərrüfat sistemlərinin yaradılmasına dair elmi təkliflər verilib.

İlk dəfə Qarabağ və Şərqi Zəngəzur əraziləri timsalında landşaft-ekoloji şəraitə və istiliklə rütubətin nisbətinə əsaslanaraq iri miqyaslı səhralaşma riskləri xəritəsi tərtib edilib.

Adı çəkilən iqtisadi rayonlarda yaradılmaqda olan “Yaşıl” iqtisadiyyatın yeni “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı”, “ağıllı şəhər” və “ağıllı nəqliyyat” modelləri əhali məskunlaşması, istehsalın ixtisaslaşdırılması, yerli tələbatın ödənməsi və ixracat səviyyəsinə çatması, nəqliyyatın daxili və beynəlxalq şaxələndirilməsi kompleks prioritetlər kimi növbəti mərhələdə Azərbaycan Respublikasının  digər regionlarına transformasiya olunacaq.

Həmçinin qeyd olunub ki, regionlarda görülən işlərlə yanaşı, yeni iş yerlərinin açılması, əhaliyə sosial-mədəni və məişət xidmətinin göstərilməsi, demoqrafik potensialın yerlərdə saxlanılması sahəsində problemlər hələ də qalır. Yerlərdə yeni iş yerlərinin açılması, əhaliyə sosial-mədəni və məişət xidməti göstərilməsi, demoqrafik potensialın saxlanılması sahəsində problemlər hələ də qalır. Regionlarda infrastruktur şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması birinci dərəcəli vəzifə kimi qarşıda durur. 

Mövzu ətrafında aparılan müzakirə və fikir mübadiləsindən sonra konfrans öz işini sona çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: