Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

10.05.2022 14:52
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü

Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü

Bu gün Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür!

Allah Ulu Öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin!

Onun ideyaları elə işıqlı, parlaqdır ki, dövlətimizi və xalqımızı hələ çox on illər qaranlıqlardan çıxaracaq!

Ulu öndər müdrik siyasəti elə bir zirvədir ki, hər bir Azərbaycan vətəndaşı ona doğru yüksəlməklə vətəndaşlığın zirvəsini fəth edəcəkdir!

Ona görə də Heydər Əliyev yaşayır!

Politologiyada elmi cəhətdən öyrənilib, “məktəb” tipində qiymətləndirilən, tətbiq olunan məsələlər arasında bütün sahələrə şamil edilən müdrik yaradıcı şüur, fitri bacarıq, səriştə kimi mühüm amillər xüsusi olaraq diqqəti cəlb edir. Çünki, müdriklik elə bir mənəvi dəyər, əxlaqı keyfiyyətdir ki, o istər fərdi məzmunda, istərsə də ictimai-siyasi mahiyyətində tərəqqi və tənəzzülü müəyyən edir.

Qədim yunan filosofu Sokratın müdrik hakim haqqında fikirlərini yada salmaq istərdik. Dahi Sokrat demişdir: “...bəzi adamlar heç bir istedada malik olmadığları halda dövləti idarə etmək sahəsində məharət sahibi olduqlarından danışırlar. Heç kəs dənizdə belə olmadığı və gəmi sürməyi bacarmadığı üzündən gəmiçiliyə cəsarət eləmədiyi halda, qəribədir ki, hər yerindən qalxan bir an belə tərəddüd etmədən çox asan iş kimi dövlətə başçılıq etməyə can atır. Fleytaçılıq sənətinə böyük zəhmət hesabına yiyələnmənin zəruri olduğunu bir adam belə danmadığı halda, bir nəfər belə tapılmır ki, şəhəri idarə etmək üçün əvvəlcədən böyük hazırlıq keçməyin lazım gəldiyni etiraf etsin”.

Digər yunan filosofu Platon da hökmdarın - rəhbərin əsas cəhəti kimi kütlədən fərqləndiyi, xüsusi istedada və bacarığa, təcrübəyə, idarəetmə qabilliyətinə malik olduğu qənaətini irəli sürmüş və öz düşüncələrini “əsl usta - ədalətli qanunvericidir. Filosof-hakimdir! - mahiyyətində, deməli ədalətlilik və filosofluq mənalarının daşıdığı məzmundan çıxış edərək birbaşa müdriklik kimi əsaslandırmışdır.

Hətta Platon böyük Homer sənətini qanun yaratmaq, dövlət qurmaq, sülh, həmrəylik məharəti ilə müdriklik sınağına çəkir və müdrik Lider fenomenini tamamlayan əhəmiyyətli fikirlərini irəli sürür: “Homer əgər sən belə müdriksən, de görək nə vaxtsa bir gözəl qanun kodeksi yazmısanmı? Hər hansı bir dövlət quruculuğu işlərini əsasını qoymusanmı? Elə bir müharibə olubmu ki, sənin köməyinlə qələbə ilə bitsin?”.

Problemə bu tarixi tipoloji qiymətləndirmələr kontekstindən və eləcə də müasir politoloji aspektlərdən yanaşdıqda xalqımızın görkəmli şəxsiyyəti Ulu öndər Heydər Əliyevin yeritdiyi idarəçilik siyasət müdriklik keyfiyyətləri ilə diqqəti cəlb edir. Həm də xüsusilə vurğulamalıyıq ki, Heydər Əliyev müdrik siyasətçi Lider zirvəsinə heç də təsadüfi, “anidən” deyil, pillə-pillə, ömür sınaqları və iş təcrübələrindən inamla çıxmaqla, yüksək peşəkarlığa yiyələnməklə ucalmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü Milli Dövlət ideyasını şərtləndirən ən əsas qayə əlbəttə ki, onun milli Lider missiyası idi və o bu missiyasını nəinki ölkəmizin müstəqillik əldə etdiyi mərhələdəki siyasi fəaliyyətində, hətta sərt totalitar sovet imperiyasında ən yüksək siyasi kürsülərdə təmsil olunduğu dövrdə nəhəng bir dövləti idarəetmə siyasətində xüsusi diqqətdə saxlamış, öz məqsəd və amalı olaraq dərk edib bütün qüvvəsilə həyata keçirmişdir. Bu ağır və ikiqat məsuliyyətli işin öhdəsindən o, məhz milli lider şəxsiyyətindən irəli gələn güclü iradə, mətinlik, qəhrəmanlıq keyfiyyətlərinin cəmləndiyi müdrik siyasət vasitəsilə gəlmişdir.

Bu baxımdan xalqımızın görkəmli tarixi şəxsiyyəti Ulu öndər Heydər Əliyevin ilk Müstəqil Azərbaycan Konstitusiyasının yaradıcısı, müəllifi olması hadisəsi istisna təşkil etmir. Heydər Əliyev bu tarixi hadisəyə qədər hələ 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına digər sovet respublikalarında tətbiq edilməmiş 73-cü maddənin daxil edilməsinə şəxsi təşəbbüsü və ən əsas milli ruhunun diktəsi, xarakterinin cəsarət və fədakarlıq cəhətləri ilə nail olmuşdur ki, bunun da kökündə qeyd-şərtsiz olararaq onun Azərbaycanın müstəqil milli dövlət quruculuğuna bağlı müdrik siyasi marağı, eyni zamanda ana dilimizə milli vətəndaş münasibəti dayanırdı.

Respublikanın Əsas Qanunlar Kodeksinin 158 maddəsinin 48-nin sırf insan hüquq və azadlıqlarının təminatına həsr olunması da Ulu öndər Heydər Əliyevin sədri olduğu Konstitutsiya Komissiyasının tarixyüklü fəaliyyətini və bu ağır işin məsuliyyətini aydın surətdə göstərir.

Heydər Əliyevin dünya dövlətlərinin və vətəndaşların qanunlar kodeksi - Konstitusiya haqqında düşüncələri də onun müdrik siyasətçi təbiətini ifadə edir. Məsələn, çox xarakterikdir ki, Ulu öndər bu ali sənədi məhz xalq-dövlət qarşılıqlı münasibətləri mahiyyətində, vətəndaş əxlaq fəlsəfəsi kontekstindən dəyərləndirmişdir: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”.

Ulu öndər Heydər Əliyev 30 sentyabr 2002-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq ana dilimizin Dövlət Dili kimi daxil olunması haqqında milli mənafeyə xidmət edən dolğun Qanun toplusu imzalamaqla bir daha xalqı qarşısında müdrik milli Lider missiyasını təsdiqləmiş oldu.

Heydər Əliyev 1993-cü il 3 oktyabr tarixində ümümxalq səsverməsi yolu ilə prezident seçildikdə ilk etapda yeni qurulan müstəqil dövlətin iqtisadi inkişafı üçün mühim əhəmiyyət kəsb edən Neft strategiyasının həllinə diqqəti yönəltdi və bu istiqamətdə 1994-cü il, sentyabrın 20-də Əsrin müqaviləsi tarixi rəsmi sənədini imzaladı. Dünyanın 7 dövlətinin 11 neft şirkəti ilə Azərbaycan arasında imzalanan Neft müqaviləsi dünya neft şirkətlərinin 60 milyard ABŞ dollarını əhatə etməklə Azərbaycanı həm iqtisadi cəhətdən gücləndirmək, həm də siyasi baxımdan tanıtmaq məqsədini daşıyırdı.

Bu tarixi əhəmiyyət kəsb edən mühüm siyasi proqramda 1999-cu ilin noyabrında İstambulda ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Türkmənistan, Qazaxstan rəhbərlərinin Bakı-Ceyhan neft kəmərinin yaradılmasına dəstək imzalarını atması gerçəkliyi də xüsusi önəm daşıyır.

Məlumdur ki, yeraltı milli sərvətlərimizin müstəqil dövlətimizin inkişafına yönəldilməsi məqsədinə xidmət edən Neft siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci illərdən sistemləşmişdi. Belə ki, Ulu öndər hələ sovet idarəçiliyi zamanında böyük uzaqgörənliklə öz ölkəsinin, xalqının taleyini düşünərək Dənizdə Dərin Özüllər Zavodunun məhz Azərbaycanda yaradılmasına nail olmuşdu. Halbuki, Rusiya bu zavodu Həştərxan vilayətində qurmaq niyyətində idi.

Ulu öndər Heydər Əliyevin Sovet İmperiyasının rəhbərlərinin xalqımıza qarşı ədalətsiz və qəddar münasibətinə etiraz olaraq yüksək vəzifəsindən istifa verib Rusiyadan ayrılaraq vətənə döndükdən sonra doğulub böyüdüyü Naxçıvan Muxtar Respublikasına gedib həmvətənlilərinin əhatəsində yaşadığı 3 il kimi qısa zamanda həyata keçirdiyi tarixi əhəmiyyət kəsb edən dövlət quruculğu işlərini milli liderin müdrik siyasətinin əyani abidəsi hesab etmək olar. Beləki, Türkiyə-Azərbaycan arasında real bünövrə - körpü salınmasının düşünülməsi və gerçəkləşdirilməsi Heydər Əliyevin müdrik milli lider fenomenini qabarıq şəkildə ifadə edir.

Həmçinin iki Türk dövləti- Türkiyə Cümhuriyyəti və Azərbaycanı və bu ulu diyarın onun bir parçası qədim Naxçıvanı birləşdirən körpünün Araz çayı kimi tarixi qan yaddaşımız üzərində salınması və körpünün “Ümid” adlanması heç də təsadüfi olmayıb böyük müdrik mənalar daşıyırdı.

Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində yaranan bu əlaqələr və “Ümid” körpüsünün müvəqqəti olaraq 29 oktyabrda, tam olaraq 28 mayda rəsmi olaraq açılması da fikrimizcə təsadüfi olmayıb iki Türk dövlətinin Respublika gününü ifadə edir və yenə xalqımızın Ulu öndərinin türkçiliyə və deməli milli ideyaya müdrik yanaşmasını birmənalı surətdə təsdiq edir.

Bununla bərabər, görkəmli siyasətçi Heydər Əliyevin Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində krediti nəzərdə tutan müqaviləni həyata keçirməklə düşmənlə həmsərhəd ərazidə blokada şəraitində, digər tərəfdən relyef baxımından sərt iqlimə malik regionda mühüm təlabat ehtiyaclarından məhrum olmuş - işıqsız, qazsız, hətta çörəksiz qalmış xalqın həyatını xilas etməyə nail olması müdrik siyasətin inqilabi təntənəsi idi. Hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolunun imzalanması faktı da zamanına və bütün zamanlara münasibətdə yenə müdrik milli Lider qəhrəmanlığı idi.

Ulu öndər Heydər Əliyevin müdrik siyasətini Vətəndaş Cəmiyyəti kontekstindən də ciddi təhlil edib qiymtləndirmək zəruri olan məsələlərdəndir.

Azərbaycan dövlətinin tarixi şəxsiyyəti, Müstəqil Respublikamızın böyük qurucusu Ulu öndər Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, “Fikir müxtəlifliyi təbii hadisədir”, “Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz” (Heydər Əliyev müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/)-kimi dillər əzbəri olan fikirləri, o cümlədən “Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir” (Heydər Əliyev müdrik fikirlər. http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/)-düşüncəsi, əslində siyasi mövqeyi ölkəmizdə vətəndaş cəmiyyətinə onun milli lider münasibətini dolğun əks etdirir.

Əlbəttə vətəndaş cəmiyyəti hadisəsini əsas insan azadlıqları və müstəqillik ideyaları təşkil etdiyi üçün güc söz azadlığı, bu istiqamətdə də mətbuat üzərinə düşür və Heydər Əliyev yeni qurulan Müstəqil Respublikanın idarəçilik siyasətində milli mətbuatın müstəqilliyini, jurnalistlərin sərbəst fəaliyyətini dəstəkləyir və bu sahənin demokratik prinsiplər əsasında inkişafına əzmlə çalışırdı. Təsadüfi deyil ki. müstəqil dövlət kimi ilk addımını atan Azərbaycan Respublikası ilk Konstitutsiyasına 50-ci maddə kimi KİV-nin inkişafına bağlı tarixi və həmişə əhəmyyətli olan bir qanunu daxil edilmişdir.

Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi faktı bir daha təsdiq edir ki, Ulu öndər həqiqətən ölkədə vətəndaş cəmiyyətinin əsas mexanizmi olan, təcrübədə dövlətlə müxalif mövqedə dayanan 18-ci əsrdən indiyə kimi formal da olsa “4-cü hakimiyyət” adını daşıyan və kütləvi olaraq bu mahiyyətdə də qəbul edilən KİV-in fəaliyyətini öz dövlət idarəçilik prinsipləri ilə möhkəmlətmiş, ona meydan vermiş, nüfuz qazandırmışdır.

Bundan başqa, vətəndaş cəmiyyətinin daim müdafiəsinə qalxdığı vicdan azadlığı məsələsi, onun əsas meyarlarından olan Din siyasəti həm Heydər Əliyevin imzalamış olduğu 1995-ci il Azərbaycan Respublikasının Konstitutsiyasında, həm də Ulu öndərin bütün siyasi fəaliyyət platformasında ən mərkəzi yerdə dayanmış, ölkə vətəndaşlarının vicdan azadlığının təminatçısı olmuşdur.

Tarixi faktlardan çıxış edərək deyə bilərik ki, Heydər Əliyevin 40 il qədər geniş bir dövrü əhatə edən müdrik siyasi fəaliyyəti konstitusiya, vətəndaş cəmiyyəti və onlarla digər sosial-mədəni və habelə iqtisadi sahədə olduğu kimi praktiki mahiyyətdə də Azərbaycanın milli dövlət quruculuğu salnaməsidir. Azərbaycan xalqına məxsus bütün geosiyasi yeraltı və yerüstü milli sərvətlər, milli iqtisadiyatımız, milli mədəniyyyətimiz, milli elmimiz, milli təhsiliz, milli ədəbiyyatımız, milli teatrımız, milli musiqimiz, milli muzeylərimiz, milli məscidlərimiz, milli kitabxanarımız, milli idmanımız, o sırada milli səhiyyəmiz və neçə-neçə sahəsi Heydər Əliyevin müdrik siyasəti, böyük zəhməti, peşəkar idarəçilik imkanları ilə sistemli şəkildə dəyərləndirilib, inkişaf etdirilərək milli dövlət ideyasına tam cavab verən səviyyəyə yüksəlmişdir.

Burada Rusiyanın “Nezavisimaya” qazetinin müxbiri Viktoriya Panfilovanın “Heydər Əliyev uğurlarının formulası” adlı məqaləsindəki fikirlərini də nəzərdən keçirmək yerinə düşər.

“Heydər Əliyev bir çoxları üçün SSRİ-nin ən yüksək hakimiyyət strukturlarında azərbaycanlıların “self made” - uğur simvolu oldu. Sovet İttifaqı Nazirlər Sovetində xidmət vəzifəsinə gəldikdə, Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Şurası, səhiyyə və təhsil, mühəndislik, ticarət, yüngül sənaye, nəqliyyat və kommunikasiyaların bütün növlərinə rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə ilk kompleks diaqnostika mərkəzləri yaradılmışdır. Onun dəstəyi sayəsində, Sovet cərrahları ilk əməliyyatları açıq ürəkdə aparmağa icazə verildi. Əliyev, Göz Mikrocərrahi Mərkəzinin açılışına kömək etdi. Svyatoslav Fyodorov və onun Volqa boyunca seyr edən çay qayığında bir mobil laboratoriya yaradılması üçün lobbiçilik etdi” (Панфилова Виктория.Формула успеха Гейдара Алиева http://vestikavkaza.ru/articles/Formula-uspekha-Geydara-Alieva-1.html).

Bu iqtibasdakı dolğun faktlar göründüyü kimi Azərbaycan xalqının yetirdiyi tarixi şəxsiyyətin ömür yolunu və müdrik siyasətə əsaslanan dövlət quruculuğu fəaliyyətini aydın şəkildə işıqlandırır.

“Heydər Əliyev SSRİ-nin prezidenti olsaydı” adlı digər bir rus medya yazısında önə çəkilən faktlar da Heydər Əliyevin həm milli dövlət quruculuğu fəaliyyəti, həm də onun müdrik Milli Lider, Ulu Öndər təbiəti, yüksək peşəkarlığı haqqında dolğun məlumat verir: “Heydər Əliyev Moskvada SSRİ hakimiyyətində gərgin və məsuliyyətli dövlət xadimi vəzifəsində çalışmasına, bir çox sahələrdə məşğul olmasına baxmayaraq respublikanın inkişaf nəbzini tuturdu. Bu mərhələni “Əliyev Azərbaycan üçün”, “Əliyev Rusiya üçün” adlandırmaq olar. O, Rusiya və Azərbaycan ziyalılarının, Sovet İttifaının yüksək hakimiyyət strukturlarında azərbaycanlıların müqəddəratının “self-made” - uğur qarantına çevrildi. Təsadüfi deyil ki, sovet dövründə də, postsovet mərhələsində də Heydər Əliyevi Azərbaycan Atatürkü adlandırmışlar. Digər tərəfdən, Moskvada super gücün liderlərindən biri olaraq məhz o, daha genişmiqyaslı tarixi irs qoymuşdur” (Если бы Гейдар Алиев стал президентом СССР https://ok.ru/bizimkiller/topic/75636143366144).

Yeri gəlmişkən, xüsusi olaraq vurğulamaq istərdik ki, Ulu öndər Heydər Əliyev sahibi olduğu, əsl peşəsi siyasəti həm müdrikliyin mənbəyi olan bir elm hesab etmiş, həm də fitri yaradıcılığın təzahürü-sənətkarlıq kimi dəyərləndirmişdir. Hətta O, bununla deyə bilərik ki, politologiya yeni bir nəzəri müddəa əlavə etmişdir. Bu müddəada peşəkar siyasətçi Lider fenomeni ilə müdrik siyasətçi həmçinin də qeyri-adi – xarizmalı xarakter keyfiyyətləri birləşmişdir.

Eyni zamanda Heydər Əliyev şəxsiyyətindən irəli gələn sadəlik və səmimiyyətlə əlində müəllim taxtası dünya siyasətçilərinə başçısı olduğu ölkənin qarşılaşmış olduğu problemlərdən bəhs edir, Azərbaycan torpaqlarının işğaldan azad olması üçün gecəsini-gündüzə qatıb, beynəlxalq tədbirlərdə xalqının, millətinin səsini məhz səmimiyyət və ləyaqətlə çatdırırdı ki, bu da öz növbəsində onun müdrik siyasətçi fenomenini bir daha təsdiq edir.

Bu tədbirlər sırasında 1994-1996-cı illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində atılan addımlar və ATƏT üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşü (2-3 dekabr 1996-cı il) xüsusilə seçilir.

Heydər Əliyevin peşəkar milli lider kimi əsl cizgiləri onun 1997-ci il sentyabrın 3-də UNESCO-nun “İnsanların Sülh Hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi” təklifini müsbət qarşıladığı barədə qurumun baş direktoru F.Mayora ünvanladığı məktub da yaxşı ifadə edir.

Məlumdur ki, BMT 1993-cü ildə də ölüm hökmünə veta qoydu və bu onillik ərzində dünyanın 40-a yaxın dövləti öz qanun məcəlləsinə ölüm hökmünün ləğvi maddəsini daxil etdi.

Bu dövlətlər arasında Azərbaycan da vardı və Ulu öndər Heydər Əliyevin İnsan həyatının yeganə qayəsi həyat-ömür hadisəsinə ali humanist müdrik lider mövqeyindən dəyər verərək 1998-ci ildə və həm də Şərqdə ilk dövlət rəhbəri olaraq “Ölüm hökmünün ləğv edilməsi haqqında” Qərar imzaladı.

Millilik hissi, milli mənəvi dəyərlərə diqqət və qayğısı Heydər Əliyev xarakterinin və siyas idarəçilik məktəbinin ən mühüm təlimlərindən biri olaraq təcrübədə təsdiqlənmiş və tarixə iz salmışdır. Heydər Əliyev milliliyə-identikliyin bütün sahələrinə bağlılığını milli etnosdan, milli dildən, milli adət-ənənələrdən, milli rənarəng sənətkarlıq sahəsindən, milili bayramlar, milli rəmzlər, milli dövlət atributlarına diqqətindən tutmuş daxili və xarici siyasətdə, iqtisadiyyat, din, dil, təhsil və s. çox müxtəlif istiqamətlərdə dinamik inkişafla təsdiq etmişdir.

Heydər Əliyev müdrik siyasi idarəçilik sistemində ən əsas proqram isə sözsüzdür ki, millilik, tarixilik, xalq, onun keçmişi, gələcəyi, yeraltı və yerüstü sərvətləri qarışıq bütün milli varlığı cəmlənən Azərbaycançılıq ideyası idi.

Bu bir reallıq və həqiqətdir ki, Ulu öndər Heydər Əliyevin 40 il ərzində bütün qüvvəsi ilə, öz mənafeini, hətta öz təhlükəsizliyini gözləmədən belə güclü eridutsiya ilə yaratdığı Azərbaycançılıq milli ideyası Dövləti Millətdə, Milləti Dövlətdə və bu iki nəhəng gücü Milli Lider amilində birləşdirən müdrik siyasətin zirvə nöqtəsidir.

“Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” mövzusunda olan məqaləmizdə Ulu öndər Heydər Əliyevin XIV əsrdə yaşamış, Azərbaycanda Səfəvilər dövlətini yaratmış, bu müstəqil dövləti siyasi və mədəni sahələr üzrə sistemli surətdə inkişaf etdirmiş, xarici və daxili düşmənlərdən qorumuş və bütün dünyaya tanıtmış Şah İsmayıl Xatai “məktəbinə”, tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət sırasında xüsusi dəyərə malik, türk dünyasının əvəzsiz Lideri Mustafa Kamal Atatürk siyasət təliminə, Hindistanın Azadlıq hərəkatının banisi, hindilərin “ulu ruh” - mahatma, “xalqın atası - Bapu” adlandırdıqları Mohandas Karamçan Qandi siyasət fəlsəfəsinə əsaslanması məsələsini qeyd etməyi labüd hesab edirik.

Heydər Əliyevin əziz xalqına, həmvətənlərinə nəsihət-vəsiyyət etdiyi bütün Azərbaycan xalqına son müraciəti də onun millət-dövlət, xalq və hakimiyyət vəhdətindən qaynaqlanan Ulu öndər missiyasını, müdrik siyasi lider fenomenini dolğunluqla tamamlayır .

Hər cümləsindən müdrik milli lider missiyası ucalan “Azərbaycan xalqına müraciət” sənədi Azərbaycanın müstəqil dövlət quruculuğunun əsl səlnaməsi olması ilə də əhəmiyyət kəsb edir.

Çox xarakterik haldır ki, xalqımızın görkəmli şəxsiyyəti, XX əsrin ən qüdrətli siyasətçisi kimi dünya siyasət tarixinə dərin iz salmış Heydər Əliyevin bu müraciətində yekun hissə də, son nəticə, “nöqtə” mənasında sonluq mahiyyətində deyil, davam, gələcəyə böyük inam ruhundadır. Buradaca dünya siyasətşünaslığının xarizmalı lider tipinin mühüm prinsiplərindən birini yada salmaq istərdik. Belə ki, elmi nəzəriyyəyə görə “xarizmalı liderlər davamçılarını öyrədirlər, yetişdirirlər, müdafiə edirlər və eyni zamanda öz zəfərlərini paylaşırlar”.

Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin xalqa müraciətindəki, nəticə hissəsi onun davamçısını təqdim etmək və nikbin şəkildə estafetin ötürülməsi, deməli öz müdrik milli lider yolunun davamı, başqa bir tərəfdən tamamlanmalı böyük məqsədlərə doğru əsl yenilənmə-başlanğıc mahiyyətində sırf siyasi-nəzəri mövqedən bir qərar idi. “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. .... Ümidvaram ki, tezliklə səhhətimi bərpa edərək Vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərhaycan Partiyası bundan sonra da xalqımızım ən layiqli övladlarını Öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızım firavanlığı yolunda çox işlər görəcəklər. ...Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Nəhayət inamının təsdiqi. Bəli! Müdrikliyin bir əlaməti də uzaqgörənlikdir. Gələcəyə inam hissidir. Budur! Bu müdrik, uzaqgörən düşüncədən ucalan inam artıq 15 illik, heç də qısa olmayan bir müddətdə ölkənin bütün sahələrdə ən yüksək nəticələrdə əks olunan dinamik inkişafında öz təsdiqini tapmaqdadır və Ulu öndərin sonsuz fədakarlıqlar bahasına qurduğu gənc müstəqil Azərbaycan Respublikası onun inandığı, etibar etdiyi həqiqi və siyasi varisi cənab İlham Əliyevin böyük intellektual siyasi idarəçilik gücü, xalqla həmrəylik, dünya ictimai-siyasi düşüncəsinin modern cəmiyyət standartlarına uyğun şəkildə yeritdiyi ənənəvi milli, rasional-hüquqi modern idarəçilik siyasəti ilə XXI əsrin yeni onilliklərinə doğru addımlamaqdadır.

Beləliklə, Ulu öndər Heydər Əliyevin Azərbaycan, onun tarixi, dövlətçiliyimiz, milli ideyamız, milli şüurumuz, bütövlükdə milli varlığımızla bağlı zəngin səlnamə olan siyasi irsi əsasında onun mütəfəkkir, müdrik siyasətçi fəaliyyətini təhlillərimizi “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” məqaləsində əhatələməyə çalışdıq. Lakin etiraf etməliyik ki, bu əhəmiyyətli tədqiqat mövzusu elə geniş və dolğundur ki, onu bir məqalə, hətta bir monoqrafiya həcmində əhatələmək çox çətindir. Son dərəcədə aktuallıq kəsb edən bu elmi mövzu haqqında yalnız qısa və konkret bu elmi qənaəti bölüşmək istərdik ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin müdrik siyasətinin gücü Müstəqil Azərbaycan Respublikasının və onun çoxmilyonlu vətəndaşlarının arxada qalan bir qərinəlik tarixdə və həmçinin bu günü və sabahının əsaslı qarantı olmasında təsdiqlənir.

Bu məqalənin yazarı - mən, Quliyeva Xatirə Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi irsini 20 ildir tədqiq edirəm. Bu illər ərzində “Heydər Əliyev və mənəvi-estetik dəyərlər” (Bakı, Azərnəşr. 2002.) və “Heydər Əliyev siyasəti: Milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” (Bakı, Elm. 2019) mövzularında 2 monoqrafiyam, “Ulu öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” (Bakı, Kitab çapı. 2021) adda məqalələr toplusu kitabım və ölkəmizdə, eləcə də xaricdə onlarla məqaləm çap olunmuşdur.

Ancaq hesab edirəm ki, tarixi şəxsiyyət Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi irsi elə bir zəngin kitabxanadır ki, öyrənildikcə yeni-yeni səhifələri ilə öz tədqiqatçılarını düşündürür və yeni-yeni əsərlərin yaranmasını şərtləndirir.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: