Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.05.2022 17:04
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun təşkilatçılığı ilə onkoloji və neyrodegenerativ xəstəliklərə həsr olunan ümumrespublika elmi seminarı keçirilib

Biofizika İnstitutunun təşkilatçılığı ilə onkoloji və neyrodegenerativ xəstəliklərə həsr olunan ümumrespublika elmi seminarı keçirilib

AMEA-nın Biofizika İnstitutunun təşkilatçılığı ilə onkoloji və neyrodegenerativ xəstəliklərə həsr olunan “Dark Side of Human Proteome: Cancer, Neurodegenerative Diseases and Beyond” mövzusunda ikigünlük ümumrespublika elmi seminarı keçirilib.

Tədbirin ilk günündə Fransanın Monpelye Universitetinin Struktur Bioinformatikası və Molekulyar Modelləşdirmə laboratoriyasının rəhbəri, b.e.d. Andrey Kayava və AMEA ilə Monpelye Universitetinin 2019-2022-ci tədris illəri üzrə birgə təşkil etdiyi ikili doktorantura proqramının qalibi, təhsilini hazırda Monpelye Universitetində davam etdirən, sözügedən institutun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı ilə Biofizika İnstitutunda görüş keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və icraçı direktoru, b.ü.e.d. Kərim Qasımov qonaqlara müəssisədə aparılan elmi tədqiqat işləri, həyata keçirilən müştərək layihələr, əldə olunan nailiyyətlər barədə məlumat verib, burada fəaliyyət göstərən laboratoriyalarla qonaqları tanış ediblər. Görüş zamanı qonaqlar laboratoriyaların elmi tədqiqat işləri ilə yaxından tanış olublar, burada prioritet istiqamətlərdə müasir avadanlıqlarla aparılan elmi tədqiqat işləri barədə məlumatlandırılıblar, alimlərin səmərəli fəaliyyətinin təmin edilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Daha sonra “Feasibility to use of silk fibroin as a model for beta-amyloid formation in physiological conditions” və “Studies of ERB-B receptors: beyond the drug discovery” mövzusunda dəyirmi masa arxasında ətraflı müzakirələr keçirilib.

Fizika İnstitutunun akt zalında davam edən elmi seminarın ikinci günündə giriş sözü ilə çıxış edən Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbir iştirakçılarını salamlayıb və onlara seminarın mövzusu haqqında məlumat verib. AMEA-nın gənc alim və mütəxəssislərinin də iştirak etdiyi seminarda ilk olaraq Fransanın Monpelye Universitetinin Struktur Bioinformatikası və Molekulyar Modelləşdirmə laboratoriyasının rəhbəri, b.e.d. Andrey Kayavanın “How to understand and use the rapidly growing volume of biological information? Protein structures as a solution” mövzusunda məruzəsi dinlənilib. Dr. Kayava təqdimatında “qaranlıq” proteom adlandırılan zülalların quruluşunun müəyyən edilməsi üçün bioinformatika vasitələrinin işlənib hazırlanması da daxil olmaqla, bu sahədə mövcud problemlərin tədqiqindən bəhs edib.

Sonra Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi, Zərifə Osmanlı “Proteome-wide bioinformatics analysis of protein amyloidogenicity” mövzusunda məruzə ilə çıxış edib. Gənc tədqiqatçı qeyd edib ki, doktorantura tədqiqat layihəsinin əsas istiqaməti “Qaranlıq proteom”ların bir hissəsi olan alternativ proteomların geniş miqyasda quruluş-funksional annotasiyası və onların kanonik proteomlarla müqayisəli analizidir. Məruzəçinin sözlərinə görə, müxtəlif tədqiqat qrupları tərəfindən aparılan araşdırmalar göstərir ki, amiloid fibrillərin yaranması Alzheimer, Parkinson və Huntington xəstəliyi də daxil olmaqla bir sıra neyrodegenerativ xəstəliklərin əmələ gəlməsində əsas rol oynayır. “Biz amiloid fibrilləri üçün struktur modellərini hazırlamaqla bu sahəyə öz töhfəmizi veririk. Bizim son hədəfimiz amin turşusu ardıcıllığının amiloidogen xüsusiyyətlərinin struktur əsaslı təyin edilməsi və fibrilogenez ingibitorlarının rasional dizaynıdır”, - deyə Z.Osmanlı qeyd edib. Gənc alim çıxışının sonunda mövzu ilə bağlı sualları cavablandırıb.

Daha sonra Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov “Putative unknown proteins encoded within human mRNAs” mövzusunda məruzəsini seminar iştirakçılarının diqqətinə çatdırıb. Alim çıxışında yeni alternativ zülallar və mövzu üzrə aparılan tədqiqat işlərinin nəticələri barədə ətraflı məlumat verib. 

Sonda elmi seminara yekun vuran professor Oktay Qasımov məruzəçilərə və tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: